Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada Azərbaycanla Türkiyənin Gömrük Məsələləri üzrə Birgə Komitəsinin üçüncü iclası keçirilib

Ankarada Azərbaycanla Türkiyənin Gömrük Məsələləri üzrə Birgə Komitəsinin üçüncü iclası keçirilib

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclasında iştirak etmək üçün DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. Nümayəndə heyətində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, eləcə də Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri də təmsil olunurlar.
AZƏRTAC xəbər verir ki, oktyabrın ­11-də Ankarada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclası keçirilib. DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Türkiyənin ticarət nazirinin müavini Qonca Yılmaz Baturun rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə iki qardaş ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda risk analizi və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) ilə əlaqədar həyata keçirilən təcrübə mübadiləsinin davam etdirilməsi, iki ölkənin Kinoloji mərkəzləri arasında, eləcə də kinoloqların təlimi sahəsində əməkdaşlığın gücləndirilməsi, Dilucu–Sədərək gömrük idarələri arasında keçirilən görüşlərin mütəmadiliyinin təmin edilməsi, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Eyni zamanda, tərəflər 2017-ci il iyulun 19-da Bakıda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında Avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş”ə uyğun müvafiq Texniki Şərtlər sənədinin müzakirələrinin tamamlanaraq ən qısa zamanda imzalanması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində sərhəd-keçid prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumat mübadiləsini təmin edəcək razılaşmanın müzakirəsinə başlanılması, gömrük sahəsində mövcud əməkdaşlığın Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli formatında daha da inkişaf etdirilməsi, gömrük sahəsində hazırlanan rəqəmsal layihələrdə Türkiyə gömrüyünün təcrübələrinin Azərbaycan gömrük orqanları ilə  paylaşılması və sair məsələlərdə birgə razılığa gəliblər.
Sonda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2019/2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı” və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclasının protokolu imzalanıb. Sənədləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyənin ticarət nazirinin müavini Qonca Yılmaz Batur imzalayıblar.
Qeyd edək ki, Gömrük Məsələləri üzrə Birgə Komitənin dördüncü iclası gələn il ­Bakıda keçiriləcək.

 

Sabir Şahtaxtı, 
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

12 Oktyabr 2019 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə