Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB PA-nın Daimi Komissiyasının iclasında ermənilərin təxribat xarakterli təklifi qəbul olunmayıb

MDB PA-nın Daimi Komissiyasının iclasında ermənilərin təxribat xarakterli təklifi qəbul olunmayıb

Oktyabrın 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB PA-nın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycan Respublikasının MDB PA-dakı səlahiyyətli nümayəndəsi– PA Şurası baş katibi Aydın Cəfərov təmsil ediblər.
Deputat Rüfət Quliyev yenidən MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının sədr müavini seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edərək, prinsipial mövqe nümayiş etdiriblər.
Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ – MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox gərgin keçib. Deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Aydın Cəfərovun çıxışlarından sonra ermənilərin təxribat xarakterli təkliflərinin qarşısı qətiyyətlə alınıb. 
Belə ki, Asiya müsəlman ölkələrinə MDB PA-da müşahidəçi statusu verilməsi hələ keçən iclasda müzakirə olunub və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə təklif olunub ki, əsasnamə ilə əlaqədar konkret təkliflər versinlər. 
Ancaq Ermənistan parlamentindən elə təxribat xarakterli təkliflər daxil olub ki, bu, Asiya müsəlman dövlətlərinə müşahidəçi statusunun verilməsini əngəlləyirdi. Müsəlman dövlətlərinə qərəzli erməni münasibəti bizim deputatları çox hiddətləndirib və iclasda onlar erməni tərəfinin təkliflərinə qarşı kəskin mövqedən çıxış edərək, onun qəbul olunmasına yol verməyiblər.
Sonda iclasda qərara alınıb ki, əsasnamənin layihəsi yenidən işlənmək üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə göndərilsin.
Qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunmuş layihə qüvvədə saxlanılsın.
Həmçinin nümayəndə heyətimizin üzvləri təklif ediblər ki, lazım gəldiyi təqdirdə layihə MDB PA-da hüquqi ekspertizadan keçirilsin. Beləliklə, ermənilərin daha bir antimüsəlman təxribatının qarşısı tam kəskinliyi ilə alınıb.
İclasda “1941-1945-ci illərdəki ­Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş MDB PA-nın MDB dövlətlərində keçiriləcək tədbirləri” müzakirə olunub. 
Müzakirələrdə fəal iştirak edən Rüfət Quliyev təklif edib ki, Qələbənin 75-ci illiyi ilə əlaqədar “Xatirə medalı” təsis edilsin və bu medal müharibə dövründə vuruşan və çalışan ön və arxa cəbhənin sağ olan iştirakçılarına təqdim edilsin. Təklif iclas iştirakçıları və PA-nın vəzifəli şəxsləri tərəfindən böyük razılıqla bəyənilib və MDB PA-nın rəhbərliyinə çatdırılması nəzərdə tutulub. Digər müzakirə olunan məsələlərdə də Azərbaycan parlamentinin nümayəndə heyəti fəallığı ilə seçilib. 

 

AZƏRTAC

12 Oktyabr 2019 12:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə