Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XIII Azərbaycan Beynəlxalq Təhsil – “EduExpo” sərgisinə maraq böyük idi

XIII Azərbaycan Beynəlxalq Təhsil  – “EduExpo” sərgisinə maraq böyük idi

Oktyabrın 10-dan başlanan XIII Azərbaycan Beynəlxalq Təhsil – “EduExpo” sərgisi başa çatır.

Bakı Ekspo Mərkəzində keçirilən tədbirə müxtəlif orta və ali  təhsil müəssisələrindən  gələn şagird və tələbə-gənclərin çoxluq  təşkil etməsi sərgiyə marağın  yüksək olduğundan xəbər verir.  Sərgidə ölkəmizin ali təhsil müəssisələri ilə yanaşı,  Almaniya, Avstriya, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Çexiya, İsveç, Özbəkistan, Polşa, Qazaxıstan, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Rumıniya, Rusiya Federasiyası, Sinqapur, Türkiyə, Ukrayna kimi ölkələrin universitetləri barədə məlumatlar təqdim edilir.

Sərgiyə gələnlər arasında Bakı şəhəri general M.Əsədov adına 29 saylı orta məktəbin müəllim və şagird heyəti fəallığı və mütəşəkilliyi ilə seçilirdi. Məktəbin  direktoru  Reyhan  Ələkbərova təhsil sərgisi ilə bağlı öz  təəssüratlarını bizimlə bölüşdü. Dedi ki, təhsil sərgisinin ənənəvi olaraq  keçirilməsi  müsbət  haldır. Ötən illərdə olduğu kimi, bu  il də sərgiyə qatılmaq üçün yerli və xarici universitetlərin  nümayəndələri ölkəmizə gəlmişlər: “Sərgidə ölkədə və regionda təhsil sahəsində aparıcı yerli və xarici ali təhsil müəssisələrinin, təhsil mərkəzlərinin, dil kurslarının, eləcə də xaricdə təhsil üzrə konsaltinq şirkətlərinin stendləri ilə tanış olduq. Aldığımız bilgilər məktəbimizin müəllim  və  şagird  heyətində də  müsbət təəssürat yaratdı.  Şagirdlərimiz arzuladıqları  universitetlər  barədə ətraflı məlumat əldə etdilər. Sevinirəm ki, bu cür sərgilər şagirdıərimizə imkan verir ki, tələbə olmaq arzusunu reallaşdırmaq  üçün hərtərəfli tanış olaraq düzgün seçim etsinlər. Ümid edirəm ki, bu sərgi yuxarı sinif  və bu ul məzun adını alacaq şagirdlərimiz  üçün  xüsusilə faydalı olacaq”.

Daha sonra məktəbin məktəbin riyaziyyat müəllimi, “Qızıl qələm” mükafatçısı və “İlin müəllimi” medalına layiq görülmüş Yeganə Baxşəliyeva şagirdlərinin təhsil sərgisinə olan marağından  razı qaldığını  bildirdi.  Qeyd etdi ki, bu sərgi həm yerli, həm də xarici ali təhsil müəssisələrinə əsas hədəf auditoriyası – şagirdlər və onların valideynləri ilə görüşlərin keçirilməsi, eləcə də işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün imkan yaradan unikal platformadır. Odur ki, şagirdlərimiz və müəllimlərimiz də bu cür tədbirlərdən yüksək səviyyədə yararlanmalıdır. İnanıram ki, şagirdlərimiz arzuladıqları universitetlərin tələbələri olmaq üçün  çox çalışacaq, müəllim və valideynlərini  sevindirəcəklər.

Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

 

Səadət Rzayeva,
“Xalq qəzeti”

12 Oktyabr 2019 12:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə