Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük inkişafa aparan yolun başlanğıc tarixi – 10 oktyabr 1993-cü il

Böyük inkişafa aparan yolun başlanğıc tarixi – 10 oktyabr 1993-cü il

Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ümummilli lider Heydər Əliyev birinci dəfə Prezident kimi andiçmə mərasimindəki nitqində demişdi ki, Azərbaycanın daxili siyasəti, xarici siyasəti dünya demokratiyasının açdığı yolla demokratik prinsiplər əsasında gedəcəkdir: “Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq”. Prezident kimi fəaliyyətə başladıqdan sonra ulu öndərin həyata keçirdiyi genişspektrli islahatlar sayəsində inkişafında böyük sıçrayışa nail olmuş Azərbaycan qısa müddət ərzində dünyanın siyasi xəritəsində özünəməxsus yer tutmaqla bərabər, regionun aparıcı ölkəsi imicini qazanmağa da müvəffəq oldu. Məhz böyük siyasi xadim Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf yolunda uğurla addımlayan Azərbaycan bu gün beynəlxalq aləmdə müstəqil daxili və xarici siyasət yürüdən güclü dövlət kimi nüfuz qazanmışdır. Böyük inkişafa aparan yolun başlanğıc tarixi də 10 oktyabr 1993-cü ildən başlayır.

Hər bir xalqın tarixində əlamətdar günlər olur. Zəngin tarixə və mədəniyyətə malik Azərbaycan xalqının taleyindəki böyük əhəmiyyəti olan günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Məhz həmin gün, daha dəqiq desək,1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq ulu öndər Heydər Əliyevə böyük etimad göstərərək, özünün gələcəyini və müqəddəratını müəyyənləşdirmişdi. 
Ümummilli liderin seçkilərdə böyük üstünlüklə qələbə qazanması müdrik xalqımızın görkəmli siyasi xadimə olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi öndərə ehtiyacı var. Həmin ildə ölkəmizdə yaranan gərginlik, hakimiyyət böhranı, müstəqillik və dövlətçiliyimizin itirilmək qorxusu, Azərbaycanın xarici düşmənlər tərəfindən hədəfə alınması, bütün fəlakətlər bir-birini izləyirdi. Hakimiyyət böhranı nəticəsində Gəncədəki qarşıdurma bu gərginliyin kulminasiya nöqtəsi idi. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Xalq vəziyyətdən çıxış yolunu, özünün xilaskarını axtarırdı. O vaxt xalq ciddi təkidlə öndərini – millətini canından artıq sevən zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevi Bakıya dəvət etdi. 
Xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya qayıtdı və həmin andan böyük xilaskarlıq missiyasına başladı. 1993-cü il oktyabrın 3-də xalqın böyük etimadını qazanan ulu öndər Azərbaycanı inkişafa və sabitliyə qovuşdurdu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcı qoyuldu. Həmin dövr barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev belə demişdir: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”. 
Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin müdrik siyasəti müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin etməklə yanaşı, ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində ulu öndər Azərbaycan xalqını əmin etmişdi ki, bütün fəaliyyətini, bütün həyatını bu etibarı və xalqın ümidlərini doğrultmaq işinə həsr edəcək. Qısa zaman kəsiyində əldə olunmuş uğurlar böyük siyasi xadim Heydər Əliyevin xalqın etimadını yüksək səviyyədə doğrultduğunu bütün dünyaya sübut etdi. 
Ulu öndər ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Qanlı müharibədə atəşkəsə nail olan böyük siyasi xadim Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Ulu öndər Azərbaycanın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artdı, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırıldı. Heç kimə sirr deyil ki, o zaman ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Risk doğuran bu faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu və 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Hələ imzalanma mərasimindən öncə keçirilən brifinqdə ulu öndər Heydər Əliyev müqavilənin əhəmiyyətinə ‎toxunaraq, onu ölkəmizin suverenliyinin qorunması və milli ‎iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən ‎biri kimi qiymətləndirərək demişdi ki, təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir: “Ona görə də bu müqavilənin imzalanması haqqında qərar vermişəm". “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. 
Bu, bir aksiomadır ki, istənilən ölkənin siyasi müstəqilliyinin taleyi onun iqtisadi əsasları ilə təmin edilir. Demokratik, müasir dövlət quruculuğu yolu seçmiş Azərbaycanın dövlət suverenliyinin iqtisadi əsası da azad və müasir iqtisadiyyat ola bilərdi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın əsas hədəflərindən biri ölkənin həyat qabiliyyətinin təmin edilməsi, iqtisadi ehtiyacların ödənilməsi, o zaman müşahidə olunan iqtisadi tənəzzülü cilovlamaqdan ibarət idisə, ikincisi məhz Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsaslarından birinin yaradılması ilə əlaqədar idi. Azad bazar iqtisadiyyatı yolunun seçilməsi və bu məqsədlə tələb olunan islahatların həyata keçirilməsi, insanların iqtisadi azadlığının təmin edilməsi, zəruri hüquqi bazanın yaradılması və digər iqtisadi xarakterli addımların atılması Azərbaycanın dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edirdi. Eyni sözləri “Əsrin müqaviləsi” adını almış məşhur neft kontraktının imzalanması və bununla əlaqədar zəruri işlərin görülməsi barədə demək mümkündür. 
Ümummilli lider Heydər Əliyevin neft strategiyasının Azərbaycanın dövlət müstəqilliyinin qəti şəkildə bərqərar olması və daha da möhkəmləndirilməsi üçün iqtisadi və geosiyasi əsas rolunu uğurla oynadığını sübuta yetirməyə ehtiyac yoxdur. Bu gün Azərbaycanın neft strategiyası həm Azərbaycan vətəndaşları tərəfindən, həm də xaricdə dövlət suverenliyinin etibarlı təminatı kimi qəbul olunur. Təbii ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasaydı, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın bugünkü iqtisadi inkişafını, beynəlxalq münasibətlər sistemində yerini və rolunu təsəvvür etmək o qədər də çətin deyildi. Bakı–Tbilisi–Ceyhan və Bakı – Tbilisi – Ərzurum neft-qaz kəmərləri reallığa çevrilməsəydi, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün olmazdı.
Ulu öndər andiçmə mərasimində dövlət müstəqilliyinin möhkəmləndirilməsini, dövlət atributlarının yaradılmasını və inkişaf etdirilməsini, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tam suverenliyinin təmin olunmasını, ölkənin müharibə şəraitindən çıxarılmasını, respublika vətəndaşlarının rifahının yaxşılaşdırılması, onların yaşaması üçün lazımi şəraitin yaradılmasını Prezident fəaliyyətinin əsas istiqamətləri olacağını və bu vəzifələrin həyata keçirilməsinə çalışacağını bildirmişdi. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyi özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Nəticədə Azərbaycanda cəmiyyət həyatını irəliyə aparan, müstəqillik şəraitində qarşıda duran problemləri həll etməyə qadir olan, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən güclü bir dövlət strukturu ərsəyə gətirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev məşğulluq siyasətinə, işsizliyin aradan qaldırılmasına hər zaman böyük önəm vermişdi. 
Məhz onun rəhbərliyi dövründə respublikada əmək münasibətlərinin hüquqi bazasının yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların əmək hüquqlarının təmin olunması sahəsində bir çox uğurlar əldə olunmuşdur. 
Fərəhləndirici haldır ki, 1993–2003-cü illər ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilərək, Azərbaycan tarixinin bu şərəfli dövründə güclü sosial siyasəti formalaşdırılmaqla daim gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına nail olunmuşdur. Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və digər sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin davamlı tərəqqisi naminə əsası qoyulan milli inkişaf strategiyası, o cümlədən uğurlu sosial islahatlar proqramı 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. 
Bir sözlə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapmışdır və uğurla fəaliyyət göstərir. Ən əsası, ölkədə xalq–iqtidar birliyi hökm sürür və Azərbaycan xalqımızın böyük oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə inamla addımlayır. Ulu öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun ən qüdrətli dövlətinə çevrilmişdir.

 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

12 Oktyabr 2019 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə