Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın “nöqtəsi”nə Soçidən səslənən “nida” cavabı

Paşinyanın “nöqtəsi”nə Soçidən səslənən “nida” cavabı

Oktyabrın 3-də  Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışının əks-sədası hələ də eşidilməkdədir. Bu çıxış Ermənistanda ciddi təşviş yaradıb.  Dövlətimizin başçısının  “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri  ermənilərə və onlara himayədarlıq edənlərə  öz zərbəsini vurdu və  gündəmi əsaslı surətdə dəyişdirdi. 

Ermənistan – Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsi başlanandan bu günə qədər heç zaman səngiməyən vətənpərvərlik əhval-ruhiyyəsi  getdikcə ən yüksək pilləyə yüksəlir. Biz 2016- cı ilin Aprel döyüşlərində bunun bir daha şahidi olduq.  Cəmi dörd gün davam edən döyüşlərdə  uzun illər düşmən əsarətində qalmış minlərlə hektar ərazilərimiz, strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edildi. Erməni silahlı qüvvələri silah-sursatını atıb qaçaraq canlarını güclə qurtardılar və hələ də özlərinə gələ bilmirlər. Azərbaycan Ordusu öz qüdrətini həm işğalçı Ermənistana, həm onun himayədarlarına, həm də dünya birliyinə nümayiş etdirdi.
Bütün bunlardan sonra  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin  rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və düşünülmüş siyasi kursuna  inamı qat-qat artıb. Oktyabrın 3-də Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar ­sessiyasındakı çıxışından sonra  bu inam daha böyük reallığa çevrilir. Dövlətimizin başçısının  “Qarabağ Azərbaycandır!” çağırışı bizi millət kimi birləşdirən şüara çevrilməkdə və müasir dövrümüzün  milli ideyası statusunu qazanmaqdadır. Bu mesajla  Ermənistanın baş naziri Nikol Paşinyanın bir qədər əvvəl  Xankəndidə  səsləndirdiyi   “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatına  Prezident İlham Əliyevin  “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ilə sarsıdıcı cavab verildi.
Ölkəmizin rəhbərinin   bu cavabı bir daha əminlik yaratdı ki,  Dağlıq  Qarabağ münaqişəsinin nizamlanmasında  nöqtəni də, nidanı da Azərbaycan dövləti qoyacaq. Bu bəyanatın effekti, ilk növbədə, ondan ibarətdir ki, dünyanın məşhur  beyin mərkəzlərindən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında səsləndirilib. Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının  beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün  mühüm imkan yaratdı. 
Ümumiyyətlə, bəyanatın hansı şəraitdə, hansı məkanda  səsləndirilməsi də vacib şərtlərdəndir.  Məsələn, Nikol Paşinyan öz sərsəm bəyanatını Xankəndidə, quldurların, separatçı şovinistlərin qarşısında, məhdud bir məkanda səsləndirib.  Belə bir adamın əhatə dairəsi,  məkan və auditoriyası da bundan artıq ola bilməz.  Prezident İlham Əliyev isə  qəti fikrini  dünyanın siyasi elitasının, aparıcı ekspertlərinin görüş yerinə çevrilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında səsləndirdi.  Bu klubun platforması beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.  İndiyədək klubun işində 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçılarının iştirakı da bundan xəbər verir. Onu da qeyd edək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. 
Göründüyü kimi, Ermənistan rəhbərliyi həmin tədbirə layiq bilinməyib və dəvət olunmayıb. Belə nüfuzlu bir tədbirdə  Azərbaycanın dövlət başçısının erməni “nöqtəsinə” “nida” ilə cavab verməsi son sözün  məhz Prezident İlham Əliyevə  məxsus olacağından xəbər verir. Bu cavab, eyni zamanda, ermənilərə himayədarlıq edənlərə, bədxahlara da xəbərdarlıq idi.  Dövlətimizin rəhbəri plenar sessiyadakı çıxışında da  Ermənistanın işğalçı siyasətindən bu gün də əl çəkmədiyini, hərbi təcavüzünü davam etdirdiyini və onun acı fəsadlarını  diqqətə çatdırdı. Dedi ki,  münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun dinc sakini erməni snayperi tərəfindən qətlə yetirilib. Həmçinin  2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakinin, o cümlədən balaca qızın qətlə yetirilməsi barədə də məlumat verdi.
“Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır”, – deyən dövlətimizin başçısı  münaqişə nəticəsində Azərbaycanın  humanitar fəlakətlə üzləşdiyini diqqətə çatdırdı. Məlum oldu ki, Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox  soydaşımız  və  müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından  250 min azərbaycanlı ata-baba yurdundan didərgin salınıb.
Tədbirdə, həmçinin Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, dünya birliyinin bu ədalətsizliyə laqeyd münasibəti, qəbul olunan qətnamələrin hələ də icra olunmaması da kəskin tənqid edildi.  BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin 26 ildən çoxdur ki,  icra olunmaması təəssüflə qeyd edildi.  
Bu, dünyada baş alıb gedən  ikili standartların bariz nümunəsidir. Dövlətimizin başçısı çıxışında bu məqamları da vurğuladı. Dedi ki,  BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 26 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur: “Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır”.
Prezident İlham Əliyev bir daha öz mövqeyini açıq şəkildə bəyan etdi: “Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir”. 
Azərbaycan Prezidentinin Rusiya Prezidenti ilə  görüşü və “Valday” klubunun diskussiyalarında iştirakı  Dağlıq Qarabağla bağlı mövqeyimizi bir daha dünya liderlərinin və aparıcı ekspertlərin diqqətinə çatdırmaq üçün əlverişli məkan oldu. Bu baxımdan, bu səfəri həm Qarabağ məsələsi, həm də digər məsələlərlə bağlı uğurlu  adlandırmaq olar.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

12 Oktyabr 2019 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə