Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir Azərbaycanın xilaskarı

Müasir Azərbaycanın xilaskarı

Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin andiçmə mərasimindəki nitqindən
10 oktyabr 1993-cü il


Dərin siyasi təfəkkürə malik, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bir hissəsi sovet dövrünü əhatə etmişdir. Hələ o dövrdə nəinki SSRİ miqyasında, hətta dünya arenasında yüksək peşəkarlığı ilə özünə nüfuz qazanmış siyasi xadim öz şəxsi keyfiyyətləri, siyasi bilik və bacarığı ilə dünyadakı siyasi proseslərin gedişinə həlledici təsiri ilə seçilmişdir. Bir fakt önə çəkilməlidir ki, SSRİ dağıldıqdan sonra dünyanın əksər siyasi liderləri ulu öndərin şəxsində Azərbaycanın, bütövlükdə Qafqazın geosiyasi vəziyyətini dərindən öyrənməyə, bölgədə strateji əlaqələrin qurulmasında Heydər Əliyev şəxsiyyətinin gücünə çox böyük ehtiyac ­duydular.

Proseslərin gedişatı göstərdi ki, əgər dahi siyasi xadim gedən proseslərə yaxından köməklik göstərərsə, bütövlükdə bölgənin firavanlığına nail olmaq mümkündür. Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir. Hətta SSRİ dağıldıqdan sonra xalqlar arasında belə bir fikir vardı ki, əgər müəyyən məqamlarda SSRİ-nin hakimiyyət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik şəxsiyyət olsaydı, xalqların həyatında belə faciələr baş verməyəcəkdi. Çünki bu şəxsiyyətin nüfuzu, əməli işləri, yüksək idarəçilik məharəti hələ o zamanlar dünya ictimaiyyətinə məlum idi. Bəşəriyyətə belə dahi bəxş edən və məhv olmaq təhlükəsindən onun rəhbərliyi ilə nicat tapan Azərbaycan xalqı xoşbəxt xalqdır.
 Qeyd etmək lazımdır ki, Sovet İttifaqı dağıldıqdan sonra ən çox zərər çəkən məhz Azərbaycan Respublikası olmuşdur. Həmin ərəfədə Heydər Əliyevin böyük nüfuzu M.Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirməkdə mane olurdu. Heydər Əliyev Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı milli siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi. 
Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdi. Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, oradan jurnalistlər qarşısında öz hiddət və qəzəbini bütün dünyaya bəyan etdi. 
Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu – böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala, əvvəldə qeyd olunduğu kimi, siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf edirdi. Həmin acı tarixi yaşamış Azərbaycan xalqı səriştəsiz rəhbərlərin ucbatından ərazisinin böyük bir hissəsini itirmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi. Dahi siyasi xadimin Vətən və xalq təəssübkeşliyi onu belə vəziyyətdə xalqından ayrı qoya bilməzdi. Öz həyatını böyük təhlükələr qarşısında qoyan ulu öndər canından əziz bildiyi Vətəninin parçalanıb yenicə bərpa etdiyi müstəqilliyini itirmək üzrə olduğu bir zamanda həyatının qalan hissəsini də xalqına bağışlamağa qərar verdi, siyasi hakimiyyətə qayıtdı. Əvvəlcə Ali Sovetin sədri seçildi, az sonra ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində inamla qələbə qazanaraq dövlət başçısı seçildi. 
Oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində isə mövcud vəziyyəti və xalqın nicat yolunun müəyyənləşdirilməsi istiqamətində geniş bir konsepsiyanı ortaya qoydu. Dahi siyasi xadim həmin mərasimdə bütün sahələrdə gələcək hədəfləri müəyyənləşdirərək demişdir: “Respublika üçün ən ağır məsələ beş ildən artıq müddətdə Azərbaycanın müharibə şəraitində olması, erməni silahlı qüvvələri tərəfindən ərazimizə təcavüz edilməsi və bunun nəticəsində Azərbaycan xalqının böyük bəlalara düçar olmasıdır. Ona görə də Azərbaycan Respublikasının müharibə şəraitindən çıxması və vətəndaşlar üçün rahat, sakit, əmin-amanlıq şəraiti yaradılması qarşımızda duran əsas vəzifədir. Azərbaycanın ağır müharibə şəraitinə düşməsi, bu problem, yəni Qarabağ problemi başlanan dövrdən respublika rəhbərliyinin, keçmiş Sovetlər İttifaqı rəhbərliyinin buraxdığı səhvlərin nəticəsidir. Lakin təəssüf ki, ötən dövrdə respublikanın bu vəziyyətdən çıxması üçün lazımi tədbirlər görülməmişdir. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran axır zamanlar daha da dərinləşmiş və 1993-cü ildə, demək olar, son həddə çatmışdır”.
Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı. 
Bütün bunların fonunda çox böyük məharətlə neft strategiyasını işləyib hazırladı. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu sahədə ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. 
Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Vaxtilə “Neft daşları”nın salınması Azərbaycanı Xəzərin söz sahibi etmişdisə, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” də müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi. 
Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsinin reallaşdırılması oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq dedi ki, “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu. 
Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı. Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Bunlar isə hələ andiçmə mərasimində xalqının qarşısında verdiyi vədlərin tərkib hissəsi idi. Ümummilli lider demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.
 Bu yolla getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir. Bunun üçün Azərbaycanda bütün imkanlar yaranıb və bundan sonra da yaranacaqdır. Azərbaycanda insan azadlığı, söz azadlığı, din azadlığı, dil azadlığı, vicdan azadlığı ... bunların hamısı demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən şərtlərdir. Biz bu şərtlərin bərqərar olmasını təmin edəcəyik. Azərbaycanda çoxpartiyalı cəmiyyət yaranmaqdadır. Bir çox partiyalar yaranıb və bundan sonra da yaranacaqdır. Bunların yaranması və inkişaf etməsi üçün Azərbaycan dövləti bütün imkanları təmin edəcəkdir və çoxpartiyalı cəmiyyət, demokratik prinsiplərin bərqərar olduğu cəmiyyət, şübhəsiz, Azərbaycanın müstəqil bir dövlət kimi inkişafına kömək edəcəkdir”.
Böyük dövlət xadimi Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çıxarmış, başqalarını ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur etmişdir. Verdiyi vədə sadiq olan dahi siyasi xadimin rəhbərliyi ilə çox böyük zəhmətlər hesabına 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. 
Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Odur ki, andiçmə mərasimində o xalqı qarşısında öz üzərinə çox böyük öhdəliklər götürdü: “Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur. Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsilə nəsildən-nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir”.
Ulu öndər qeyd etdi ki, “respublikamızın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır. Müstəqillik əldə edildikdən sonra xarici siyasət sahəsində təəssüf ki, az iş görülmüşdür. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir. Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmürük. Lakin, eyni zamanda, nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü, xarici siyasət vasitəsilə təmin etməyə çalışacağıq. Güman edirəm ki, bundan sonra görüləsi işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaqdır və respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutacaqdır”. 
Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı. Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev xalqının etmadını qazanmış, dəfələrlə dövlətimizin başçısı seçilərək ulu öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin davamlı olaraq yerinə yetirilməsinin öhdəsindən layiqincə gəlmişdir. Ötən illər ərzində “açıq qapılar” və “balanslaşdırılmış siyasət” prinsipləri Azərbaycanın əsas strateji hədəfləri kimi dünyada özünəməxsusluq qazanmışdır. Bir tərəfdən təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən böyük müəllimi Heydər Əliyev kimi fenomenin qiymətli tövsiyə və məsləhətləri İlham Əliyevə bu mühüm tapşırıqların öhdəsindən layiqincə gəlməyə imkan verdi. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımız xoşbəxt gələcəyini məhz bu ­siyasi kursda görür.

 

İlham Məmmədzadə,
AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

10 Oktyabr 2019 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə