Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərə münasibətdə analoqu olmayan nadir təcrübə

Məcburi köçkünlərə münasibətdə analoqu olmayan nadir təcrübə

Əsas məsələ bu gün hələ də işğal altında olan ­torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb – Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kom­pleksinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan nümunə götürülür. Çünki Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı onların sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş kimi, doğma yurdlarından perik düşən qaçqın və məcburi köçkünlər də hiss edirlər.
Ulu öndər Heydər Əliyevin bu qəbildən olan insanların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əzmlə davam etdirirlər. Ölkə başçısı fəaliyyəti dövründə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir sıra proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həmişə xüsusi diqqət yetirib. Son illərdə bu kateqoriyadan olan insanlar üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Onların sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb.
Bu gün əminliklə deyə bilərik ki, son 18 ildə məcburi köçkünlər üçün 106 qəsəbə salınmışdır. Ötən ilə nəzər salsaq, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə necə böyük işlər görüldüyünün şahidi olarıq. Qeyd edək ki, ötən il 5800 məcburi köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Dövlət başçısının əsas məqsədi, istəyi budur ki, işğal altında olan torpaqlarımız azad edilənə qədər o yurdların sakinləri -- bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə həm Bakıda, Abşeron rayonunda, Sumqayıtda, həm də digər şəhər və rayonlarımızda geniş işlər görülür.
Diqqətçəkən cəhət odur ki, son illər həm dövlət, həm də özəl sektor tərəfindən məcburi köçkünlərin mənzil problemləri həll edilir. 2018-ci ilin sonunda Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan, 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və ərazisi 4 hektar olan kompleksdə 8 mərtəbəli 8 və 15 mərtəbəli 4 bina, eyni zamanda, 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, yeni dördmərtəbəli korpus inşa edilib istifadəyə verildi. Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün salınmış sayca 101-ci olan şəhərciyin açılış mərasimində dövlət başçısı yeni ev alanların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə maraqlandı. Ötən il açılan “Qobu Park” köçkün şəhərciyində mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. İşğaldan azad edilən Cocuq Mərcanlıda öncə 50, sonra isə 100 evin tikintisi başa çatdırılıb, bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan ibadət evi tikilib. Tərtərin Şıxarx qəsəbəsində tikilmiş şəhərcik isə 1200 ailənin mənzil problemini həll edib. 
Hələ 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıtın yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirədə o, qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Müşavirədən iki ay sonra Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyulmuşdu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilmişdi. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında yaşayan məcburi köçkün ailələri köçürülmüşdü. 2018-ci il aprelin 5-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ölkə üzrə məcburi köçkünlər üçün salınan 15 binadan ibarət 103-cü müasir yaşayış kompleksi istifadəyə verildi. 104-cü yaşayış kompleksi iyul ayında Pirallahıda. 105-ci yaşayış kompleksi isə Xocalıdan köçənlər üçün Goranboyda tikildi.
Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonuna evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatıb. Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri, sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. 
Oktyabrın 8-də açılışı edilən “Qobu Park-2” yaşayış kompleksində, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, 220 yerlik uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub, yüksək səviyyədə təhsil almaq üçün hərtərəfli şərait yaradılan 780 şagird yerlik məktəb inşa edilib, sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub. Təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə olub.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya “Qobu Park-2” yaşayış kompleksində məlumat verildi ki, şəhərcikdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var və bütün mənzillər zəruri avadanlıqla təchiz edilib. 
Dövlət başçısı mənzillərdən birinin sahibi --Fəridə Cavadova ilə görüşdü, onları mənzil almaları münasibətilə təbrik etdi və dedi: “ Bu münasibətlə sizi və digər bacı-qardaşlarımızı təbrik edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub – qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkə miqyaslı bir hadisədir”.
Qeyd edək ki, “Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilmişdi və dövlət başçısı Mehriban xanım Əliyeva ilə həmin açılışda iştirak etmişdilər. Prezident bildirdi ki, orada 1000-dən çox ailə yaşayır: “Burada isə 1300 ailə və “Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi – yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır”.
Dövlət başçısı xatırlatdı ki, artıq yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda yaşayanların olduğunu bildirdi və dedi ki, onların da problemləri həll olunacaq: “Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir”. 
Prezident vurğuladı ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Əminliklə bildirdi ki, bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 

10 Oktyabr 2019 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə