Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Heydər Əliyev Mərkəzi ilə tanış olub

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Heydər Əliyev Mərkəzi ilə tanış olub

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye oktyabrın ­11-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyəti və mərkəzin memarlıq incisi olan binası haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədrinin marağına səbəb olub. Qonağın diqqətinə çatdırılıb ki, muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində ulu öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyətinə dair məlumatlar virtual şəkildə təqdim olunur.
Jan-Rene Furniye mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan ­xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə – səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri ­Jan-Rene Furniyedə xoş təəssürat yaradıb.

12 Oktyabr 2019 12:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə