• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şanlı və kədərli yüzillər” adlı elmi sessiya

“Şanlı və kədərli yüzillər” adlı elmi sessiya

Sentyabrın 14-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Şanlı və kədərli yüzillər” adlı elmi sessiya keçirildi. Muzeyin direktoru Milli Məclisin deputatı, akademik Rafael Hüseynov tədbiri açaraq Azərbaycanın yaxın tarix səhnəsində mühüm rol oynamış ilk milli parlamentli dövlət olan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli yol haqqında məruzə etdi. Bildirildi ki, 1918-ci ilin yay-payız aylarında yenicə müstəqilliyini elan etmiş Azərbaycanın müqəddəratı həll olunurdu. Ölkəmizin bir çox bölgələrində ermənilərin törətdikləri qırğınlara qarşı mübarizə gedirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını ermənilərdən azad etdi. Tezliklə Gəncədə fəaliyyət göstərən Xalq Cümhuriyyətinin Nazirlər Kabineti Bakıya köçdü. Cümhuriyyətin qurucularının paytaxtdakı ilk iş və yaşayış yeri o dövrdə “Metropl” mehmanxanası, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi oldu. Məhz həmin mehmanxanada ilk milli hökumət fəaliyyətə başladı. Bu gün isə həmin tarixi binada Azərbaycanın milli-mənəvi dəyərləri təbliğ olunur. 
Akademik bildirdi ki, Azərbaycanın bir çox bölgələrində- Kürdəmir, Hacıqabul, Şamaxı, Gəncə, Salyan, Quba, eləcə də digər şəhər və rayonlarda sovet dönəmində türk qəbirləri adı ilə tanınan məzarlar vardı. Həmin qəbirlər 1918-ci ildə Azərbaycana qardaş köməyinə gələn türk əsgərlərinin qəbirləri idi. Sovet rejimi nə qədər cidd-cəhdlə həmin qəbirləri unutdurmağa çalışsa da qədirbilən xalqımız bu qəbirlərin yanından keçəndə həmişə ayaq saxlayıb onların xatirəsinə öz ehtiramlarını bildirmişlər. Bu gün bir çox bölgələrdə həmin məzarların üstündə xatirə kompleksləri ucaldılıb.
Beşinci Qafqaz Diviziyasının o zamankı rəhbərlərindən olmuş Rüşdü bəy tarixdə qalacaq fikirlər söyləmişdi. O deyirdi ki, Anadolu ordusu Azərbaycan əsgərləri ilə birgə Azərbaycan torpaqlarının istiqlalı və istiqbalı uğrunda mübarizələrdə canlarını fəda etdilər, böyük şücaətlər, qəhrəmanlıqlar göstərdilər. Bunlar tarixin elə səhifələridir ki, gələcək zaman içərisində dillərdə dastan olacaq. Doğrudan da bu gün biz Cümhuriyyətin quruculuğunda qəhrəmanlıqlar göstərən hər bir əsgərimizin, vətəndaşımızın xidmətlərini məhəbbət və ehtiramla anırıq. Arzu edirik ki, Cümhuriyyət dönəmində Bakının işğaldan azad edilməsi üçün şücaətlər göstərmiş türk Azərbaycan Ordusunun şərəfinə paytaxtın görməli yerlərindən birində abidə kompleksi ucaldılsın. O qəhrəmanlarımız bədii ədəbiyyatımızda, filmlərimizdə tez-tez xatırlansın və gələcək nəsillər üçün bir örnək olsunlar. 
Tədbirdə həmçinin muzeyin “Komparativistika və bədii tərcümələr” şöbəsinin müdiri professor Şəfəq Əlibəylinin “Cümhuriyyət dövrü Azərbaycanın maarifçi qadınları”, muzeyin “İctimaiyyətlə əlaqələr və mətbuat” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun “İstiqlalın hərb yaddaşı” adlı məruzələri dinlənildi. 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

14 2018 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin