Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin Soçidə söylədiyi həqiqətlər “Ayna”nı çilik-çilik etdi

Azərbaycan Prezidentinin Soçidə söylədiyi həqiqətlər  “Ayna”nı çilik-çilik etdi

Erməni mediasında  dərc olunmuş“Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” sərlövhəli məqalə cəmiyyətdə böyük əks-səda doğurub. Hətta həmin məqaləni dərc etmiş “Hayeli”(“Ayna”) redaksiyasına hücum olub. 

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilmiş  “Valday” klubunun XVI  toplantısındakı  çıxışından bəhs edən məqalənin dərcinə   etiraz edən bir qrup gənc redaksiyaya hücum edərək, qapı və divarları  yumurta atəşinə tutub, redaksiyanın  qarşısına, “Hayeli” mətbuat  klubunun  təsisçisi və rəhbəri Anjela Tovmasyanın ünvanına təhqiredici lövhələr yapışdırıb. Hadisə zamanı klubun qapısı bağlı olsa da, etirazçıların səsinə həmin mərtəbədə yerləşən  “Hraparak” (“Meydan”)  qəzetinin müxbirləri  dəhlizə çıxıb və aksiyanı videolentə alıblar. “Gəlmişik Anjela Tovmasyana güclü zərbə endirməyə. Qapı açıq olsaydı, içərini də bu hala salardıq”—deyən gənclərin bu cür hiddətlənməsinə səbəb, görəsən,  nədir?! Bunu  anlamaq üçün ilk növbədə “hayeli.am” saytında yayımlanmış sözügedən məqaləyə nəzər yetirmək zəruridir. Tamar Baqraduninin müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında  qətiyyətli çıxışına, xüsusilə də  işğalçı ölkənin baş naziri Nikol Paşinyana tutarlı cavabına və  Rusiya Prezidenti Vladimir Putinlə görüşündə müzakirə edilmiş məsələlərə geniş yer ayrılıb.  Bu baxımdan məqalənin böyük rezonans  yaratması,  əslində Azərbaycanın nüfuzunun getdikdə artması, Prezident İlham Əliyevin  Soçidəki  çıxışının fonunda  bütövlükdə erməni cəmiyyətinin Paşinyan siyasətinin fiaskoya uğramasına etirazı  hesab edilə bilər.

Bu baxımdan məqalənin məzmununa  bir neçə istiqamətdən yanaşmaq zəruridir. Birinci növbədə məqalənin sərlövhəsi  “Əliyevin gecikmiş, lakin güclü cavabı” istər-istəməz “gec olsun-güc olsun” xalq deyimini  yada salır. Bu il  avqust ayının əvvəlində  Ermənistanın  baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ümumerməni idman oyunlarının açılış mərasimi zamanı nitqində “Qarabağ Ermənistandır, nöqtə”--bəyanatına  tutarlı və kəsərli nida Soçidə qoyuldu. Prezident İlham Əliyevin bir çox ölkə rəhbərlərinin iştirak etdiyi iclasda  işğal altında olan Qarabağın və ətraf bölgələrin Azərbaycana məxsus olmasını, oradakı əhalinin məcburi köçkünə çevrilməsini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilmədiyini xatırlatması Qarabağ həqiqətləri və ermənilərin işğalçılıq siyasətini beynəlxalq aləmə bir daha çatdırdı.  “Hayeli” saytının  “ gecikmiş çıxış” adlandırdığı  cavab hədəfə sərrast  dəydi və   Nikol Paşinyan siyasətinin isə səriştəsizliyini açıq-aşkar nümayiş etdirdi.

İkinci məsələ, məqalədə İlham Əliyevin rusiyalı  həmkarı Vladimir Putinlə görüşü və burada əməkdaşlıq məsələlərinə geniş yer ayrılması da diqqət çəkir. Məqalədə Rusiya saytlarına istinadən yazıda vurğulanır ki, iki ölkə arasında ticari-iqtisadi  əlaqələrin inkişafında müsbət dinamika müşahidə olunur, siyasi əlaqələr də   uğurla inkişaf etməkdədir. Yazıda Rusiya Prezidentinin ölkəsi ilə  Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıqdan   danışarkən  “Ticari-iqtisadi əlaqələr güclənir, keçən il ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.”--deməsi  və bu istiqamətdə yaxşı perspektivlər olduğunu vurğulaması da diqqət çəkir.

Təkcə elə  bu sitat  Rusiya ilə istər siyasi, istərsə də iqtisadi əlaqələrini normallaşdıra bilməyən Ermənistandan fərqli olaraq,  Azərbaycanın bu istiqamətdə öz şimal qonşusu ilə münasibətlərinin yaxşı olduğunu göstərir və hazırda dərin  iqtisadi böhran  yaşayan və anti-Rusiya əhvalında olan Ermənistan cəmiyyətində qıcıq doğurur.

Vadimir Putinin İlham Əliyevlə görüşdə ikitərəfli layihələrə diqqət çəkərək --“Mən Azərbaycan Prezidentinin  planlarını  nəzərdə tuturam. Biz bu konkret  iri layihələrin həyata keçirilməsi üçün öz tərəfimizdən   nə asılıdırsa, edəcəyik.”—deməsi, ikitərəfli münasibətlərə verilən  yüksək qiymət və etimaddır.  Bu etimad ölkəsinə investisiya cəlb etmək üçün dəridən-qabıqdan çıxan Ermənistan baş nazirinin səfir və diplomatlarını  tənqid atəşinə tutması və siyasətin dalana dirənməsi ilə təzad təşkil edir.  İlham Əliyevin görüşdə Rusiyanı vacib tərəfdaş, dost və mehriban qonşu adlandırması, “ Biz bu əlaqələri qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin gələcəkdə daha da möhkəmlənməsinə yaxşı  töhfə olacaq”,-- söyləməsi Azərbaycanın bütün dövlətlərlə, xüsusilə də qonşu ölkələrlə münasibətlərdə uğurlu siyasət apardığını göstərir.

Prezidentin çıxışında ən vacib məqama—“Qarabağ Azərbaycandır və nida” bəyanatına yer ayıran müəllif  məqalədə onun geniş sitatını oxuculara təqdim edir:

“Son vaxtlar Ermənistanın Baş Naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi.” 

Məqalədə Preizdentin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həll edilməsinin zəruriliyini vurğulaması da yer alır. Elə bu məqama görə də “hayeli.am” saytının rəhbəri Anjela Tovmasyan  “Azərbaycan təbliğatı” aparmaqda günahlandırılır. Təsisçi açıqlamasında redaksiyaya hücumun onun müxalif fikri ilə bağlı olduğunu vurğulayıb və eyni zamanda, qardaşı,  Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın məsələsinə görə təzyiq  edildiyini qeyd edib və hakimiyyəti təqsirləndirib. Belə ki,  Konstitusiya Məhkəməsinin  sədri H.Tovmasyanın vəzifə səlahiyyətlərinə xitam verilməsi ilə bağlı müzakirə və müraciətlərə səbəb kimi onun işində yol verdiyi pozuntular göstərilir. Lakin hər kəsə aydındır ki, Tovmasyan cəmiyyətdə, eləcə də siyasi iqtidarda keçmiş hakimiyyətin adamı kimi xarakterizə edilir. Tovmasyanın “Armnyus”a  verdiyi açıqlamada  Konstitusiya Məhkəməsi barədə işin böyüməsinə  ölkənin sabiq başçısı R.Köçəryanın işi bəhanə olduğunu bildirib.  Bu gün ölkədə cərəyan edən siyasi proseslər Paşinyan hakimiyyətinə olan inamsızlıq və etirazları daha da artırır.  Məlum etirazla bağlı  İrəvan mətbuat klubu bir sıra təşkilatlarla birgə bəyanatla çıxış edib. Bəyanat müəllifləri iqtidar və müxalifət nümayəndələrindən tələb ediblər ki, həmfikirlərini  və tərəfdarlarını təmkinli olmağa, fərqli mövqe və fikir ifadə edənlərə qarşı dözümlülük nümayiş etdirməyə çağırsınlar.

Göründüyü kimi, Azərbaycan Prezidentinin Soçidəki tarixi çıxışı ölkəmizin xarici diplomatiya sahəsində uğurlu fəaliyyəti  və haqlı mövqeyini  erməni ictimaiyyəti də diqqətlə izləyir və öz dövlətinin   fəaliyyət(sizliyi) ilə müqayisə edib ümidsizliyə qapanır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

10 Oktyabr 2019 15:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə