Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni mərkəz yaradılır

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni mərkəz yaradılır

Azərbaycanın milli aviadaşıyıcısı və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq ­Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarəedilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalamışlar. Müqavilə oktyabrın 9-da Bakıda AZAL prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huazhi Hu tərəfindən imzalanmışdır.

“Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir”, – deyə Cahangir Əsgərov bildirmişdir.
Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır. Çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər. Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.
Mərkəz, həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.
Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.
“Ehang” şirkəti, eyni zamanda, Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsünü irəli sürmüşdür.
“Azərbaycan Hava Yolları” QSC-nin nəzdindəki AZANS Hava Hərəkəti İdarəsi Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Ehang Intelligent Equipment” pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.

 

“Xalq qəzeti”

 

10 Oktyabr 2019 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə