Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçaylı fermer yeni nar bağlarından bol məhsul götürəcək

Göyçaylı fermer yeni nar bağlarından bol məhsul götürəcək

Son illər ölkəmizdə, o cümlədən Göyçay rayonunda narçılıq inkişaf etdirilir. Rayonda 1000 hektar sahədə yeni nar bağları salınıb. Respublikada tədarük olunan nar məhsulunun 20 faizi Göyçayın payına düşür. Ötən il Göyçayda 31 min 103 ton nar istehsal olunub və fermerlər nar istehsalından 20 milyon manat vəsait əldə ediblər.

Narçılığı inkişaf etdirən fermerlərdən biri Göyçayın Veysəlli kəndindən olan Eyvaz Səmədovdur. O, 2007-ci ildən başlayaraq 50 hektar nar bağı salıb. Ötən illə müqayisədə bu il nar bağlarından yüksək məhsul götürəcəyini deyir. Keçən il bağlardan 100 ton nar yığıb. Bu il isə 200 yüz ton yığmağı proqnozlaşdırır.

Göyçaylı fermer bildirib ki, bu gün nar bağlarının salınmasında Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyaları fermerlərə böyük dəstək verir. Belə ki, bağ salınacaq torpaqlardan aqrokimyəvi analizlər aparmaq üçün nümunələr götürülərək Regional aqrokimya laboratoriyasında yoxlanılır. Əgər həmin torpaq bağ salmaq üçün yararlıdırsa, fermerə məsləhət görülür. Nəticədə fermerin təsərrüfata çəkdiyi əziyyət hədər getmir.

Eyvaz Səmədov qeyd edib ki, məhsuldarlığın yüksək olması üçün bağların budanması və gübrələnməsi də mühüm amildir. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə fermerlərə verilən texnikalar vasitəsi ilə nar bağlarının dərmanlandığını deyən fermer vurğulayıb ki, bununla da nar ağacları xəstəliklərdən qorunur.

Qeyd edək ki, Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Hazırda narın əkin sahəsi respublika üzrə təxminən 23 min hektara, nar istehsalı isə 155 min tona çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq qərzəklillər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 Oktyabr 2019 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə