Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Valyuta Fondu Azərbaycanda həyata keçirilən islahatları müsbət qiymətləndirir

Beynəlxalq Valyuta Fondu Azərbaycanda həyata keçirilən islahatları müsbət qiymətləndirir

Azərbaycan əhalisinin rifahının yüksəlməsinə xidmət edən sosial-iqtisadi siyasət 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək hazırda yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Ölkəmizdə  yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində son 16 ildə əhalinin maddi rifahının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərib. 

Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində respublikada yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Son 16 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradılması, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə müvafiq dövlət proqramlarının uğurlu icrası nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 4,9 faizə, işsizlik səviyyəsinin isə 5 faizə endirilməsi bunun bariz ifadəsidir.
Dövlət başçısı tərəfindən insanların rifahının diqqət mərkəzində saxlanılması, bu istiqamətdə mühüm addımlar atılması təsadüfi deyil. Ölkə rəhbəri bununla bağlı müsahibələrinin birində deyib: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik”. 
Hazırda hökumətin qarşısında duran əsas vəzifə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdan, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiqlədiyi iqtisadi siyasət sənədlərində bu vəzifənin reallaşması üçün yerinə yetirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilib. Bunlara ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli yararlanılması, habelə onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məsələləri aid etmək olar.
Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, eyni zamanda, yeni sənaye, aqro və texnoparklar, həmçinin sənaye məhəllələrinin yaradılmasına başlanılıb. 
Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə KİV-ə məlumatında bildirib ki, son illər dərin islahatlar kontekstində Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi beynəlxalq siyasi və iqtisadi təşkilatların hesabat və qiymətləndirmələrində müsbət mənada fərqlənir. Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi siyasət və dərin islahatlar çərçivəsində investisiya və biznes mühiti daha da yaxşılaşdırılıb, dövlət maliyyə idarə edilməsində hesabatlılıq və şəffaflıq artırılıb. İslahatların ilkin mərhələsi kimi qısa, orta və uzun müddətli strategiyalar və baxışlar formalaşdırılıb. 
Nicat Hacızadənin sözlərinə görə, qeyd olunan sektoral reformalar  xarici investorlarla yanaşı, beynəlxalq təşkilatların diqqətindən yayınmayıb. Belə ki, son illər biznes və dövlət subyektləri üçün istinad və obyektivlik mənbəyi hesab olunan beynəlxalq indekslərdə ölkəmizin mövqeyi sürətlə irəliləyib, qiymətləndirmə və proqnozlaşdırma pozitivliyi ilə fərqlənib: “Beynəlxalq Valyuta Fondunun (BVF) son bəyanatına əsasən, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar müsbət qiymətləndirilib, orta və uzunmüddətli dövr üçün müsbət iqtisadi artım proqnozlaşdırılıb. Belə ki, beynəlxalq maliyyə orqanın hesabatına istinadən, 2018-ci ildə ÜDM real ifadədə 1,4 faiz, bu ilin ilk yarısı üçün 2,4 faiz artıb. Azərbaycanda həyata keçirilən islahatları müsbət dəyərləndirən məsul orqan, sözügedən artımın ölkəmizin qeyri-neft sektorunda, xüsusən də, xidmət sferasındakı canlanma və təbii resurslardan səmərəli istifadə ilə əlaqələndirib. 
Qeyd olunan təsirlər Prezident İlham Əliyevin siyasi iradəsi ilə təbii resurslardan səmərəli istifadə edilməsi, o cümlədən bu sahədə şəffaflığın və hesabatlılığın artırılması ilə əlaqədardır. Regionun neft-qaz xəritəsinə yeni nəfəs gətirən Cənub Qaz Dəhlizi layihəsi, habelə digər təbii resursları özündə əks etdirən layihələr ölkəmizin iqtisadi inkişafı üçün birbaşa və vasitəçi rolu oynayaraq həm ölkəmizin iqtisadi-siyasi müstəqilliyinin möhkəmləndirilməsi, həmçinin xarici siyasətdə təkanverici alət kimi istifadə olunmasına şərait yaradıb”.
N.Hacızadə diqqətə çatdırıb ki, fiskal mövqelərin gücləndirilməsi və Mərkəzi Bankın yumşaq monetar siyasətini müsbət qiymətləndirən Beynəlxalq Valyuta Fondu sözügedən siyasətin biznes mühitinin daha da genişlənməsi, həmçinin bank xidmətlərində kredit və depozit bazasının canlanmasına təkan verdiyini qeyd edib. Son illər bank sektorunda aparılan dərin islahatları təhlil  etdikdə biznes mühitinin kredit əlçatanlığının daha da yaxşılaşdırılması, vətəndaşların bank əmanətlərində yerli valyutaya olan inam və etimadını müşahidə etmək mümkündür. Yumşaq monetar siyasət, bazarda rəqabətlilik mühiti inflyasiyanın daha aşağı olmasını mümkün edir. Hesabata əsasən, ərzaq məhsullarının aşağı olması sabit valyuta rejimi ilə əlaqədardır. BVF ölkə iqtisadiyyatında daxili canlanma (tələbin artması), təbii resursların şaxələndirilməsi və büdcə xərcləmələrində artıma müvafiq olaraq cari il üzrə Azərbaycanda 2,7 faiz iqtisadi artım proqnozlaşdırır. Təbii ki, qeyd olunan artım proqnozu təsadüfi deyil. Prezident İlham Əliyevin islahat kursu iqtisadi artıma və əhalinin sosial rifah halının daha da yüksəldilməsinə hesablanıb. 
Məsul maliyyə orqanı 2019-cu ilin proqnozu ilə kifayətlənməyərək aparılan islahatların ortamüddətli dövr üçün də inkişaf və artıma təsir edəcəyini proqnozlaşdırır. Belə ki, ortamüddətli dövrdə iqtisadi artımın 2,5 faiz, qeyri-neft sektorunda isə 3 faiz-bənd artması gözlənilir. Bundan əlavə, biznes mühitində rəqabətin doğru tənzimlənməsi, antiinhisar siyasətinin obyektiv aparılması inflyasiyanın daima hədəflənən səviyyədə qalmasına şəraiti nəzərə alsaq görərik ki, vətəndaşların istehlak xərcləmələrində ərzaq məshullarının payı digər xidmətlərlə müqayisədə daha çoxdur, bu, istehlak qiymətləri indeksini (inflyasiya) təkrəqəmli səviyyədə saxlayacaq. Əlavə olaraq qeyd edək ki, hökumətin daxili hesabatına müvafiq olaraq, bu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin artım tempi 0,5 ­faiz-bənd azalıb. 
Rəsmi statistikaları da təhlil etdikdə, Beynəlxalq Valyuta Fondunun gözləntilərini aydın müşahidə etmək olar. Xüsusilə, ölkəmizin xarici ticarət dövriyyəsinin hər il müsbət dinamika ilə artımı xarici ticarət siyasətində liberallaşdırma, icazə və sərhəd-ticarət prosedurlarının rəqəmsallaşması ilə əlaqədardır ki, birbaşa və dolayı olaraq makroiqtisadi gücümüzü daha da artırır. Son statistik göstəricilərə əsasən, bu ilin ilk 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb.
Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

12 Oktyabr 2019 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə