• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə – Azərbaycan qardaşlığının şanlı salnaməsi

Türkiyə – Azərbaycan qardaşlığının şanlı salnaməsi

Tarixin çox çətin sınaqlarına sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan - Türkiyə qardaşlığı bu gün dünyaya nümunədir. Həlledici məqamlarda bir-birinə qanı, canı ilə dəstək verməkdən çəkinməyən iki qardaş ölkənin tarixində baş verən hadisələr qardaşlığın, dostluğun, birliyin, sədaqətin ən gözəl nümunələridir. 1915-ci ildə azərbaycanlıların axın-axın Çanaqqala döyüşlərinə atılaraq Türkiyəni qorumağa çalışmaları, 1919-1923-cü illərdə Milli Qurtuluş Savaşına maddi-mənəvi və hərbi dəstəklərini göstərmələri, müasir dövrdə isə Ermənistan – Azərbaycan, Dağlıq Qarabaş münaqişəsində rəsmi Ankaranın ölkəmizin ədalətli mövqeyini qətiyyətlə müdafiə etməsi də həmin nümunələrdən biridir. Düz 100 il bundan əvvəl regionda baş verən mühüm hərbi-siyasi hadisələr və həmin hadisələrin nəticəsində Bakı şəhərinin düşməndən azad edilməsi də qardaşlığımızın, birliyimizin zəfər tarixinə qızıl hərflərlə yazılıb. 
Əsrlər boyu davam edən, xüsusən son 100 ildə gedən proseslər bir daha belə deməyə əsas verir ki, həm Türkiyə, həm də Azərbaycan dünyanın çox mühüm regionunda yerləşir və onların əlaqələrinin möhkəm olması bölgə ölkələri üçün də böyük önəm kəsb edir. Çünki burada sülhə, sabitliyə, mədəniyyətlərin dialoquna daha çox ehtiyac duyulur. Bu coğrafi məkanda yaşayan iki qardaş xalqın sahib olduğu üstün mədəni keyfiyyətlər onların bu missiyanı uğurla həyata keçirmələrinə geniş imkanlar açır.
Hər iki ölkə bölgənin və dünyanın iqtisadi, hətta siyasi mühitinə güclü təsir göstərən çox mühüm transmilli layihələri birgə həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilsi-Ərzurum neft və qaz boru xətləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP, TAP bir vaxtlar reallaşdırılması əfsanə hesab edilən regional və qlobal layihələrdir ki, bunları Azərbaycan və Türkiyənin sarsılmaz siyasi iradəsi gerçəyə çevirib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Dünyaya inteqrasiya yolunda hər iki dövlət biri-birinə tam dəstək verir. Bu gün durmadan inkişaf edən, yüksələn iki qardaş ölkənin beynəlxalq aləmdə nüfuzu sürətlə artmaqdadır. 
Dövlətlərimiz arasında qurulan möhkəm əlaqələr də, şübhəsiz, hər iki ölkənin alternativsiz liderləri – prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq və qardaşlıq münasibətləri çox mühüm rol oynayır. Azərbaycan Prezidenti beynəlxalq təşkilatlarda, ikitərəfli görüşlərdə daim Türkiyənin mövqeyini müdafiə edir, qətiyyətlə dediyi sözlərlə – “Burada Türkiyə yoxdursa, mən varam!” qardaş ölkənin düşmənlərinə göz dağı verir. Türkiyə Prezidenti isə Azərbaycanın iqtisadi, siyasi, hərbi baxımdan hər keçən gün daha da güclənməsindən, tarixi uğurlar qazanmasından fəxarət hissi keçirdiyini qürurla dilə gətirir. Cənab Rəcəb Tayyib Ərdoğan deyib: “Həqiqətən də qarşımızda dəyişən, yeniləşən Azərbaycan vardır. Azərbaycana hər səfərimizdə daha fərqli, dəyişilmiş bir Azərbaycanı görürəm. Bu da təbii, 20 il ərzində qazanılmış böyük uğurların bariz nümunəsidir. Bu, həm azərbaycanlı qardaşlarımıza, həm də bizlərə ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev olmaqla, Prezident İlham Əliyevin və hökumətinin uğurlu siyasətinin sübutudur. Qardaşım İlham Əliyevi bu xüsusda ayrıca təbrik edirik”. 
Ötən illər ərzində yaranmış gözəl ənənəyə həmişə sadiq qalınır: dövlət rəhbərliyinə seçilən şəxs ilk səfərini qardaş ölkəyə edir. Bu ilin iyun ayında da belə oldu: Seçkilərdə uğur qazanaraq yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana etdi. İyulun 10-da dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bunu yüksək qiymətləndirərək deyib: “Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir”.
1918-ci ildə də Bakını məhz Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xilas etdi. Həmin il öz müstəqilliyini qazanan Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaq istəyən, onun torpaqları üzərində növbəti erməni dövlətini yaratmağa çalışan qüvvələr hər şeyi dəqiq hesablamış, ancaq Azərbaycan-Türkiyə birliyini, həmrəyliyini nəzərə almamışdılar. Bəlkə də sarsılmaz dostluğu nəzərə almamaqda və ya əhəmiyyətsiz hesab etməkdə haqlı idilər. Çünki I Dünya savaşında eyni vaxtda dörd cəbhədə müharibə aparan, daxilində ciddi problemlərlə qarşılaşan Türkiyənin hərbi-siyasi və maliyyə vəziyyəti olduqca ağır idi. Ölkənin Antanta dövlətləri tərəfindən işğala məruz qalması təhlükəsi isə hər gün daha da artırdı. Məhz belə bir məqamda Türk dünyasında xüsusi yerə malik olan, strateji əhəmiyyəti ilə bütün dünyanın diqqətini cəlb edən Bakı şəhəri işğala məruz qalmışdı. Nəhəng imperiyaların hədəfində olan Azərbaycanın qardaş köməyinə ehtiyacı var idi. Türkiyə isə, qeyd etdiyimiz kimi, özü də çətin vəziyyətə düşmüşdü. Bütün bunlara baxmayaraq, 1918-ci ildə dünya xalqları öz ölkəsini təhlükə qarşısında qoyaraq Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gələn müzəffər Türk Ordusunun qətiyyətli yürüşünü təəccüblə izləyirdi. Şanlı zəfərlə başa çatan bu yürüş qardaşlığın, birliyin şərəfli salnaməsinə çevrilərək tarixə qızıl hərflərlə yazıldı.
Bu proseslər beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyi üçün qardaş köməyini görüb daxildən alışıb-yanan bəzi dövlətlər buna etiraz etmək üçün əsas tapa bilmirdilər. Çünki 1918-ci il iyunun 4-də Cənubi Qafqazda yaranmış müstəqil demokratik respublikalar Osmanlı imperiyası ilə “Sülh və dostluq haqqında” müqavilə imzalamışdılar. On bir bənddən ibarət olan müqavilə beynəlxalq diplomatiyanın prinsiplərinə və təcrübəsinə əsaslanmaqla gənc Azərbaycan dövlətinin qorunması baxımından çox əhəmiyyətli idi. Onun dördüncü maddəsi Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və daxildə siyasi sabitliyi, əmin-amanlığı etibarlı şəkildə qorumaq baxımından xüsusilə əhəmiyyət kəsb edirdi. Müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti “qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək” məqsədilə Azərbaycana hərbi yardım edəcəyini öhdəsinə götürürdü. 
Onu da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman dövlətin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını qorumaq üçün güclü Milli Orduya ciddi ehtiyac olsa da, məlum səbəblərdən ölkəmiz bundan məhrum idi. Dövlətimizin sərəncamında 600-700 nəfər əsgər vardı. Belə kiçik kontingentlə ölkəni yadellilərdən qorumaq mümkün deyildi. Üstəlik, əksəriyyətini daşnak əsgərlərinin təşkil etdiyi bolşevik ordusu Bakıdan Gəncəyə hücuma hazırlaşırdı. Belə çətin tarixi şəraitdə ümid yeri Türkiyə dövləti idi. Dünya müharibəsi məngənəsində sıxılan Türkiyənin Azərbaycana yardım əli uzatması isə əsl qardaşlıq nümunəsi idi.
Həmin dövrdə beynəlxalq vəziyyəti də gərgin idi. Dünya müharibəsi ərəfəsində və onun gedişində Azərbaycan imperialist dövlətlərin işğalçılıq planlarında mühüm əsas yerlərdən birini tuturdu. Neft Bakısına şəriksiz sahib olmaq uğrunda keçmiş RSFSR, Almaniya və Böyük Britaniyanın maraqları kəskin toqquşurdu. Rusiya ilə Almaniya arasında gizli sövdələşmələr gedirdi. Belə bir vəziyyətdə Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda rus-erməni hərbi-birləşmələri tərəfindən türklərə qarşı kütləvi soyqırımı həyata keçirildi. Gəncə isə növbəti hədəf seçilmişdi. Gəncənin tutulması Azərbaycan istiqlaliyyətinin sonu demək idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Azərbaycana yardım göstərilməsi haqqında Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar apardılar. Bundan başqa, gənc respublikanın rəhbəri Məmməd Əmin Rəsulzadə İstanbulda Osmanlı imperiyasının hərbiyyə naziri Ənvər paşa ilə görüşərək ondan kömək istədi. 
Azərbaycana hərbi yardımın göstərilməsi o qədər də asan məsələ deyildi. Hər şeydən öncə, Azərbaycana göndəriləcək Türk Ordusunun maddi-texniki təminatı çox baha başa gələcəkdi. Azərbaycan isə maliyyə böhranı keçirirdi. Qeyd etdiyimiz kimi, Osmanlı imperiyası da bu cəhətdən çətin vəziyyətdə idi. Digər böyük əngəl isə o idi ki, Osmanlı Almaniyanın hərbi müttəfiqi idi və Rusiya ilə bağlanan Brest-Litovsk sülh müqaviləsinin iştirakçısı kimi öz üzərinə öhdəlik götürmüşdü. Azərbaycana köməyə göndəriləcək türk qoşunu həm də rus ordusuna qarşı vuruşmağa gedirdi. Buna görə də Almaniya Osmanlı imperiyasının Azərbaycana hərbi yardım göstərməsinə razı deyildi. Bütün bu maneələrə baxmayaraq, Ənvər paşa başçılıq etdiyi Müdafiə Nazirliyinin hesabından Azərbaycana 2 milyon türk lirəsi məbləğində maliyyə yardımı göstərdi. Həmçinin ögey qardaşı Nuru paşanı düşmənə qarşı döyüşəcək Qafqaz İslam Ordusunu təşkil etmək məqsədilə Gəncəyə göndərdi. Qafqazda türk qoşunlarının komandanı öz qərargahı və 300 nəfər əsgər və zabitin müşayiəti ilə Təbrizdən çıxıb Qarabağdan keçərək Gəncəyə gəldi. Əhali türk ordusunu duz-çörəklə qarşıladı. Onun ardınca mayın sonları və iyunun əvvəllərində xilaskar Türk Ordusunun yeni hissələri Gəncəyə çatdı.
Osmanlı Ordusunun yüksək döyüş hazırlığına malik olan diviziyalarından olan 5-ci Qafqaz diviziyası Mürsəl paşanın komandanlığı ilə iyunun əvvəllərində Gəncədə oldu. Bu diviziya Birinci Dünya müharibəsi zamanı Dardaneli uğurla müdafiə etdiyinə görə, “Çanaqqala” fəxri adını almışdı. Onun ardınca müharibənin ilk illərində Süveyş döyüşlərində göstərdiyi igidliyə görə şöhrət qazanmış 15-ci diviziya gəldi. Ona Nazim paşa komandanlıq edirdi. Bu diviziya 7 min əsgər və zabitdən və 40 topdan ibarət idi. Türk Ordusunun ən yaxşı diviziyalarından sayılırdı. Məmməd Əmin Rəsulzadə yazırdı ki, köməyə gələn türk əsgər və zabitlərini Gəncə əhalisi göydən enmiş xilaskar mələk kimi qarşıladı. 1918-ci ilin yayında Türk Ordusunun əlavə hissələri də Azərbaycana gətirildi. 
Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşa 1918-ci il iyunun 19-da hərbi əməliyyata başçılıq etmək üçün xüsusi qatarla cəbhəyə gəldi. Hələ bundan əvvəl Gəncəni tutmağa tələsən daşnak qoşunları həmin il iyunun 10-da dəmir yolu xətti boyunca Gəncə istiqamətində hücuma keçdi. Onların məqsədi Qafqaz İslam Ordusunu qabaqlamaq və mümkün qədər şəhəri tez ələ keçirmək idi. Daşnak ordusu iyunun 12-də Kürdəmiri ələ keçirdikdən sonra irəliləyərək, həmin ayın 16-18-də Müsüslü stansiyası yaxınlığında Türk Ordusu ilə şiddətli döyüşlər apardı. Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verən döyüş xüsusilə şiddətli idi. Döyüşlər, əsasən, Qaraməryəm-Ağsu şosesi və Müsüslü-Kürdəmir dəmir yolu ətrafında gedirdi. İyunun 27-dən iyulun 1-dək 4 gün ərzində Göyçay yaxınlığında gedən qanlı döyüşlərdə Türk Ordusu düşmənə ağır zərbələr endirməklə strateji və hərbi üstünlüyü tamamilə ələ aldı. Düşmən qoşunlarının hücumu dayandırıldı. Türk Ordusu müdafiə döyüşlərindən əks-hücuma keçdi. Aldıqları zərbədən özünə gələ bilməyən düşmən ordusu Qaraməryəm kəndinə doğru geri çəkilməyə məcbur oldu. Müdaxiləçilərin məğlubiyyəti ciddi nəticələrə səbəb oldu. Qafqaz İslam Ordusunun bu tarixi qələbəsi müharibənin sonrakı gedişinə güclü təsir göstərdi. Bundan sonra düşmən bir daha özünə gələ bilmədi. Bu arada Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycan korpusu yaradıldı. 
Müxtəlif bölgələrdə uğurlu hərbi əməliyyatlar aparıldı. Artıq Qafqaz İslam Ordusu Bakıya yaxınlaşmışdı. S.Şaumyanın rəhbərlik etdiyi Bakı komissarları istefa verdikdən sonra avqustun 1-də hakimiyyəti ələ keçirən Sentrokaspi diktaturası Bakını əldə saxlamağa çalışırdı. Bunun üçün İrandakı ingilis qoşunları komandanlığı ilə görüşərək onlardan hərbi kömək almağa nail olmuşdular. Avqustun 4-də artıq ingilis qoşunlarının bir hissəsi Bakıya gəlməyə başladı. 
Həmin dövrdəki mövcud hərbi-siyasi vəziyyət Bakının tez bir zamanda işğaldan qurtarılmasını tələb edirdi. Vaxt itirmək olmazdı. Buna görə də Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu şiddətli top atəşinin köməyi ilə 1918-ci il avqustun 5-də Bakıya hücuma keçdi. Erməni, rus və ingilislərdən ibarət hərbi birləşmələr Bakını əldə saxlamaq üçün bütün hazırlıqlarını görmüşdülər. Ona görə də Qafqaz İslam Ordusu güclü müqavimətlə qarşılaşdı. Ancaq Türkiyə və Azərbaycanın birləşmiş qoşunlarının getdikcə şiddətlənən hücumu bu müqaviməti qırdı. Strateji mövqeyə malik bəzi yüksəklikləri ələ keçirildi. Düşmən Sallaqxana və qəbiristanlığa doğru dağınıq şəkildə geri çəkilməyə başladı. Birinci müdafiə xəttinin dağıdılması Bakının azad olunmasını xeyli asanlaşdırmışdı. Lakin hücum üçün kifayət qədər top mərmisi yox idi. Hücuma keçən piyadalara artilleriyanın dəstək atəşləri getdikcə azalmış və günortadan sonra tamamilə kəsilmişdi. Bundan istifadə edən düşmən artilleriyası və pulemyotçuları öndəki dəstələri şiddətli atəşə tutdular. Türk qoşunları geri çəkilməyə məcbur oldular. 
Ordunun yenidən hücuma keçməsi üçün həm əlavə köməyə, həm də cəbbəxana təminatına ehtiyac vardı. Nuru paşa Osmanlı qoşunlarının qüvvətləndirilməsi və yeni yaranmış Azərbaycan Milli Ordusunun formalaşdırılması məqsədi ilə 1918-ci il avqustun 13-də əmr verdi. Bu əmrə əsasən ordu quruculuğu işlərinin tənzim və idarə olunması Qafqaz İslam Ordusuna həvalə olundu. Bakı ətrafındakı kəndlərin əhalisi səfərbər edildi. İkinci Bakı hücumunda şəhəri tamamilə xilas etməyi planlaşdıran Nuru paşa Şərq orduları qrupundan da yardım istədi. Sentyabrın 9-da Süleyman İzzət bəyin komandanlığı ilə göndərilən kömək dəstələri Qafqaz İslam Ordusu ilə birləşdi. 
Düşmən də müdafiəni gücləndirmək məqsədi ilə lazımi hazırlıq görürdü. General Denstervilin komandanlığındakı 3 piyada taburundan ibarət 39-cu briqada 1918-ci il avqustun 7-də gəmi ilə Bakıya gətirildi. Hələ də Bakını əlində saxlayan düşmənlər əli silah tutan hər kəsi zorla müdafiə dəstələrinə aparırdılar. Beləliklə, Bakının xilasına gələn Qafqaz İslam Ordusuna qarşı 10 min əsgər səfərbər olunmuşdu. Bütün bunları nəzərə alan Nuru paşa şəhərə müxtəlif yerlərdən hücum edilməsini qərara aldı. Hücumda 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına polkovnik-leytenant İzzət bəy, Cənub qrupu dəstələrinə polkovnik Cəmil Cahid bəy, Cənub qrupunun tərkibindəki azərbaycanlılardan ibarət 4-cü alaya isə polkovnik-leytenant Halim Pertev bəy komandanlıq edirdi. Bakı cəbhəsində 8 min türk və 6 min Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurmağa hazır idi. 
1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Şərq orduları qrupu komandanı Xəlil paşa cəbhə xəttini nəzərdən keçirdilər. 1918-ci il sentyabrın 14-də gecə hücum əmri verildi. Bakının müdafiə xəttini yarmaq üçün 5-ci Qafqaz diviziyası qərbdən hücuma keçdi. Qısa müddət ərzində düşmənin birinci və ikinci müdafiə xətləri yarıldı. Sallaqxana və “Salyanski kazarma”dan hücuma keçməyə hazırlaşan düşmən artilleriya zərbələri ilə darmadağın edildi. Hücumun əsas qəhrəmanı olan 56-cı alay Bakının strateji yüksəkliklərini ələ keçirərək, dağınıq halda qaçan erməni, rus və ingilis əsgərlərini şəhərə doğru sıxışdırdı. Onlar Qırmızı düşərgədə müqavimət göstərməyə çalışsalar da burada davam gətirə bilmədilər. 13-cü alayın qəbiristanlıq mövqeyini ələ keçirməsindən sonra sahildəki gəmilərə tərəf qaçan işğalçı hərbi dəstələr top atəşi ilə darmadağın edildilər. Artıq axşama doğru şəhərin qərbindəki məhəllələr düşməndən azad edilmişdi. 5-ci Qafqaz diviziyasının hücumuna paralel olaraq, şəhərin şimal tərəfindən 15-ci piyada diviziyasının hücumu Biləcəri təpələrinin alınması ilə nəticələndi. Azərbaycanlılardan ibarət dəstələr Sabunçu mövqeyini ələ keçirdilər. Düşmən çarəsizlikdən şəhərə sığınmışdı. Küçə döyüşlərində çox itki verməmək məqsədi ilə sentyabrın 14-də axşam hücum dayandırıldı. Artilleriya isə gecə boyunca şəhərdəki hərbi mövqeləri atəşə tutdu. 
Sentyabrın 14-də axşam Bakını müdafiə edən qoşun komandirlərinin çoxu gəmilərdə qaçıb gizlənmişdi. Sentrokaspi diktaturasının böyük ümid bəslədiyi 39-cu ingilis briqadası da həmin axşam gəmilərlə Ənzəliyə yollanmışdı. Məqsədinə nail olmayan general Denstervil vəzifəsindən azad edilmiş, yerinə general Tomson təyin olunmuşdu. Bu əsnada S.Şaumyan və onun adamlarının olduğu “Türkmən” gəmisi də Bakıdan ayrılaraq Krasnovodsa tərəf yön almışdı. 
Sentyabrın 15-i səhərə yaxın hücuma keçən 13-cü və 56-cı alaylar şəhərə daxil olmağa başladılar. Şimal cəbhəsində 38-ci və 107-ci alayların hücumları nəticəsində düşmənin müdafiə xətti dağıdılmışdı. Molokankənd və Qaraşəhər ələ keçirilmiş, küçə döyüşləri başlamışdı. Azərbaycanlılardan ibarət dəstələr Keşlə stansiyasını və Zığ dağını azad etdilər. Sentyabrın 15-i günortaya qədər davam edən əməliyyat nəticəsində erməni və rusların müqaviməti tamamilə qırıldı və təslim olmaqdan başqa çarələri qalmadı. Həmin gün Bakıdan 5-ci Qafqaz diviziyasının qərargahına gələn iki nəfərlik heyət şəhərin təslim olunduğunu bildirdi. 
Sentyabrın 16-da səhər “Qırmızı Qışla” adlanan yerdə (indiki Mətbuat prospektinin ətrafı) Qafqaz İslam Ordusunun rəsmi keçidi oldu. Rəsmi keçiddə Nuru paşa, Xəlil paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin bir sıra üzvləri iştirak edirdilər. Bundan sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Bütün xalq küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib qoşunlarını salamlayırdı. Nuru paşa Hürriyyət meydanına (indiki Sahil bağı) toplaşmış xalq qarşısında geniş nitq söyləyərək, Bakıda nəzarətin Azərbaycan Xalq Cümhuriyyətinə verildiyini bildirdi. 
Beləliklə, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bolşevik-daşnak ittifaqının törətdiyi dəhşətli cinayətlərin qarşısını aldı. Bakını həqiqi sahiblərinə qaytardı. Azərbaycan dövlətçiliyi xilas edildi. Tarix sübut etdi ki, Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı bölgədə əmin-amanlığın təminatı üçün vacib amildir. Çünki, bu əməkdaşlıq “Yurdda sülh, cahanda sülh” və ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsiplərinə əsaslanır. Bu əməkdaşlıq bu gün daha sıx, daha möhkəmdir. 

Rauf KƏNGƏRLİ

14 2018 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin