Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda mədəniyyət festivalı

Sumqayıtda mədəniyyət festivalı

Gənclər şəhərinin 70 illik yubileyi ərəfəsində düzənlənən silsilə tədbirlər sırasında 1-ci mədəniyyət festivalı özünün əhatəliliyi və rəngarəngliyi ilə xüsusilə seçilib. Festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılıblar.

Festival iştirakçıları şəhərin Kimyaçı Mədəniyyət Sarayının önündəki meydana toplaşmış seyrçilər qarşısında bir-birindən maraqlı çıxışlar ediblər. Oynaq rəqslər, Kukla Teatrının tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işlərinin, rəsmlərin, tətbiqi sənət nümunələrinin sərgiləri xoş təəssürat yaradıb. Ölkəmizin ayrı-ayrı bölgələrinin folkloru və ləziz təamları da həvəslə təqdim olunub. 
Əsl bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar.
Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında böyük bayram konserti ilə davam edib. Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən xor kollektivi və solistlərin ifaları monitorda durmadan gözəlləşən, müasirləşən Sumqayıtın gözoxşayan videogörüntüləri ilə ­tamamlanıb.
Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən yaradıcılıq müsabiqəsinin Sumqayıta həsr olunmuş “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırılıb.

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

12 Oktyabr 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə