Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində inkişaf edir

Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində inkişaf edir

Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Oktyabrın 2-3-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçidə işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI plenar sessiyasında çıxış edib. Həmin çıxışda vurğulanan bütün məqamlardan Azərbaycan–Rusiya əlaqələrinin möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı aydın görünür. Belə ki, Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Şübhəsiz ki, hər iki ölkə rəhbərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir, iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

Bütün bunlar barədə plenar sessiyada çıxış edən Prezident İlham Əliyev ətraflı məlumat verərək bildirib ki, hər iki ölkənin dövlət başçılarının görüşləri müntəzəm xarakter daşıyır və hətta bir neçə aylıq kiçik fasilə pauza kimi təsir bağışlayır. Dövlətimizin başçısı daha sonra deyib: “Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur”. 
Azərbaycan Prezidenti Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsində də ikitərəfli münasibətlərdən danışarkən, əməkdaşlığın intensivliyini diqqətə çatdırıb, eyni zamanda, bu əlaqələrin həyatın bütün sahələrini əhatə etdiyini xüsusi vurğulayıb: “Mənim Prezident Vladimir Vladimiroviç Putinlə keçən il 4, bu il 2 şəxsi görüşüm olub. Bu görüşlər ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və həmçinin bizim regiondakı vəziyyətə müsbət təsir göstərir”.
Məhz elə bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın mühüm tərəfdaşı olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaşdırılmasına əlverişli imkan yaradır və yüksək göstəricilər əldə edilir. Bununla bağlı diqqəti bəzi məqamlara yönəltmək istərdik. Əvvəlcə onu deyək ki, Azərbaycan və Rusiya prezidentləri ölkələrarası ticarətin genişlənməsini xüsusi diqqətdə saxlayırlar. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan Rusiya–Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 “Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyənləşdirir. Həmin “Yol xəritələri” ticarət, nəqliyyat, ölkəmizin ərazisində birgə istehsal sahələrinin qurulması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti, habelə ­humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Yeri gəlmişkən, iki ölkə arasındakı “Sərbəst ticarət haqqında saziş” də ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya respublikamızın qeyri-neft məhsullarının ixracı üzrə ilk yerdə dayanır. 
Rusiya–Azərbaycan əməkdaşlığının dinamik inkişafının göstəricisi olan digər bir fakt da diqqət çəkir: Ötən il hər iki ölkənin ticarət dövriyyəsi 20 faiz, cari ilin yanvar-avqust aylarında isə 24 faiz artıb. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templə artması strateji əməkdaşlığın mühüm göstəricisi olmaqla bərabər, dövlət başçımızın xarici iqtisadi əlaqələrinin genişləndirilməsinin, eyni zamanda, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul edilən bir sıra mühüm qərarların, ən başlıcası isə cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən sistemli və ardıcıl layihələrin məntiqi nəticəsidir.
Bu gün respublikamızla Rusiya arasında ticarətin dinamik inkişafı istiqamətində mühüm önəm daşıyan tədbirlər reallaşdırılır. Məsələn, Rusiyada ölkəmizinTicarət Nümayəndəliyi, Həştərxanda Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi, habelə Moskvada Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyət göstərir. Bütün bunlar isə hər iki ölkənin iş adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsini sürətləndirir. 
İki ölkə arasında ticarət sahəsində görülən işlərin nəticəsindən danışarkən, bir məqamı da qeyd edək. Belə ki, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə isə 3 milyard ABŞ dollarını ötəcəyi gözlənilir.
Yeri gəlmişkən, ekspertlərin proqnozuna əsasən, Azərbaycanın kənd təsərrüfatı və emal məhsullarının Rusiyaya ixracının 2 dəfə artırılması potensialı var və bu imkanın reallaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. 
Xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına gəlincə, ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır.
Daha bir vacib amili də vurğulayaq ki, iki ölkənin iş adamları arasında vaxtaşırı biznes forumlar, işgüzar görüşlər keçirilir, Rusiyaya ixrac missiyaları təşkil olunur, Azərbaycan məhsulları bu ölkədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir. 
İki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, şübhəsiz ki, Azərbaycan–Rusiya və Rusiya–Azərbaycan işgüzar şuraları da uğurlu fəaliyyət göstərirlər.
Rusiya–Azərbaycan iqtisadi münasibətlərində investisiya əməkdaşlığı da uğurla inkişaf edir. Dövlət başçılarının siyasi iradəsi, ölkələrimizdəki əlverişli işgüzar mühit qarşılıqlı investisiya qoyuluşları üçün geniş imkanlar yaradır. Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər.
Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir.
Hər iki ölkə enerji və nəqliyyat sahələrində də etibarlı tərəfdaşdır. Belə ki, Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda icra olunan layihələrin, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz qaz boru kəməri kimi iri layihələrin fəal iştirakçısıdır.
Azərbaycan nefti digər marşrutlarla yanaşı, Bakı-Novorossiysk boru kəməri ilə də dünya bazarına ixrac olunur. Bununla yanaşı, hər iki ölkənin enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir və elektrik enerjisi mübadiləsi aparır. Belə ki, 2018-ci ildə Azərbaycandan Rusiyaya 121 milyon kVt/saatdan çox elektrik enerjisi ixrac edilib, Rusiyadan isə 76 milyon kVt/saatdan artıq elektrik enerjisi idxal olunub.
Hazırda Azərbaycan–Rusiya–İran Şimal-Cənub enerji dəhlizinin yaradılması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Görülən bütün bu işlər enerji sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir.
Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub, Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb. Sessiyada Prezident İlham Əliyev tədbir iştirakçılarının sualları cavablandırarkən, deyib: “Mən öz şərhlərimdə demişəm ki, nəqliyyat layihələri yük göndərənlər, yaxud tranzit ölkələr üçün təkcə gəlir qazanmaq üçün əlavə imkanlar yaratmır, bunlar ölkələri qarşılıqlı asılı vəziyyətə salır. İstənilən tranzit ölkə öz qonşuları ilə yaxşı münasibətlərə malik olmalıdır, yoxsa bu tranzit sadəcə baş tutmayacaq. Azərbaycana gəlincə, biz artıq çoxdandır həm müasir nəqliyyat infrastrukturunun, həm də regionumuzda etimad mühitinin yaradılmasına investisiya qoyuruq”. 
Xatırladaq ki, hər iki dəhliz üzrə yükdaşımaların həcmi ildən-ilə artır. Keçən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə bu göstərici 8 dəfə, bu ilin birinci yarısında isə 63 faiz yüksəlib. Şimal-Qərb dəhlizi üzrə daşımalar ­2019-cu ilin altı ayı ərzində 70 faizdən çox artıb. 
Nəqliyyat sahəsində Rusiya ilə əməkdaşlıqda avtomobil yükdaşımaları da önəmli yer tutur və bu istiqamətdə infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Samur çayı üzərində avtomobil körpüsünün tikintisi davam etdirilir və cari ilin sonunadək başa çatdırılacaqdır. Eyni zamanda, sərhəd-buraxılış məntəqələrinin inkişafı layihələrinin sinxronlaşdırılması məsələsi müzakirə olunur və bu sahədə xüsusi “Yol xəritəsi” hazırlanır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

10 Oktyabr 2019 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə