• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz İslam Ordusu və Azərbaycanın xilası

Qafqaz İslam Ordusu və Azərbaycanın xilası
 (əvvəli qəzetin 13 və 14 sentyabr 2018-ci il tarixli sayında)
 
Cəbhədə yaranmış ­nisbi sakitlikdən daşnak-bolşevik qüvvələri öz xeyrinə istifadə etməyə cəhd göstərirdilər. Qırmızı ordu hissələrindəki böhran Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qurumunu dağılma həddinə çatdırmışdı. Bu bolşevik qurumunu və onu təmsil edənləri məhv olmaqdan, yalnız cəbhədə Qafqaz İslam Ordusu hissələrinin qarşısının alınması xilas edə bilərdi. Yaxınlaşan süqutdan xilas olmaq üçün əsas ümid isə Sovet Rusiyasından gələn köməyə bağlanırdı. Leninin göstərişi ilə Petrovun komandanlığı altında 780 nəfərlik yaxşı silahlanmış Sovet qoşun dəstəsi Ukrayna cəbhəsindən Bakıya göndərildi. İyulun 19-da öz dəstəsi ilə Bakıya gələn Petrov Bakı rayonunun hərbi komissarı təyin edildi. S.Şaumyan yaxşı başa düşürdü ki, təkcə Petrovun dəstəsi ilə Qafqaz İslam Ordusunun Bakı üzərinə başlanan yürüşünün qarşısını almaq mümkün deyildir. Bu məqsədlə Bakı Soveti yerli əhaliyə müraciətlər edir, qeyri-azərbaycanlılarda millətçi-şovinist hissləri qıcıqlandırmaqla, bolşevik-daşnak cəbhəsinə əlavə qüvvələrin cəlb olunmasına cəhdlər göstərirdi.
Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər. 
Uzun müddət Bakı Sovetinin təmsilçiləri olan eserlər və daşnaklar güman edirdilər ki, ingilislər Bakıya gəlməklə həm Qafqaz İslam Ordusunun qarşısını alacaq, həm də onların Bakıda mövqelərini möhkəmlədəcəklər. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər. 
Qafqaz İslam Ordusunun komandanı Nuru paşa kəşfiyyatın, habelə Bakıdan qaçıb gəlmiş azərbaycanlıların verdiyi məlumatlar əsasında cəbhədə cərəyan edən prosesləri öz nəzarətində saxlayırdı. Düşmən cəbhəsində yaranmış təlaşdan mümkün qədər çox yararlanmaq üçün Nuru paşa iyulun 24-də Mürsəl paşaya göndərdiyi teleqramda iyulun 26-da Bakı üzərinə qəti hücuma başlamağı tövsiyə edirdi. Ancaq Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda Bakı üzərinə qəti hücumun başlanması vaxtının dəyişdirilməsini xahiş edirdi. Mürsəl paşaya görə, ordu hissələri üçün zəruri olan silah-sursat onlara çatdırılmamış, dəmir yolu xəttinin sökülməsi, körpülərin partladılması Cənub qrupunun hərəkətini xeyli ləngitmişdir. Bu qrup Bakı ətrafına gəlib çatmadan qətiyyətli və uğurlu hücumu həyata keçirmək mümkün deyildi. Mürsəl paşa Bakı üzərinə hücumun iyulun 28-də həyata keçirilməsini xahiş edirdi. 
İyulun 28-də verilən döyüş əmrinə görə, Şimal qrupu Bakı istiqamətində hücumunu davam etdirərək Bakı ətrafına çatmalı idi. İyulun 29-u və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatdılar. Düşmənin müqaviməti nəticəsiz başa çatırdı.
Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması şəhərin tezliklə süqut edəcəyinə bir inam yaratmışdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Bu nümayəndə heyətinin göndərilməsi, onun apardığı məktuba verilən cavab ilə Ənvər paşa şəxsən maraqlanırdı. Ənvər paşadan alınan teleqramda deyilirdi ki, ermənilər dincliklə Bakını təhvil versələr, onların Ermənistana keçməsi üçün hər cür şərait yaradılacaqdır. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər. 
İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət – “Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət Daşnaksütyun partiyasının əlində idi. 
Avqustun ilk günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı üzərinə yürüşü davam etdirildi. Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə “Sentrokaspi” qoşunları arasında döyüşlər yenidən başladı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa yenidən şəhərdəki qüvvələrə məktub göndərdi. Məktub rus və türk dillərində yazılaraq Bakıdakı Erməni Milli Şurasının sədrinə və “Sentrokaspi” ordusunun komandanına ünvanlanmışdı. Məktubda deyilirdi: “Cənab Erməni Milli Şurasının sədri, sizə aydındır ki, Bakı ətrafında türk qoşunu dayanır. Əgər siz şəhəri döyüşsüz təslim etməyə razı olsanız, milliyyətindən və dinindən asılı olmayaraq hamının hüquqlarının qorunmasına zəmanət verirəm. Əgər şəhər təslim edilməsə, şəhər alınandan sonra axıdılan qan və dəyən ziyanın məsuliyyəti sizin üzərinizdə qalacaqdır”. Lakin Erməni Milli Şurasının və Daşnaksütyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar.
Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi altında Ənzəlidəki ingilis qoşunlarının kiçik bir dəstəsi Bakıya gəldi. Alınan hərbi yardım “Sentrokaspi” diktaturasının liderlərində ümidverici bir əhval-ruhiyyə yaratdı. Heç şübhəsiz ki, ingilislərin “Sentrokaspi” qüvvələrinə köməyə gəlməsi daşnak ordusunun fəaliyyətində bir canlanma yaratdı. “Sentrokaspi” rəhbərliyi Bakıda təbliğat apararaq, hamını inandırmağa çalışırdı ki, guya qısa bir vaxtda ingilislər türk ordusuna qarşı 30 minlik qoşun göndərəcəklər. Bu təbliğat öz nəticəsini verdi. 
Bakı üzərinə hücumun Şimal qrupu tərəfindən icra edilməsi nəzərdə tutulmuşdu. Cənub qrupu isə daha çox yardımçı rol oynamalı idi. Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi. Səhər saatlarında başlayan döyüşlərdə Qafqaz İslam Ordusu hissələri hərbi təşəbbüsü ələ aldılar. Onların üstünlüyü bütün cəbhə boyu hiss edilməkdə idi. İlk zərbədən sonra “Sentrokaspi” qoşunları geri çəkilməyə başladı. Bayıl ətrafındakı yüksəkliklər, “Qurd qapısı” təpəlikləri boyunca uzanan müdafiə xətti Qafqaz İslam Ordusu qüvvələrinin əlinə keçdi. Lakin düşmənin müdafiə xəttinin ləğv edilməsinə və ikinci müdafiə xəttinə yaxınlaşmasına baxmayaraq, kifayət qədər top mərmisinin tədarük edilməməsi artilleriya hücumlarının dayandırılmasına səbəb oldu. Artilleriya hücumundan məhrum olan piyadalar müdafiəyə keçmək məcburiyyətində qaldılar. Düşmən Qafqaz İslam Ordusu hissələrini 4 kilometr geri çəkilməyə məcbur etdi. Avqustun 5-nə qədər davam edən qanlı vuruşmalarda düşmən tərəf 2 min nəfər itki vermiş, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid olmuş, 463 nəfər isə yaralanmışdı. 
Qafqaz İslam Ordusunun Bakı üzərinə hazırladığı hücumun boşa çıxması düşmən cəbhəsində ruh yüksəkliyi yaratdı. Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi surətdə orduya çağırıldı. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olundu. 
Bakı üzərinə hücumun uğurla başa çatdırılması üçün bura, təkcə yeni qüvvələr gətirmək deyil, həm də mövcud qüvvələrin mənəvi–psixoloji durumunu bərpa etmək, onlara qələbə inamını qaytarmaq lazım idi. Beş avqust uğursuzluğundan bir neçə gün sonra Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış bir müraciətnamənin məzmunu da bu məqsədə xidmət edirdi. Türk əsgərinə ünvanlanmış həmin müraciətnamədə deyilirdi: “Türk Ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili Vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: “Eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. 
Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərmağan apar!”.
Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm–dirim məsələsi idi. İstanbulda olan M.Ə.Rəsulzadə xarici işlər naziri M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: “Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında cətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!”. 
Beş avqust döyüşündən sonra Bakı ətrafında bir müddət nisbi sakitlik yarandı. “Sentrokaspi” və ingilis qoşunları həmin gün qazandıqları hərbi uğuru genişləndirməyə cəhd göstərsələr də, Qafqaz İslam Ordusu hissələri onlara lazımi cavabı verdi. “Sentrokaspi” rəhbərliyi şəhər əhalisi arasında həm səfərbərlik aparır, həm də təbliğat işlərini genişləndirirdi. “Sentrokaspi” rəhbərliyi keçmiş Bakı Soveti qüvvələrinin əlində olan silahları və hərbi qüvvələri də Qafqaz İslam Ordusuna qarşı mübarizəyə cəlb etməyə çalışırdı. Lakin bütün bunlar Bakının azad edilməsi ilə bağlı Qafqaz İslam Ordusunun ikinci hücumuna mane ola bilmədi. Üç tərəfdən mühasirəyə alınan Bakı artıq qurudan yardım almırdı. Yalnız ordunun ehtiyacını ödəmək üçün Ənzəli və Lənkərandan dəniz yolu ilə “Sentrokaspi” diktaturasına yardım gəlirdi. 25 avqusta qədər iki tərəf arasında top və pulemyot atəşləri açılır, bəzən isə mövqe döyüşləri baş verirdi. 
Qafqaz İslam Ordusu komandanlığı Abşeron yarımadasının şərq və şimalında yerləşən müsəlman kəndlərində könüllü qüvvələr təşkil etməyə, Sabunçu, Balaxanı və Binəqədi tərəfdən yeni cəbhələr təşkil edib Bakının mühasirəsini daraltmağa başladı. Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirdi. Beləliklə, ikinci Bakı hücumu ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarətinə keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20.30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.
Sentyabrın 15-də döyüşlər səhər saat 5.30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Hücum planına görə, Ermənikəndin cənubundan keçmək şərti ilə şəhərin qərb hissəsinin ələ keçirilməsi 5-ci diviziyaya həvalə olunmuşdu. 15-ci diviziya isə sağ cinahı Ermənikənddən keçmək şərti ilə şəhərin şimal və şərqindən irəliləməli, Qaraşəhər ərazisini nəzarət altına almalı idi. Azərbaycan könüllü hissələri isə Sabunçudan şəhərə gələn dəmir yolu xətti boyunca hücuma keçib Keşləyə girməli və orada möhkəmlənməli idi. Milli qüvvələrin digər bir hissəsinə Əhmədli istiqamətindən şəhərə doğru hücuma keçmək həvalə olunmuşdu. Əhmədlidən irəliləməkdə olan və əsasən milli qüvvələrdən təşkil edilən süvari dəstəsinə Qarayazı süvari alayı, Ləzgi süvari alayı və digər milli süvari bölükləri daxil idi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 10.30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn “Sentrokaspi” rəhbərliyinə aşağıdakı şərtlər diktə edildi: 
1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. Top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.
Bu şərtlərin qəbul edilməsi ilə yanaşı, əhalini sakitliyə, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq, “Sentrokaspi” nümayəndə heyətinə verildi. 
Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. 
Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdir. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdir. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi. 
Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. 
Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular Qrupunun komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”. Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan İmperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithiaf edirəm”. Bu tarixi günü və hadisəni M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: “15 sentyabr Azərbaycan xalqının tarixində 28 mayıs qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır”. 
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar duyuram. Millət sizə minnətdardır”.
Bakıya daxil olan Türk Ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi. 
Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı… 
1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq, 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: “Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin”!

Anar İsgəndərov,
tarix elmləri doktoru, professor
14 2018 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin