Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Portuqaliyada Qobustan qoruğunun sərgisi

Portuqaliyada Qobustan qoruğunun sərgisi

Portuqaliyada UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi olan Foz Koa Qoruğunun muzeyində Qobustan qayaüstü rəsmlərinə həsr olunmuş sərgi açılıb.
Avropa Qayaüstü İncəsənət Günü ilə əlaqədar təşkil olunmuş "Avropanı qayaüstü incəsənətlə gəzək" adlı sərgi Qobustan Milli Tarix-Bədii Qoruğu ilə Foz Koa Qoruğu arasında əməkdaşlığın növbəti mərhələsidir.
Açılış mərasimində Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı, Foz Koa şəhərinin meri Gustavo Duarte də iştirak edib. Şəhər meri bu sərginin iki qoruq arasında əməkdaşlığın, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini və Foz Koada əlamətdar hadisəyə çevrildiyini bildirib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün belə əlamətdar bir gündə Qobustan sərgisinin açılışının təşkil olunmasının iki qoruq arasında əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, "Avropanı qayaüstü incəsənətlə gəzək" adlı Qobustan sərgisinin nümayişi ilin sonunadək davam edəcək.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Portuqaliyanın Fundao Arxeologiya muzeyinin direktoru Pedro Salvado Fundao muzeyində də Qobustan sərgisini təşkil etmək arzusunu bildirib.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında Qobustanda Foz Koa Qoruğunun sərgisi keçirilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

12 Oktyabr 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə