Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan təbii artım tempini qoruyub saxlayan ölkələrdəndir

Azərbaycan təbii artım tempini qoruyub saxlayan ölkələrdəndir

Azərbaycanda demoqrafik fonda sosial-iqtisadi inkişafın qorunub saxlanılması və sosial təminatın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan sosial paketlərin təqdimatı mühüm önəm daşıyır və bu, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan sosial paket 4 milyondan çox vətəndaşı əhatə etməklə yanaşı, bu istiqamətdə 4,2 milyard manat əlavə vəsaitin yönəldilməsinə imkan verdi. Bu, eyni zamanda, təbii artım amilinin Azərbaycan üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. 
Azərbaycan təbii artım tempini qoruyub saxlayan ölkələrdəndir. Siyasət ondan ibarətdir ki, mövcud təbii artım insan kapitalının inkişafı üçün bir baza formalaşdırır, eyni zamanda, yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi prioritet olaraq diqqət mərkəzində saxlanılır.
Rəsmi statistikaya görə, Azərbaycanda 35 yaşadək vətəndaşlar ümumi vətəndaşların 54,4 faizini, 20-35 yaşarası vətəndaşlar isə əhalinin 29 faizini təşkil edir. Bu, o deməkdir ki, əmək qabiliyyətli əhalinin böyük qismi gənclərdir. Əhalinin strukturunda gənclərin çoxluğu insan kapitalının inkişafı baxımından, eləcə də dövlət dəstəyinin artırılması aspektindən çox önəmlidir. Mövcud iqtisadi siyasət də məşğulluğun təmin edilməsi və dövlət təşviqinin gücləndirilməsinə xidmət etməklə bərabər, demoqrafik inkişaf fonunda məşğulluq siyasətinə, habelə müasir çağırışlar fonunda yeni elementlərin əlavə olunmasına imkan yaradır.
Biz 2020-ci ildə də demoqrafik siyasət fonunda məşğulluğun təmin olunması və xüsusən sosial-iqtisadi islahatların davam etdirilməsini müşahidə edəcəyik. Gələn il ilk dəfə Azərbaycanın dövlət büdcəsinin 40 faizi birbaşa sosial istiqamətə ayrılacaq. Bu, o deməkdir ki, büdcədən ayrılan hər 100 manatın 40 manatı birbaşa əməkhaqqı, pensiya və təqaüdlərin verilməsi üçün istifadə olunacaq. Növbəti ildə əməkhaqlarının verilməsi üçün 6,7 milyard manat, pensiya və təqaüdlərin verilməsi üçün 3,2 milyard manat vəsait ayrılacaq. Təxminən 10 milyard manat birbaşa əməkhaqqı, təqaüd və pensiyanın verilməsi üçün istifadə olunacaq. Sosial-iqtisadi inkişaf, sosial paket qarşıdakı ildə də davam edəcək. İqtisadi siyasət növbəti illərdə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq.

 

Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert

 

10 Oktyabr 2019 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə