Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib

Azərbaycan 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib

Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarındandır. Bu, yeganə forumdur ki, dünyanın aparıcı hökumət və dövlət liderlərini bir araya yığır. Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edəcək hesabatlardır. Xüsusən də illik görüşlərində qlobal müzakirənin də aparılması ondan xəbər verir ki, Dünya İqtisadi Forumu qlobal məsələlərə təsir imkanı olan forumdur. Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib. Ölkəmiz hazırda 62,7 bal ilə reytinqdə 58-ci yerdədir. Xatırladaq ki, 141 ölkədən ibarət reytinq siyahısının beşliyinə ilk yerdə Sinqapur olmaqla ABŞ, Honkonq, Niderland və İsveçrə daxildir.

Qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur. Azərbaycan “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləyib.
Bu məqamda əvvəlcə Azərbaycanın “əmək bazarı” indeksindəki mövqeyinə və sözügedən sahədə görülən işlərə nəzər salmaq istərdik. Qeyd edək ki, son illərdə sabitlik və iqtisadi nailiyyətlər hökumətə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn siyasi məqsədləri reallaşdırmağa əlverişli imkan yaradıb. Əlbəttə, bu uğurların əldə edilməsində təkcə ideya deyil, həm də onun həyata keçirilməsi üçün zəruri olan ictimai dəstək önəmli rol oynayıb. 
Onu da vurğulayaq ki, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi siyasət, ilk növbədə, sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanıb. Bütün bu məqsədlərin gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artırılmasını və yüksək insan kapitalının inkişafını təmin edəcək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosialyönümlü dövlət proqramları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda hazırda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına səbəb olub. 
Azərbaycanın 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində əmək bazarının səmərəliliyi üzrə uğurlu yerdə qərarlaşması təsadüfi deyil. Belə ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər hər bir ölkənin miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı yanaşmalarında daxili əmək bazarının qorunması prinsipini daha da gücləndirib. Bununla yanaşı, Azərbaycan öz iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqda davam edib. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə görüləcək işlər də ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da güclənməsinə imkan verib. 
Son illərdə Azərbaycanda müasir dövrdə əmək bazarında özünü göstərən proseslər dərindən təhlil edilərək mövcud çağırışlar və onlara uyğun şəkildə atılacaq addımlar müəyyənləşdirilib. Hazırda əmək bazarına təsir edən amillərdən biri iqtisadiyyatın liberallaşdırılması nəticəsində əmək bazarında özünüməşğul əhalinin, habelə iş vaxtı rejimi baxımından daha çevik əmək münasibətlərinə imkan verən sərbəst (frilanser) işçilərin sayının artmasıdır. Təbii ki, belə işçi kontingentinin əməyinin leqallaşdırılması və bununla əlaqədar milli qanunvericiliyin zəruri dəyişikliklərlə təkmilləşdirilməsi, eləcə də özünüməşğul əhalinin maraqlarının sosial dialoq proseslərində nəzərə alınması diqqətdə saxlanılır.
Əmək bazarında yeni peşələrin və ixtisasların yaranması, istehsal proseslərində müasir texnologiyaların geniş tətbiqi peşə bilik və bacarıqlarının da müasirləşdirilməsini tələb edir. Belə şəraitdə müasir tələblərə cavab verən peşə standartları əsasında təlim proqramlarının hazırlanması və tətbiqi, bu yolla əldə edilmiş peşə bacarıqlarının tanınması sisteminin yaradılması əsas hədəflərdəndir. Həmçinin əmək bazarının kəmiyyət və keyfiyyət baxımından tələbatını öyrənmək üçün mükəmməl monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması görüləcək işlər sırasındadır. İşçilərin təhsil sisteminə marağının artırılması, onların fasiləsiz təhsilə cəlb olunması əmək bazarı üçün aktuallıq kəsb edir. Bununla əlaqədar atılacaq addımlardan biri də Avropa Kvalifikasiya Çərçivəsinə uyğun Milli Kvalifikasiya Çərçivəsinin yaradılması olacaq ki, bu da rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda biznes mühitinin inkişafından danışarkən isə diqqəti əvvəlcə bir məqama yönəltmək istərdik. Son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb. 
Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb. 
Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib. 
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.
Bütün bunlar isə iqtisadiyyatın dinamik inkişafına öz müsbət təsirini göstərib. Nəticədə isə istehsal və sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artıb. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

12 Oktyabr 2019 12:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə