Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlığı müzakirə edilib

Bakıda əfqan məhsulları ticarət sərgisi açılıb

Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlığı müzakirə edilib

Oktyabrın 11-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın sənaye və ticarət naziri Acmal Əhmədi ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini diqqətə çatdıran Ş.Mustafayev dövlət başçılarının siyasi iradəsi, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını və ikitərəfli əlaqələrin inkişafında əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb.

Azərbaycan-Əfqanıstan ticarət əlaqələri barədə danışan nazir bildirib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37 faiz, bu ilin 8 ayında isə 23 faizədək artıb və ticarətin genişləndirilməsi və strukturunun şaxələndirilməsi üçün imkanlar genişdir. Təşkil edilən tədbirlər, işgüzar görüşlər, sərgilər iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Bakı Biznes Mərkəzində açılan Əfqanıstan məhsullarının sərgisi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması baxımından önəmlidir.
Ş.Mustafayev qeyd edib ki, bu ilin iyulunda Bakıda ilk iclası keçirilən Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupu ikitərəfli əlaqələrin inkişafında səmərəli mexanizmdir.
İki ölkə arasında tranzit əməkdaşlığından danışan iqtisadiyyat naziri ikitərəfli tranzit yük daşımalarının həcminin artırılması istiqamətində görülmüş işlərin, bu sahədə Lapis-Lazuli marşrutunun əhəmiyyətini vurğulayıb.
Əfqanıstanın sənaye və ticarət naziri A.Əhmədi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişlənməsində iş adamları arasında görüşlərin əhəmiyyətini vurğulayıb. O, Bakıda Əfqanıstan məhsullarının sərgisinin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək sərginin əfqan iş adamları üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Əfqanıstan İnvestisiya Forumunun təşkili, ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya, nəqliyyat-tranzit və sair sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
Sonra Azərbaycanın iqtisadiyyat naziri Ş.Mustafayev və Əfqanıstanın sənaye və ticarət naziri A.Əhmədi Əfqanıstan məhsullarının sərgisi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə qida, tekstil, inşaat və tikinti materialları, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərən Əfqanıstan şirkətlərinin məhsulları nümayiş olunur.
Sərgi oktyabrın 14-dək davam edəcək.

 

12 Oktyabr 2019 12:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə