Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədən tarixi qərar: “Sülh çeşməsi” əməliyyatı qüvvələr nisbətini dəyişir

Türkiyədən tarixi qərar: “Sülh çeşməsi” əməliyyatı qüvvələr nisbətini dəyişir

ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalından sürətlə amerikan əsgərlərini çıxarmaq barədə qərarı dünyada geniş əks-səda doğurub. Bu qərara yanaşmalar müxtəlifdir. Ona qarşı çıxanlar da olub, dəstək verənlər də. Xüsusilə, Pentaqonda müəyyən dairələr narazı qalıblar. Onlar hesab edirlər ki, Türkiyəyə müqavimət göstərmək lazım idi. Ancaq bu, məntiqsiz və qeyri-rasional bir qərar olardı. Çünki Türkiyə üçün həyati əhəmiyyəti olan bir məsələdə onun müttəfiqinin dirəniş göstərməsi və qeyri-qanuni hərbi qruplaşmaları dəstəkləməsi anlamsız görünərdi. Bu səbəbdən ekspertlər ABŞ-ın Ankaranın qarşısında durmayacağı qənaətindədirlər. Eyni zamanda, Türkiyənin ağır bir işi boynuna götürdüyü də danılmazdır. Çünki o, faktiki olaraq, 110 minlik yaxşı silahlanmış bir qruplaşmaya qarşı savaşmalı olacaq. Bunlara zaman-zaman qurulacaq tələləri də əlavə etmək lazımdır. Mümkündür ki, bu əməliyyat uzun sürsün. Lakin Ankaranın başqa çarəsi yoxdur. Bu savaşda qalib gəlməsə, Türkiyə yeni dünya nizamında layiqli yerini tuta bilməyəcək və region xalqları, o cümlədən kürdlər uzun zaman risklər qarşısında qalacaqlar. Bu kimi faktorların fonunda Fərat çayının şərqində PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı həyata keçirilən “Barış pınarı” (“Sülh çeşməsi”) əməliyyatının geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac görürük.

 

Qətiyyətli addım: Ankaranın məcburi seçimi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti, sözün həqiqi mənasında, bütün dünyanı silkələyib. Ankara Suriyadakı terror qruplarını zərərsizləşdirməkdə qərarlı olduğunu bir daha bəyan etdi. Bunun ardınca Suriyanın şimalında hərbi əməliyyatlara başlamağa hazır olduğunu dilə gətirdi. Və oktyabrın 7-də axşam saatlarında Donald Trampla telefon danışığından sonra KİV sensasiyalı bir məlumat yaydı: ABŞ əsgərlərini Suriyadan çıxarır. Bunu təsdiq edən video da paylaşıldı. Anlaşılırdı ki, R.T.Ərdoğan D.Trampa Suriyada həbi əməliyyatlara başlamaqda qərarlı olduqlarını qəbul etdirə bilmişdi.
Əslində, proses 2 il idi ki, aparılırdı. Ankara həm ABŞ-a, həm də Rusiyaya Suriyada hərbi əməliyyat keçirməyə məcbur olduğunu anlatmağa çalışırdı. Lakin onların heç biri öncə bunu qəbul etmədi. Amerikanlar PKK/YPG-ni silahlandırdı, Rusiya isə Bəşər Əsəd rejimini daha da gücləndirdi. Bu il Dəməşqə bağlı güclər Rusiya və İranın aktiv dəstəyi ilə İdlibə hücum etdilər. Ancaq məlum oldu ki, addım-addım irəliləməklə astarı üzündən baha başa gələn bir qələbə ola bilər ki, bu da şübhə altındadır. Aydın görünürdü ki, Türkiyəsiz məsələni həll etmək imkanı yoxdur.
Bu məqam Ərdoğan-Putin görüşlərində daha aydın özünü göstərdi. Türkiyə Prezidenti açıq və qəti şəkildə bəyan etdi ki, Suriyanın şimalında hərbi əməliyyat keçirməyə məcburdur. Bu, özünün təhlükəsizliyini və həmin regionda yaşayan xalqların – ərəblərin, kürdlərin, türkmənlərin normal yaşayışını təmin etmək üçün lazımdır. Vurğulayaq ki, Türkiyənin bu qayğılarını ən çox və dərindən anlayan dövlət Rusiya oldu. Rusiya Prezidenti Türkiyənin təbii haqqını tələb etdiyini, lakin Suriyanın ərazi bütövlüyünün də pozulmamasının vacib şərt olduğunu vurğuladı. Təbii ki, bu, Ankaranın tam qəbul etdiyi bir şərtdir, çünki Suriyanın ərazi bütövlüyündə ən çox marağı olan Türkiyədir.
İranın reaksiyası maraqlı idi. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin bəyanatına baxsaq, Tehran türk ordusunun bu addımına qarşıdır. Lakin İran onu da qəbul edir ki, Türkiyə terrora qarşı mübarizə aparmaq hüququna malikdir. Bunların fonunda D.Trampın qərarı, ittihamlara baxmayaraq, strateji nöqteyi-nəzərdən doğru görünür. Çünki ABŞ "Sülh çeşməsi" hərəkatına qarşı olsaydı, geosiyasi mövqeyini uduzmuş olacaqdı. Birincisi, Türkiyə kimi güclü bir müttəfiqi itirərdi ki, bu da Yaxın Şərqdə geosiyasi potensialı ciddi surətdə zəiflətmiş olardı. İkincisi, Yaxın Şərqdə terror qruplarını və separatizmi dəstəkləyən dövlət kimi tanınardı. Üçüncüsü, özünü uzun sürən bir savaşın içinə atmış olardı. Bu məqamlar, təbii ki, ABŞ-ın strateji maraqlarına uyğun deyil. Bir sıra Amerika rəsmilərinin D.Trampın qərarını faciə adlandırması isə məsələyə emosional yanaşmaqdan və Türkiyəni ciddiyə almaq istəməməkdən qaynaqlanır.
Görünür, yayılan informasiyalardakı ziddiyyətlər və aşırı emosionallıq da bu məqamlarla bağlıdır. Bu baxımdan ABŞ KİV-nin baş verənləri duyğusal təqdim etməyə çalışmaları təəssüf doğurur. Bəzən onlar çox sadə məntiqsizliyə yol verirlər. Məsələn, guya Pentaqon rəsmilərindən biri deyib ki, əgər türk ordusu Suriyanın şimalına girsə və SDG (Suriya Demokratik Gücləri) əlindəki minlərlə İŞİD döyüşçüsü üzərində nəzarəti itirsə, vəziyyət daha da pisləşəcək. Yəni türk ordusu bir neçə min İŞİD-çiyə nəzarət edə bilməyəcək? Əgər SDG o qədər güclüdürsə, heç türk ordusuna məğlub olmaz, yox, məğlub olarsa, hansı terrorçu mehmetçiyin əlindən qaça bilər?

 

Geosiyasi şərtlər: sabitlik və təhlükəsizlik naminə

 

Təbii ki, bunlar primitiv bəhanələrdir və reallığı gizlətmək üçündür. Məsələ belədir ki, əgər hərbi əməliyyatlar başlasa və türk ordusu uğur qazansa, amerikalıların illərdir terrorçulara etdikləri yardımlar bütün dünyaya məlum olacaq. Vaşinqtonun Yaxın Şərq siyasətinin arxasında dayanan əsas məqsədlər üzə çıxacaq. Terrorçuların verəcəkləri ifadələr çox şeyə aydınlıq gətirəcək.
Türkiyə rəhbərliyinin qərarına geosiyasi kontekstdə yanaşdıqda isə olduqca əhəmiyyətli bir addımın atıldığının şahidi ­oluruq. Türkiyə, bir çox ekspertlərin ifadə etdikləri kimi, faktiki olaraq, mövcud geosiyasi dinamikaya müdaxilə edir. Dünyanın müxtəlif regionlarından gəlib Suriyada geosiyasi dividend əldə edən ölkələr Ankaranı heçə saymağa çalışırdılar. Türkiyə bu əsassız münasibəti darmadağın etmiş olur.
Türkiyə dövləti sübut edir ki, Yaxın Şərqdə terror heç zaman ayaq tutub yeriməz. Burada yerləşən dövlətlər özlərini qorumağa qadirdirlər. Baxın, bu funksiyanı Türkiyədən başqa yerinə yetirmək iqtidarında olan digər region dövləti varmı? Onların hamısının adları beynəlxalq hüquqa uyğun gəlməyən müxtəlif işlərə qarışıb. Yalnız Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ, insan haqlarını və region xalqlarının maraqlarını gözləməklə səbirlə addımlar atıb. Bəzən Ankaranı daxildən və xaricdən ləngliyinə görə qınayıblar. Lakin Türkiyə dərin siyasi ənənəsinə, dövlətçilik fəlsəfəsinə uyğun davranıb və davranmaqdadır.
Bu baxımdan müxalif siyasi qüvvələrin sırasında R.T.Ərdoğanı dəstəkləyənlərin olması müsbət hadisədir. Məsələn, Meral Akşenər ABŞ-ın davranışına cavab olaraq türk ordusunun Suriyanın şimalına daxil olmasını zəruri sayıb. Bütövlükdə, cəmiyyət ordunu dəstəkləyir. CHP düşərgəsindən də bəzi dövlətlərin hədələrinə etiraz səsləndirilib və müstəqil Türkiyənin suveren olaraq qərarlar verən dövlət olduğunu bəyan ediblər. Bu da "Sülh çeşməsi" hərəkatına dəstək anlamına gəlir. Maraqlıdır ki, Kamal Kılıçdaroğlu da Suriya və İraqa hərəkatla bağlı təqdim edilən sənədə "içimiz yana-yana “bəli” deyəcəyik" kimi qiymət verib. Tanınmış adamlar bir-birinin ardınca dəstək ismarıclarını göndərirlər.
Bunlarla yanaşı, Türkiyə region üçün ciddi təhlükə ola biləcək terror fəlsəfəsi üzərində qondarılan bir kvazidövlətin qarşısını kəsmiş olur. Statistik məlumatlara görə, SDG-nin 110 minə yaxın silahlısı var. Onlar müasir silahlarla və kəşfiyyat texnikası ilə təmin ediliblər. D.Tramp məsuliyyətin Türkiyə, Rusiya, İran, kürdlər (onun sözüdür) və İraqın üzərinə düşdüyünü də deyib.
Oktyabrın 8-nə keçən gecə türk qırıcılarının terrorçuların obyektlərini vurmasını ekspertlər "hərəkatın ön səhifəsi" adlandırıblar. KİV terrorçuların artıq bir sıra yerlərdən çəkildiyi haqqında məlumatlar yayır. Yerli əhali arasında da hərbi əməliyyatların keçiriləcəyi yerlədən çıxanların olduğu haqqında informasiyalar vardır. Hər bir halda yuxarıda vurğulanan proseslər Suriyanın şimalına hərbi müdaxilənin yaxın günlərdə geniş vüsət ala biləcəyini təxmin etməyə imkan verir.
Maraqlıdır ki, bütün baş verənlərə Dəməşqin reaksiyası yox dərəcəsindədir. Bunu Türkiyə ilə Suriya arasında razılaşmanın olması ilə əlaqələndirənlər vardır. Yəni türklər Suriya üçün təhlükə törədən silahlı radikal qrupları məhv edir. Dəməşq, Adana müqaviləsinə görə, hüquqi olaraq bunu edə bilər. Sonrakı mərhələdə tərəflər danışıqlar yolu ilə həmin ərazi ilə bağlı məsələni həll edirlər. Lakin bölgəni tərk etmiş milyonlarla suriyalı öz yurduna qayıtmalıdır. Bütün bunlar Suriyanın unitar dövlət quruluşunun saxlanması şərti ilə həyata keçirilir. Bununla hər iki tərəf üçün uyğun bir nəticə alınır.
Beləliklə, Türkiyə tarixi bir addım atmağa hazırlaşır. Bu addım, bütövlükdə, Yaxın Şərqin geosiyasi taleyini həll edə bilər. Yaxın Şərqdə türk faktorunu arxa plana atmağa çalışanların arzuları puç olur. Ədalət öz yerini tapmalıdır!

 

Newtimes.az

12 Oktyabr 2019 11:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə