Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətimizin başçısı Dağlıq Qarabağla bağlı həqiqəti bir daha bütün dünyaya bəyan etdi

Dövlətimizin başçısı Dağlıq Qarabağla bağlı həqiqəti bir daha bütün dünyaya bəyan etdi

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Ermənistan rəhbərliyinin Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatına sərt və tutarlı cavab idi. Prezident İlham Əliyev bu çıxışı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu canlı yayımda bir daha dünyaya bəyan etdi.

Dövlətimizin başçısı oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı da bu barədə fikirlərini diqqətə çatdırdı. Bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin.
Prezident İlham Əliyev daha sonra deyib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar”. 
Dövlətimizin başçısı, eyni zamanda, ermənilərin tarixi faktları təhrif etmələri ilə əlaqədar vurğulayıb ki, əvvəllər – münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam.
Bəli, bu, bir həqiqətdir ki, hazırda bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq aləm yaxşı bilir ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Ermənistan rəhbərliyi, erməni millətçiləri də başa düşməlidirlər ki, Qarabağ heç vaxt Ermənistanın ola bilməz. Azərbaycan nəyin bahasına olursa-olsun, Ermənistanın işğal altında saxladığı bütün torpaqları azad edəcək. Çünki əvvəla, haqq bizim tərəfimizdədir, ikincisi, güclü, qüdrətli Ordumuz var. Biz 2016-cı ilin Aprel zəfəri zamanı bunun şahidi olmuşuq. Ona görə də Ali Baş Komandan cənab İlham Əliyev əmr verərsə, Azərbaycan əsgəri qısa vaxtda üçrəngli bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaq.

 

Qasım HACIYEV,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru

 

10 Oktyabr 2019 01:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə