• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli istiqlalımızın gerçəkləşdiyi tarix

Milli istiqlalımızın gerçəkləşdiyi tarix

Sentyabrın 15-i Bakının yadelli qüvvələrdən azad edildiyi gündür. Bu günün böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var. Onun əhəmiyyətini başa düşmək üçün 100 il əvvəlki dövrdə baş verən proseslərə nəzər yetirmək lazımdır.
Bolşevik Rusiyası Birinci dünya müharibəsindən çıxdıqdan sonra Qafqazda yeni bir şərait yarandı. Geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə verdi. Onlar buna qədər Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlman olduqları üçün etibar etmədiyindən azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə çağırılmadıqları üçün vergi də ödəyirdilər.Yalnız könüllərdən ibarət “Vəhşi diviziya” var idi.
Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Bolşeviklər və erməni-daşnak dəstələri birlikdə qırğınları törədirdilər. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Azərbaycanlı, gürcü və erməni nümayəndələrindən ibarət olan, ziddiyyətlərin kəskinləşdiyi Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Tiflisdə Orient oteldə Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Azərbaycan Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər – ərazi, əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi.Azərbaycanın şəhəri azad etmək üçün kifayətə qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü.
Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər paşa qardaşı Nuru paşanı ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı.
Türk ordusunun Qafqaz səfərinin hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi. Müqavilənin 4-cü maddəsinə görə, əgər Azərbaycan daxili qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün müraciət edərdisə, Osmanlı dövləti bu yardımı göstərməli idi. Azərbaycan tərəfi belə bir yardım üçün müraciət etmişdi.
Türk ordusunun yürüşünün mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənc Çanakkala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdi.
Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi.Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi.Azərbaycan qızıl köprü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı.
Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfərindən çoxu türk və müsəlman idi. Onlar Osmanlının gəlişini gözləyirdilər.
 Azərbaycan hökuməti də Bakının azad edilməsi üçün diplomatik fəaliyyətini artırdı. Bu zaman İstanbulda olan Məhəmmədəmin Rəsulzadə türk dövlət xadimləri ilə görüşərək, Bakının azad edilməsinin əhəmiyyətini izah etdi. O, xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə yazdığı 1918-ci il 7 avqust tarixli məktubunda vurğulayırdı ki, Bakıya doğru hərəkət Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti almalıdır. Əks halda, çətinliklər ola bilər.
Hücumların qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində qurulan Sentrokaspi diktaturası general Denstervil başda olmaqla, ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq, Bakı neftindən pay alacağı üçün Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Osmanlı rəhbərliyi Bakının necə olursa-olsun azad edilməsi əmrini verdi. Ağır döyüşlər nəticəsində işğal altında olan şəhər, qəsəbə və kəndlər azad edildi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Bakıya gələrkən ermənilərə arxalanan general Denstervil onların qorxaqlıqlarını görüb şəhəri əldə saxlamağın mümkün olmadığını anladı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. Şəhər zərər görmədi.
İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü. Sentyabrın 18-də Nuru paşa bütün soyuq və odlu silahların təhvil alınması haqqında əmr verdi. Bakı şəhərinin komendantı Cəmil Cahid isə beş maddədən ibarət əmr verərək milliyyətindən asılı olmayaraq, bütün sakinlərin həyatının və əmlakının türk komandalığı tərəfindən qorunduğunu bildirdi. Şəhərdə qayda-qanun yaradıldı. Dükan-bazar işləməyə başladı.
Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və türk silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Bu hadisə azərbaycanlıların milli ruhunu yüksəltdi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar.
Osmanlı dövlətinin oktyabrın 31-də Mondros barışığını imzalayıb müharibədən çıxması Azərbaycanın da vəziyyətinə ağır təsir etdi. Barışığın şərtlərinə görə, Bakıya ingilis qüvvələri gəlməli, buna qədər türk ordusu şəhəri tərk etməli idi. Noyabrın 10-da, bazar günü axşam Bakı ictimai klubunda Azərbaycan hökuməti Nuru paşanın və türk zabitlərinin şərəfinə ziyafət verdi. Ziyafətdə 400 nəfər azərbaycanlı ziyalı və zabit iştirak edirdi. Nazirlər Şurasının sədri Fətəli xan Xoyski nitqində Nuru paşanı hərarətlə salamlayaraq bildirdi ki, indi Azərbaycan türkləri qan qardaşlarının köməyi ilə haqlarını almışlar. Cavab nitqində Azərbaycan Ordusu üçün edilən köməkdən, türkçülükdən və pantürkçülükdən danışan Nuru paşa hərarətlə alqışlandı. “Yaşasın Nuru paşa!”, “Yaşasın Osmanlı və Azərbaycan orduları!” şüarları səsləndi. Saat 8-də ziyafətə gələn Nuru paşa saat 12-də oranı tərk etdi. Ordunun keçdiyi yerlərdə xalq onu hərarətlə yola salırdı. Gəncədə də Nuru paşanın şərəfinə ziyafət verildi. Ordunun çıxarılmasına baxmayaraq, türk hərbçilərinin bir qısmı Azərbaycan Ordusunda xidmət etməyə başladı. Osmanlı hökuməti onlara bir sıra güzəştlər verdi.
Böyük Britaniya Hərb Nazirliyi "təqsirli" türkləri tutub cəzalandırmaq üçün İstanbul, Qahirə və Bağdaddakı ingilis ordu komandanlıqlarına 1919-cu il yanvarın 15-də məxfi teleqram göndərərək, doqquz nəfər türk hərbçisinin yaxalanmasını tələb etdi. Onların arasında Nuru paşa da var idi. Qara siyahıda deyilirdi: "Nuru paşa: Qafqazda keçmiş İslam Ordusunun komandanı. Azərbaycana əsgər yeritməkdə, ermənilərə qarşı zorakılıq etməkdə təqsirkardır”. Nuru paşa həbs edilərək Batumda həbsxanaya salındı.
Lakin Nuru paşa idman edərkən avqustun 8-də Batumdakı ingilis cəza evindən qaçırıldı. Qaçırılan gün ingilis jurnalisti Skotland Liddel Nuru paşa ilə görüşdü. Onlar fransız dilində söhbət etdilər. Jurnalist Nuru paşanı beş ay idi izləyirdi. Onun gah Bakıda, gah Bakıdan 100 kilometr aralıda bir kənddə olduğu, gah da Dağıstanda orduya komandanlıq etdiyi deyilir, digər şayiələr görə isə Nuru paşa Anadoluya, Moskvaya və Əfqanıstana getmişdi. Lakin, əslində, o, heç bir zaman Qafqazı tərk etməmişdi. Skotland Liddel yazırdı ki, Nuru paşa Batumda həbsxananın həyətində gəzərkən 20 nəfər onu oğurladı. Aralarında azərbaycanlı gənclərin də olduğu bu qrup Nuru paşanın qaçırılması üçün bir neçə həftə idi əlverişli məqam gözləyirdi. Britaniya əsgərləri Nuru paşanı qaçıranlara atəş açdı. Lakin cavab atəşi ilə ingilis əsgəri öldürüldü. Britaniya hakim dairələri Nurunun tutulması üçün 1 milyon rubl mükafat ayırdı. Lakin Qafqaz geniş bir diyar olduğu üçün onu tutmaq mümkün olmadı. Burada gizlənmək çox asan idi. Həm də heç kim təyin edilən məbləği almaq üçün müraciət etməmişdi.
Nuru paşa Azərbaycana gəldi. Skotland Liddel yazırdı ki, o, burada özünü evindəki kimi hiss edir, tanınır və sevilirdi. Bütün azərbaycanlı milliyyətçilərin gözündə Nuru paşa qəhrəman idi. Azərbaycanda kimsə onu təslim etmək barədə düşünmürdü. İngiltərə Xarici İşlər Nazirliyinin əməkdaşı Edmonds oktyabrın 31-də yazırdı: "Nuru paşa barışığın 11-ci maddəsinə uyğun olaraq, Azərbaycandan çəkilməyə qarşı çıxdığı üçün yaxalanmışdır. Əlimizin altında tutulmasına dəyər. Amma azərbaycanlıların onu təslim etmək şansı yoxdur". Hətta polkovnik Stoks Azərbaycanın Baş naziri Nəsibbəy Usubbəyli ilə görüşdə bu məsələni qaldırsa da, nəticəsi olmamışdı.
Skotland Liddelin yazdıqları Nuru paşanın şəxsiyyəti haqqında çox şey deyir. Onun yazdığına görə, ilk görüşdə Nuru paşa özünü sadəcə Nuru kimi təqdim etmişdi. Onlar dostcasına bir-birinin əllərini sıxmışdılar. Sktoland Liddel yazır: “Mən uzun müddət belə bir fikirdə idim ki, Nuru onun haqqında deyildiyi kimi, qara, pis adam deyildir. İlk görüşdə bu fikir təsdiq olundu. Mənim qarşımdakı heç şübhəsiz, cinayətkar deyildi. Mənim qarşımda yaraşıqlı, gənc bir adam dayanmışdı. O, orta uca boylu, yaxşı və səliqəli geyinmişdi. Tamamilə Avropa dəbində kostyumda. Qara cizgili şalvarda, dik boyunduruq, qara bağlanmış qalstukda. Nuru yaşından böyük görünürdü. Saçları alnından düz geri daranmışdı. Artıq çallaşırdı. Hər iki tərəfdən ağ çaçlar var idi. Şayiələrə görə, o, saqqal saxlamalı idi. Lakin o, üçünü çox təmiz qırxmışdı. Kiçik bığı istisna olmaqla. Onun sifəti çox yorğun görünürdü. Alnı çox qırışmışdı. Lakin gözəl ağız və möhkəm cənə adama qüvvət verirdi. Tutqun gözləri sıx qaşların altında canlı od kimi parlayırdı”.
Skotland Liddel ilk olaraq Bakının tutulması haqqında sual verir. Nuru paşa cavabında bildirir ki, mən Bakı haqqında danışmaq istəməzdim, lakin siz bu mövzuya toxundunuz. Nuru bildirir: “Yalnız onu deyə bilərəm ki, mən borcumu yerinə yetirdim. Vicdanım qarşısında özümü günahkar hesab etmirəm. Biz Bakıya hücum edən gün, sentyabrın 14-də türk ordusunun sayı çox az – 5 min nəfərə qədər idi. Bakıda isə düşmənin 30 mindən çox silahlı qüvvəsi, 9 zirehli maşını var idi. Şəhəri sürətli hücum ilə götürmək təhlükəli idi. Əgər şəhərdə küçə döyüşləri olsaydı, biz təkcə çoxlu türk əsgərini itirməzdik, eyni zamanda, həmin vaxt tamamilə məğlub ola bilərdik. Tüfəngələr lazım olmazdı. Zirehli maşınlar işə düşərdi. Axı biz Bakını almaq istəyirdik, əsirlər almaq istəmirdik. Axşamüstü bizim ordular təpələri tutdular. İngilislər axşam şəhəri tərk etdilər. Onlar öz aeroplanlarını yandırdılar. Mənim gözlədiklərimin əksinə olaraq düşmən təslim olmadı, ermənilər ya qəhrəmanlıqlarından ya da digər mülahizələrdən Bakı ətrafında müdafiəyə keçdilər. Buna görə də Salyan kazarması ətrafında döyüş qızışdı. Mən mövqeyə baxdım və onu gözəl tapdım. Düşmən burada qələbə qazana bilməzdi. Mən öz qəragahıma qayıtdım. Bir-iki saat ərzində atəş dayandı. Şəhər artıq təslim olmağa hazır idi. Bizim orduların eskadronu şəhərdə idi. Mən bir neçə saat ərzində şəhərdə qayda-qanun yaratmaq barədə düşündüm”.
İngilislərin düşməni olan Nuru paşa sonralar bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı yürüşünü təşviq edənlərdən biri oldu. Lakin qısa müddət keçmiş yanıldığını anlayaraq, bolşevik işğalına qarşı Azərbaycan istiqlal savaşında iştirak etdi. İkinci Dünya müharibəsi illərində isə azərbaycanlı əsirlərin faşizm zülmündən xilasında mühüm rol oynadı.
Sonralar, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının qurultayında çıxışına icazə verilməyən və bolşevik Ostrovskinin oxuduğu Ənvər paşanın nitqində deyilirdi: “Azərbaycana dair başqa bir məqsədimiz yox idi və bu priinsipə sadiq idik: Azərbaycan azərbaycanlılar üçündür. Əgər səhv etmişiksə, bu, faciəmizin nəticəsi idi”.
Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından – 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra isə Qafqaz İslam Ordusu haqqında çoxlu əsər yazıldı və disseratsiya işləri müdafiə edildi. Nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin martında soyqırımı qurbanlarının, 1990-ci il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.
Artıq Cümhuriyyətimizin 100 illiyini yaşadığımız ildə həm rəsmi paytaxtımız, bütün dünya azərbaycanlılarının özünə mərkəz seçdiyi Bakı şəhərinin Türk Ordusu tərəfindən azad edilməsinin 100-cü ildönümüdür. Bu möhtəşəm tarixi gündə yaşadığımız üçün çox xoşbəxtik.

Musa Qasımlı,
AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor,
Milli Məclisin deputatı

14 2018 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin