Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub

Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub

Moskvada, Ədiblər Evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə rus dilində çap edilmiş “İ stal Putyom İstinı ya sam" (“Özüm də Həqiqət Yolu oldum”) kitabının təqdimatı olub.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Moskva Yazıçılar Birliyinin “U Nikitskix Vorot” nəşriyyatında çapdan çıxıb. Dahi şairin 200-ə yaxın qəzəl, rübai, qəsidə, məsnəvi, tərcibəndlərinin yer aldığı kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Püstə Axundovadır.

Təqdimat mərasimində Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük şair və mütəfəkkir Nəsimin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliğinin ümummilli lider Heydər Əliyevinin adı ilə bağlı olduğunu vurğulayan E.Başkeçid xatırladıb ki, Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilib. O, Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun görkəmli şairin əsərlərindən ibarət kitabın Moskvada təqdim edilməsi münasibətilə təbriklərini çatdırıb.

Petrovsk Elm və İncəsənət Akademiyasının (PEİA) vitse-prezidenti Valeri İvanov-Taqanski Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar hadisə adlandırıb. Dövlət Tərcümə Mərkəzi ilə sıx əməkdaşlığından söhbət açan V.İvanov-Taqanski xatırladıb ki, 2015-ci ildə Xalq yazıçısı Afaq Məsudun iştirakı ilə Moskvada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyinin də təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair və tərcüməçi Afaq Şıxlı böyük Azərbaycan şairinin fəlsəfi baxışlarından söhbət açıb, Nəsimin “Hardasan” qəzəlinə nəzirəsini səsləndirib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov kitabın tərtibatçısı Püstə Axundova, fəlsəfə doktoru, şair Maya Bədəlbəyli, şair Sultan Mərzili və başqaları mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsindən danışıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Oktyabr 2019 11:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə