Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəlblərdə əbədi iz qoymuş görkəmli şərqşünas alim

Aida İmanquliyeva – 80

Qəlblərdə əbədi iz qoymuş görkəmli şərqşünas alim

Hər bir millətin inkişaf tarixində onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçəklənmə dövrü olur. 

Aida İmanquliyeva, 
filologiya elmləri doktoru, professor


Aida İmanquliyeva…Bu ad Azərbaycan sərhədlərindən çox uzaqlarda da yaxşı tanınır. İnsanların xatirələrində dərin iz qoymasına səbəb kimi, onun çoxşaxəli elmi yaradıcılığı ilə yanaşı, həm də sadə, humanist, xeyirxah və iradəli bir qadın olması göstərilir.

Görkəmli alim, professor Aida İmanquliyevanın dünya şərqşünaslığı tarixində xüsusi yeri var. Çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açması Aida xanımın elmi potensialını və dərin biliyini dünyada tanıtdırmışdır. Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor qadın olan bu gözəl Azərbaycan xanımının çoxşaxəli yaradıcılığı, ictimai həyatda fəallığı, habelə xeyirxahlığı və humanistliyi insanların yaddaşlarında dərin iz qoymuşdur. 
Müasirlərinin ən xoş xatirələrində zərif, kövrək qəlbli, yüksək zəkalı, zəhmətkeş və qayğıkeş, o cümlədən həssas və dostcanlı olması ilə qalmış bu xanımın elmi-pedaqoji fəaliyyətinin əsas qayəsini xalqın maariflənməsi, tərəqqiyə qovuşması, milli yaddaşın qorunması kimi nəcib niyyətlər təşkil etmişdir. Aida xanımın bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı olduğunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları, ərəblərin özləri belə etiraf edirlər. 
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda, görkəmli ictimai-siyasi xadim, professor, Əməkdar jurnalist Nəsir İmanquliyevin ailəsində dünyaya göz açmışdır. Nəsir İmanquliyevin yaratdığı və 30 il ərzində fasiləsiz rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetləri ötən əsrin 60–90-cı illərində Azərbaycan mətbuatının inkişafında mühüm rol oynamışdır. Bu qəzetlərin səhifələrində dərc edilən, həyatın bütün sahələrini – iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və başqa məsələləri əhatə edən materiallar bu gün də öz aktuallığını saxlayır. Orta nəsildən olan azərbaycanlı jurnalistlərin bir çoxu Nəsir müəllimin tələbələri olmuşdur. Belə bir mühit Aida xanım İmanquliyevanın ədəbi-elmi yaradıcılıqla məşğul olması üçün mənəvi zəmin yaratmışdı. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin təsirinin nəticəsidir ki, Aida xanım İmanquliyevanın həyat və yaradıcılığı milli ziyalı qadınlar arasında bənzərsizliyi, yüksək keyfiyyətləri ilə seçilirdi. 
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almış Aida xanım 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım keçmiş SSRİ-də və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi. 
Aida İmanquliyeva elmi fəaliyyətlə məşğul olmaqla yanaşı, şərqşünaslıq sahəsi üzrə milli kadrların hazırlanmasına da böyük töhfə vermişdir. O, bir ziyalı kimi elmi, istedadı, təşkilatçılıq qabiliyyəti ilə seçilmiş və dövrünün ideal pedaqoqu olmuşdur. Hələ o dövrdə təhsildə mənəvi-əxlaqi dəyərləri önə çıxararaq, pedaqoji təhsilin yeni forma və metodlarını müzakirə etmişdir. A.İmanquliyeva öz təcrübəsini təhsil prosesində tələbələrə şəxsiyyət kimi humanistcəsinə yanaşmaq ilə bağlı dəyərli fikirlərini, onlara olan dərin sevgisini hiss etdirmişdir. 
Maarifçi xanım ən əsası bir insan kimi yüksək keyfiyyətləri özündə cəmləmişdir. O, 20 ildən artıq Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir. Dünyanın bir sıra ölkələrində, o cümlədən ərəb dünyasında yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Azərbaycanın Aida xanımla birlikdə çalışmış tanınmış ziyalıları bildirirlər ki, onun ərəb ədəbiyyatı haqqında yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər BDU-nun Şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, mötəbər elmi vəsaitlərdəndir.
Henri Biqer deyirdi ki, “Hər xeyirxah əməl göylərə aparan nərdivanın bir pilləsidir”. Həm ictimai fəaliyyəti, həm də şəxsi keyfiyyətləri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olan Aida xanım İmanquliyeva, təəssüf ki, 53 yaşına çatmadan dünyasını dəyişdi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirirlər. 
Aida xanımın qızı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “Rossiya 1” televiziya kanalına müsahibəsində anası haqqında belə açıqlama vermişdir: “Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam. Bu itki, yəqin ki, məni çox möhkəmlətdi”. 
Aida xanımın vaxtsız vəfatı həm rus, həm də Azərbaycan şərqşünasları üçün ağır bir itki olmuşdu. Belə ki, AMEA Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüşdü. Aida xanım yaradıcılığının, demək olar ki, çiçəkləndiyi dövründə dünyasını dəyişdi. Tanınmış ərəbşünaslarımızın sözlərinə görə, Rusiyanın məşhur ərəbşünas alimləri məhz Aida İmanquliyevanın vasitəsilə Bakıya ayaq açmış, Azərbaycan ərəbşünaslığı ilə tanış olmuşdular.
Haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində yüksək mənəviyyatlı kamil insan, geniş erudisiyası olan dəyərli alim, unudulmaz müəllim, qayğıkeş ana, ləyaqətli qadın kimi qalmış Aida İmanquliyeva həm də daxili gözəlliyi və məhəbbəti yüksək qiymətləndirirdi. “Məhəbbət və gözəllik elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”, – deyən Aida xanım təbiətin gözəllik və ilham mənbəyi, əbədi və hər şeyi əhatə edən həqiqətin ifadəçisi olduğunu vurğulayırdı. 
Birinci vitse-prezident Mehriban Əliyeva anasının son dərəcə gözəl qadın olduğunu belə açıqlayır: “O, istənilən yerə daxil olan zaman hamı qeyri-ixtiyari dönüb ona baxardı. O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi”. 
Aida xanımın qısa, amma çox parlaq və xoşbəxt həyat yaşadığını deyən Mehriban xanım Əliyeva anasının Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirdiyini də bildirir. 
Anasının yüksək dərəcədə savadlı, vətənpərvər, prinsipial bir alim olduğunu vurğulayan digər qızı – M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva  xatırlayır ki, Aida xanım, eyni zamanda,  çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək etməyə hazır olan bir qadın idi. Özündən sonra böyük irs qoyub getmiş Aida xanımın xatirəsi bu gün milyonların qəlbində məhz ziyalılıq və mənəviyyat mücəssəməsi kimi yaşayır, həmişə sevgi və ehtiramla anılır.

 

“Xalq qəzeti”

10 Oktyabr 2019 01:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə