Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömrün qızıl salnaməsi

Ömrün qızıl salnaməsi

Azərbaycan Respublikası bir müstəqil dövlət kimi ­özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun ­yaradılması bizim əsas vəzifəmizdir.
Heydər Əliyev
Ümummilli lider


Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qaldı. XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi bir sıra faciələri məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında mətinliklə aradan qaldırdı, suverenliyini möhkəmləndirdi, onu əbədi və dönməz etdi. Xalqımızın tarixi taleyində onun qədər misilsiz xidmətlər etmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Xalqımızın tarixi yaddaşında böyük əhəmiyyətə malik elə günlər var ki, həmin günləri unutmaq olmur. Məhz o dönəmdə xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Düz 26 il bundan əvvəl xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edərək 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyevə etimad göstərərək onu 98,84 faiz səslə Azərbaycan Prezidenti seçdi. Heydər Əliyevin seçkilərdə belə böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın ulu öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək lider yalnız və yalnız Heydər Əliyevdir. 
 Həmin dönəmdə siyasi arenada gözlərimiz önündə baş verən hadisələri hər bir azərbaycanlı yaxşı xatırlayır. Azərbaycan 1991-ci il oktyabrın 18-də tarixi uğur qazanaraq dövlət müstəqilliyini yenidən bərpa etsə də, onu qoruyub saxlamaq çətin idi. Çünki ölkədə gedən proseslər, xaos, siyasi qarşıdurma, hakimiyyət uğrunda mübarizə böyük təhlükələrə meydan açmışdı. Ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Daxili çəkişmələr, silahlı qüvvələrin torpaqlarımızın müdafiəsindən ayıraraq, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə cəlb edilməsi, Ermənistanın təcavüzü böyük çətinliklər yaratmış, xalqın sabaha inamı itmişdi. Həmin kritik dövrdə məhz Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə həyatını təhlükəyə ataraq çiyinlərini son dərəcə ağır bir yükün altına verdi. Çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərdi, təbiətin ona bəxş etdiyi özünəinam və siyasi uzaqgörənliklə xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı. 
 Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq səhifəsi idi. Bu tarixi səhifəni yalnız Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, qətiyyəti, siyasi savadı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib ən əlverişli yolu seçən Heydər Əliyev kimi siyasətçi yaza bilərdi. Həmin illərdə ümummilli lider Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımızda sabaha inam oyatdı, onu yeni, firavan, ildən–ilə gözəlləşən müstəqil Azərbaycan quruculuğuna ruhlandırdı. 
 Dahi şəxsiyyət 1993-cü ilin 10 oktyabrında keçirilən andiçmə mərasimində deyirdi: “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Heydər Əliyev bu sözləri dedi və əməlləri ilə sözünün arxasında durduğunu isbat etdi. 
 Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının dirçəldilməsi üçün gördüyü tədbirlər ölkəmizin dünya birliyinə açılan yoluna işıq saçdı. Ümummilli liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri milli dövlət quruculuğunu həyata keçirmək idi və bunun üçün qısa zaman kəsiyində mühüm işlər görüldü. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurulucuğu uğurla həyata keçirilməyə başladı. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.
 İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar qazandı, səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları artdı, genişləndi. Dünya siyasətində seçilən dövlət başçıları arasında fenomen istedadı və liderlik qabiliyyəti ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi tanındı. Bu qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq ulu öndərin timsalında Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Böyük düha sahibi Heydər Əliyev xalqını müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, respublikanı yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail oldu. 
Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün prioritetlərin əsasında müstəqil respublikanın inkişaf perspektivləri – düşünülmüş, balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi bütün vətəndaşlar üçün Vətən olması və digər bir-birindən məsuliyyətli vəzifələr dayanırdı. Yaşadığımız o çətin günləri xatırladıqca görürsən ki, müdrik strateq Heydər Əliyev qarşıya qoyduğu bu hədəflərə doğru böyük cəsarət tələb edən addımlarla irəliləmişdi. Həmin dönəmdə bəlkə də inandırıcı görünə bilməzdi ki, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir dövlət 1 ildən sonra dünyanın ən nəhəng ölkələrinin neft şirkətləri ilə “Əsrin müqaviləsi” kimi dünya əhəmiyyətli, irimiqyaslı saziş bağlayacaq. Bütün çətinliklərə baxmayaraq, ulu öndər bunu etdi və üzərinə götürdüyü bu ağır yükün məsuliyyətini dərk etdiyini, gələcək nəsillərin bu tarixi hadisəni layiqincə qiymətləndirəcəyinə ümidvar olduğunu çıxışlarında xüsusi vurğuladı. Zaman göstərdi ki, Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş respublikamızda neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab olunan “Əsrin müqaviləsi” ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyətli rol oynadı.
Heydər Əliyevin xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyin digər təsisatları kimi vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının da əsasını qoydu. Özündən əvvəlki sələflərinin səriştəsizliyi, kürsü uğrundakı mübarizələri ucbatından itirilmiş torpaqlar, böyük qaçqın – köçkünlər ordusu, başıpozuq silahlı qüvvələri yenicə qurulmuş dövlətin qarşısında ən böyük problemlər idi. Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizami ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq ­mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. 
Prezident nitqində qətiyyətlə bəyan edirdi ki, şəhidlərimizin qanı yerdə ­qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır. 
Bir müddət sonra Ermənistan–Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli şərait, imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi. Ordumuz müasir silah və sursatla təmin olundu. Yaxın keçmişdə, 2016-cı ilin aprelində Silahlı Qüvvələrin təmas xəttində baş verənlər, “dördgünlük” Aprel döyüşləri sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Hərtərəfli üstünlüyü ilə düşmən ­ordusunu susduran Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini nümayiş etdirdi. Ən nəhayət, ötən il keçirilən möhtəşəm hərbi parad Azərbaycanın modern Silahlı Qüvvələrinin, nizami ordusunun olduğunu hamıya göstərdi. Həm də ölkə əhalisinin hakimiyyətə etimadını, gələcəyə inamını daha da möhkəmləndirdi. Həmin paraddan sonra dostlarımız sevindi və düşmənlərimiz isə təbii ki, qəm-qüssəyə batdı. 
 Ulu öndər 1993-cü ildən dövlət quruculuğu istiqamətində başladığı islahatları ictimai rəyə, sosial sifarişə əsaslanmaqla həyata keçirirdi, ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində hər bir vətəndaşın iştirakını vacib sayır, xüsusən də cəmiyyətin üzdə olan intellektual təbəqəsi ilə sıx ünsiyyətə böyük üstünlük verirdi. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də AMEA-da alimlərlə, sentyabrın 22-də isə gənclərlə keçirdiyi görüşləri xüsusi xatırlatmaq yerinə düşür. Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdıqdan az sonra, ictimaiyyətlə ilk görüş yeri kimi məhz Milli Elmlər Akademiyasını seçməsi, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin – ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini bir daha nümayiş etdirdi. Həmin tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etdi, vəziyyətdən çıxış yollarını göstərdi, cəmiyyətin bütün təbəqələrini, o cümlədən, alimləri milli problemlərin həllində fəal iştiraka çağırdı. 
1995-ci ildə ümummilli lider xalqın iradəsi ilə Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail oldu. Azərbaycan dövlətinin siyasətinin prioritetləri əsasında o cümlədən, təhsil sahəsində islahatlara da məhz bu illərdə – 1995-98-ci illərdə start verildi. 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün xüsusi sərəncamla Dövlət Komissiyası yaradan Heydər Əliyev bununla da təhsildə yeni islahatların başlanmasına start verdi. Uzaqgörən siyasətçi qısa bir müddətdə Dövlət Komissiyası tərəfindən hazırlanan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nı imzaladı. Bundan sonra Azərbaycan təhsilinin gələcək İnkişaf Konsepsiyası müəyyənləşdirildi, təhsilin ayrı-ayrı pillələri üzrə əməli fəaliyyətə başlandı. Məhz bu dönəmdə biz Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətli inteqrasiyasının, inkişaf etmiş ölkələrlə bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin şahidi olduq. Heydər Əliyev xaricdə təhsil almaq ənənəsini bərpa etdi, minlərlə gənci xaricə, dünyanın inkişaf etmiş ölkələrində, nüfuzlu universitetlərdə təhsil almağa göndərdi. 
Ümummilli liderin təhsil islahatları adıçəkilən məsələlərlə bitmir. Qısa zaman kəsiyində ölkədə genişlənən məktəb tikintisi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchizatı, bir çox institutlara “universitet” statusu verilməsi, 6 yeni akademiyanın yaradılması, özəl ali təhsil müəssisələrinin fəaliyyətinin qanuniləşdirilməsi və saymaqla bitməyən təhsil islahatları böyük siyasi xadimin adı ilə bağlıdır. 
Prezident Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyi 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı da ağır sınaqlardan uğurla, üzüağ çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar macalda Vətənin müstəqilliyini, xalqın azadlığını həyatda qalmaqdan üstün tutan ümummilli lider kimi xalqının yanında oldu, dövləti, dövlətçiliyi qorudu. Dar ayaqda, çətin gündə xalqını, Vətənini başsız qoyub qaçan “rəhbərlər”dən fərqli olaraq, o, mətinliklə bütün təhlükələrə sinə gərdi və prezidentlik borcunu yerinə yetirdi. Hamımız o ağır dövrü yaşamış, baş verən hadisələrin şahidi olmuşuq və həmin günləri yaxşı xatırlayırıq. 
 Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, o, bu ağır günlərdən alnıaçıq, üzüağ çıxmağı bacardı. Şübhəsiz ki, illərin təcrübəsi, siyasi müdriklikdən irəli gələn uzaqgörənlik, iradə yenilməzliyi kimi liderlik keyfiyyətləri ona kömək olurdu. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir, Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin ən unudulmaz səhifələridir. Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün nə qədər böyük işlər gördüyünün şahidi olurlar. Ulu öndərin şərəfli bir ömrün ən gözəl hesabatı kimi dəyərləndirilən “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bü günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”- sözləri də dediklərimizi təsdiq edir. 
 Bu gün qürurla deyə bilərik ki, xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli-mənəvi dəyərləri, həyatının, demək olar ki, bütün sahələrini məhz Heydər Əliyev dövründə təkmilləşdirərək millət kimi mövcudluğunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu möhkəm bünövrənin üstündə ucalır. Azərbaycan bugünkü dinamik inkişafına məhz o ağır illərdən keçərək nail olub. 
Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində, şəhərlərdən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri, iqtisadiyyatın dinamik inkişafı nəticəsində əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, xarici siyasətdə qazanılan uğurlar müstəqil dövlətimizin gücünü bütün dünyaya bəyan edib. Bu gün qüdrətli Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır. 

 

Gülçöhrə Məmmədova,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Əməkdar memar

 

10 Oktyabr 2019 01:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə