Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Star NEZ indiyə qədər 4,5 milyon ton xam neft emal edib

Star NEZ indiyə qədər 4,5 milyon ton xam neft emal edib

Star Neft Emalı Zavodunun (NEZ) Baş direktoru Mesut İlter mətbuat konfransında bildirib ki, SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR Neft Emalı Zavodu 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb.

Mesut İlter qeyd edib ki, ilk satışını 2019-cu ilin yanvarında həyata keçirən Star NEZ bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib. İlin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksəlməsi nəzərdə tutulur.

Baş direktor bildirib ki, Star zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə də ixrac edir: “Star NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Zavod Türkiyənin emal olunmuş neft ehtiyacının 25 faizini təkbaşına təmin edir. İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən artıq neft çeşidini emal etməyə qadir olan Star zavodunun gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir”.

M.İlter vurğulayıb ki, bazara, eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar buraxılır: “Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. Star NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. Starın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir".

Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Türkiyədə 7-8 ildən sonra təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir.

 

“Xalq qəzeti”

10 Oktyabr 2019 15:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə