Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Türkiyənin gömrük orqanlarının əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanla Türkiyənin gömrük orqanlarının əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Oktyabrın 11-də Ankarada səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin ticarət naziri Ruhsar Pekcanla görüşüb.
Görüşdə R.Pekcan iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.
Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirən türkiyəli nazir Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gömrük sahəsində əlaqələri gücləndirdiyini bildirən nazir bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını deyib, son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
DGK sədri qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. Komitə sədri iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsinin aparıldığını bildirib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub və bu gün keçirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclasını da əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib.
Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

Sabir Şahtaxtı, 
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

12 Oktyabr 2019 12:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə