Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC Yunanıstanda ilk Məzun günü keçirdi

UNEC Yunanıstanda ilk Məzun günü keçirdi

UNEC ilə Qərbi Makedoniya Universiteti arasında imzalanan beynəlxalq əməkdaşlıq memorandumuna əsasən, birgə magistr proqramı 3 ildir davam edir. Birgə magistr proqramı 12 fənn və buraxılış işindən ibarət olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30 krediti UNEC-in professor-müəllim heyəti tərəfindən tədris edilir. Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, hər iki universitet arasında akademik mübadilə və birgə elmi-tədqiqatlar aparılıb. 2019-cu ildə imzalanan yeni əməkdaşlıq müqaviləsinə əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5 (beş) il müddətinə uzadılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Yunanıstanın Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının ilk Məzun günü keçirilib və məzunlara diplomlar təqdim olunub.
Yunanıstanın Kastoriya şəhərində keçirilən Məzun günündə UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids magistratura üzrə birgə diplom proqramının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, birgə magistr proqramının məqsədi, beynəlxalq əmək bazarında, o cümlədən Avropa əmək bazarında yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Proqramı bitirənlər  Yunanıstanda, Azərbaycanda, Avropa İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik, iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə edə biləcəklər. Birgə proqramda iştirak edən magistrlər müqaviləyə əsasən, həm də təqaüdlə təmin olunublar. 
Tədbirdə birgə diplom proqramının hər iki ölkə arasında təhsil, elm və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin UNEC-lə Qərbi Makedoniya Universiteti arasında bakalavr təhsili üzrə mübadilə və ikili diplom proqramlarının da reallaşdırılmasının mümkünlüyü  qeyd edilib və bu istiqamətdə işlərə başlamağa dair qərar verilib. 
Məzun günündə çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa, Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Eldar Əliyev, Yunanıstan parlamentinin üzvləri Zısıs Tzıkalagıas, Olympıa Telıgıorıdou, Baş nazirin Selanikdəki ofisinin rəhbəri Antonıou Marıa, təhsil nazirinin ali təhsil üzrə müavini cənab Digalakis, Bodosaki Fondunun TAP layihəsi üzrə maliyyə meneceri Jenny Lazarou, TAP-AG layihəsinin (Trans Adriatik Boru Kəməri) Qərbi Makedoniya üzrə meneceri Mıchalıs Goslıopoulos, “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramının direktoru Siskos Evangelos və digər çıxış edənlər birgə magistr proqramının hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər. İlk dəfə olaraq həyata keçirilən birgə proqram çərçivəsində UNEC-in Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirməsini tarixi uğur adlandırıblar.
Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib. UNEC-in rektoru, professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulids tərəfindən imzalanan birgə diplomlar Yunanıstan vətəndaşı olan 34 magistr məzuna təqdim edilib.
Qeyd edək ki, UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərən yeganə xarici universitet olmaqla, Yunanıstanda da birgə magistr proqramı reallaşdıran ilk xarici universitetdir.

 

Elnarə Ömərova

 

10 Oktyabr 2019 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə