Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyana sarsıdıcı zərbə

Müsahibimiz Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir

Paşinyana sarsıdıcı zərbə

– Çingiz müəllim, xəbər verildiyi kimi, bir neçə gün əvvəl Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər işğalçı ölkənin baş nazirinə sarsıdıcı zərbə oldu. Bu barədə sizin də fikrinizi bilmək maraqlı olardı.
– “Valday” Beynəlxalq Diskussiya Klubunun XVl illik iclasının plenar sessiyası Ermənistan üçün unudulmaz tarixə çevriləcək. Çünki bu sessiyada işğalçı ölkənin həm özü, həm də baş naziri sarsıdıcı zərbə aldı. Buna qədər də Paşinyan səsləndirdiyi sərsəm fikirlərə görə layiqli cavabını alırdı. Ancaq möhtərəm Prezidentimizin budəfəki cavabı Ermənistanı mat vəziyyətində qoydu. Hər şeydən əvvəl ona görə ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Nəzərə alsaq ki, klubun iclasında bu vaxta qədər 74 ölkədən dünya elmi birliyini təmsil edən mindən çox nümayəndə, dövlət və hökumət başçıları iştirak ediblər, tədbirlərin nə qədər əhəmiyyətli olduğu özünü açıq şəkildə büruzə verir. 
Tədbirdə çıxış edən və ölkəmizin inkişafı haqqında əhatəli məlumat verən Prezident İlham Əliyev, həmişə olduğu kimi, bu dəfə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirdi. Dövlətimizin başçısı Dağlıq Qarabağın tarixi barədə də tədbir iştirakçılarına faktlara istinadən ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağ çox vaxt erməni tərəfinin inter­pretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Möhtərəm Prezidentimiz “Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb” – fikrini səsləndirməklə Ermənistanın işğalçı ölkə olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. 
– Prezidentin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” qətiyyətli fikri Paşinyanın yalanlarını alt–üst etdi. Sizə elə gəlmirmi ki, bu fikir həm də Ermənistanın baş nazirinə sillə kimi ­cavab oldu?
– Tamamilə razıyam. Bu cavab Nikol Paşinyanın Dağlıq Qarabağ haqqındakı bu vaxta qədər heç bir fakta əsaslanmayan yalanlarına birdəfəlik son qoydu. Artıq İrəvan ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar Paşinyanı qeyri-ciddi şəxs kimi qəbul edir. Çünki onun özü də yaxşı bilir ki, bu gün dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar, hətta Ermənistanın özü Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Həmin qondarma “respublika”da bu vaxta qədər keçirilən seçkilərin nəticələri də heç bir ölkə tərəfindən tanınmayıb. Beynəlxalq təşkilatlar da belə saxta seçkiləri qəbul etməyib. Bütün bunlardan sonra Nikol Paşinyanın iddia etdiyi kimi, Dağlıq Qarabağ müstəqil qurum olaraq danışıqlar prosesinə hansı əsasla qatıla bilər?
 “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” – deyən Nikol Paşinyan özünü gülünc vəziyyətinə salıb. Belə yalanlarla beynəlxalq ictimaiyyətdə inam yaratmaq mümkün deyil. Ermənistanın baş naziri ilk dəfə deyil ki, yalan danışır. Beynəlxalq aləmdən, hadisələrdən hələ də baş çıxara bilməyən Paşinyan belə yalanlarla hakimiyyətinin ömrünü uzatmağa çalışır. Ancaq Azərbaycan Prezidentinin cavabı onun bütün ümidlərini param-parça etdi: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq ­Qarabağ  Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, ­Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Müsahibəni qələmə aldı: 
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

10 Oktyabr 2019 01:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə