Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan sahibkarları dövlətimizin başçısının çağırışını dəstəkləyirlər

Azərbaycan sahibkarları dövlətimizin başçısının çağırışını dəstəkləyirlər

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

-Möhtərəm cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın inkişaf strategiyasının Zati-aliləriniz tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi digər sahələrdə olduğu kimi, ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin edib, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü sahibkarlar təbəqəsi formalaşıb.

Məhz Sizin rəhbərliyinizlə həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri və yeni institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

Sizin təşəbbüsünüzlə beynəlxalq layihələrin reallaşdırılması, sahibkarlığın dəstəklənməsi üçün institusional mexanizmlərin, nümunəvi modellərin və təşviq alətlərinin uğurlu tətbiqi, yerli istehsalın davamlı olaraq gücləndirilməsi, Azərbaycan iqtisadiyyatında özəl bölmənin rolunun və rəqabət qabiliyyətinin artırılmasına mühüm təsir göstərməkdədir.

Artıq Azərbaycan şirkətləri sosial məsuliyyət çərçivəsində ölkəmizin sosial qayğılarının həllində fəal iştirak etməyə hazırdırlar. Məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksləri buna ən yaxşı nümunələrdəndir.

Möhtərəm cənab Prezident, “Qobu Park-2” yaşayış kompleksinin açılışında Azərbaycan sahibkarlarına etdiyiniz çağırış ölkəmizdə çalışan bütün iş adamları tərəfindən böyük rəğbətlə qarşılanıb. Sahibkarlığın inkişafına dövlət dəstəyini və Sizin rəhbərliyiniz altında aparılan dərin iqtisadi islahatların müsbət nəticəsini öz fəaliyyətində daim hiss edən Azərbaycan sahibkarları Sizin bu çağırışınıza qoşularaq, ölkəmizin sosial qayğılarının həll olunmasında iştirak etməyə hazırdır.

Bu məqsədlə oktyabrın 10-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda çıxış edən sahibkarlar bu təşəbbüsə qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Rəyasət Heyətinin qərarı ilə bununla əlaqədar ASK-ın tərkibində işçi qrupu yaradılıb. İşçi qrupu sahibkarlardan daxil olan təklifləri dəyərləndirərək, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə əlaqəli şəkildə konkret layihələrin icrasını təmin edəcək.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2019 16:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə