Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Dövlət Departamenti Türkiyəyə qarşı sanksiyaların əleyhinədir

ABŞ Dövlət Departamenti Türkiyəyə qarşı sanksiyaların əleyhinədir

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Senatdakı həmkarlarının ardınca Suriyanın şimal-şərqində hərbi əməliyyata başlayan və “ABŞ-ın düşmənləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edən” Türkiyəyə qarşı sanksiyalar tətbiqi haqqında qanun layihəsi hazırlayırlar. Bu barədə konqresmen Liz Çeyni bəyan edib. Məlumatı TASS verib. 

Onların fikrincə, Prezident Ərdoğan və onun komandası Suriyanın şimalında “bizim kürd müttəfiqlərimizə” qarşı kəskin hücuma görə cavab verməlidir. Təşəbbüsü artıq 25-dən artıq respublikaçı konqresmen dəstəkləyir. 
Türkiyəyə qarşı sanksiyalarla bağlı hazırlıq işləri Senatda demokrat Kris Van Hollen və respublikaçı Lindsi Qrem tərəfindən də aparılır. Onlar Ərdoğanın və Türkiyənin digər rəhbərlərinin aktivlərinə sanksiya qoyulmasını, bu ölkənin rəsmi şəxslərinə viza məhdudiyyəti tətbiqini təklif edirlər. Bundan əlavə, Rusiyadan “S-400” raket sistemləri aldığına görə, Türkiyənin energetika sektoruna sanksiya və ABŞ-ın bu ölkəyə hərbi yardımına qadağa da nəzərdə tutulur. 
ABŞ Dövlət Departamentindən isə bildirilib ki, Türkiyəyə qarşı sanksiyalar yalnız Suriyanın şimalında etnik təmizləmə və mülki əhaliyə zərbə endirildiyi şəraitdə tətbiq oluna bilər. Ancaq hələ ki, Vaşinqtonda Ankaranın bu cür hərəkət etməsi ilə bağlı fakt yoxdur. 
Dövlət Departamentinin yüksək çinli nümayəndəsi qeyd edib ki, Türkiyə qüvvələri əməliyyata hələ təzə başlayıb, ona görə də hadisələrin gedişini izləmək lazımdır. Onun sözlərinə görə, Türkiyə Prezidenti­ Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon söhbəti zamanı deyib ki, Suriya ərazisinin 30 kilometr dərinliyinə qədər gediləcək və bu ərazilərdə 3-4 milyon suriyalı qaçqın yerləşdiriləcək. 
Dünən Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı BMT-də də müzakirəyə çıxarılıb. Bu təşəbbüslə İsrail, Səudiyyə Ərəbistanı, Misir, Ermənistan, Kipr və Yunanıstan çıxış ediblər. Onlar rəsmi Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiq olunmasını istəyiblər. ABŞ və Rusiya Türkiyəyə qarşı sanksiyaların əleyhinə olublar.      

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 Oktyabr 2019 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə