Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ömrün və yaradıcılığın zirvəsində

Ömrün və yaradıcılığın zirvəsində

Qocaman yazıçı-publisist, Əməkdar incəsənət xadimi Əfqan Əsgərovun anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan kulubunda keçirilən mərasimdə tanınmış söz ustasının 70 ilə yaxın müddətdə milli ədəbiyyatımıza və jurnalistikamıza xidmətdə keçmiş zəngin və mənalı ömür yolundan ətraflı söhbət açıldı, sevimli yazarımızın yeni çapdan çıxmış “Şahlar şahı” romanı oxuculara təqdim edildi.

Toplantını giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-jurnalist Rəşad Məcid çağdaş nəsrimizin görkəmli nümayəndəsi, ustad jurnalist-redaktor Əfqanın çoxillik bədii-sənədli yaradıcılığının ədəbiyyatımızda və jurnalistikamızda zəngin bir irs təşkil etdiyini vurğuladı. O, Azərbaycan Yazıçılar Birliyinin və qurumun sədri, Xalq yazıçısı Anarın səmimi təbriklərini qocaman sənətkara çatdırdı. Azərbaycan Mətbuat Şurasının yubiley diplomunu isə Əfqan Əsgərova qurumun Ahıl Jurnalistlər Məclisinin sədr müavini Tahir Aydınoğlu təqdim etdi.
AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə ədəbiyyatımızın nüfuzlu ağsaqqallarından biri, sənət dostu Əfqan haqqında ürəkdən gələn duyğu-düşüncələrini ifadə etdi, ona möhkəm cansağlığı arzuladı. Yazıçı-jurnalist, Milli Məclisin deputatı Aqil Abbas isə Əfqan müəllimin gənc yazarlara ata qayğısını, geniş auditoriyada sevilən yazıçılardan biri olduğunu bildirdi, tanınmış söz ustasının şəxsiyyəti ilə yaradıcılığının bir-birini yüksək səviyyədə tamamladığını söylədi.
Filologiya elmləri doktoru, professor Vaqif Yusifli uzun illər ölkənin nufuzlu mətbuat vasitələrində məsul vəzifələrdə çalışmaqla yanaşı, bədii yaradlıcılığı da uğurla davam etdirmiş, nəsr və dramaturgiyamıza samballı əsərlər bəxş etmiş, ədəbi-bədii proseslərdə fəal iştirak etmiş Əfqanın çoxcəhətli fəaliyyətinə və xidmətlərinə ətraflı nəzər saldı.
Ədəbiyyatşünas bildirdi ki, 1953-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirəndən sonra populyar “Azərbaycan gəncləri” qəzetində fəaliyyətə başlayan Əfqan Əsgərov tezliklə özünü istedadlı qələm sahibi kimi tanıdıb. Gənc yazarın ilk hekayələr toplusu da o illərdə nəşr edilib. Moskvada ali ssenari kursunu bitirəndən sonra Əfqan “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. Yaradıcı fəaliyyətini ölkənin avanqard “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində davam etdirən yazıçı-jurnalist üç onillik müddətdə bu redaksiyada ədəbiyyat şöbəsinə rəhbərlik edib. Təcrübəli yazar və nüfuzlu ziyalı kimi Əfqan müəllim 1989-cu ildə “Sovet kəndi”, 1991-ci ildə sə “Həyat” qəzetinin baş redaktoru olub.
Əfqan Əsgərov illər keçdikcə istedadlı yazıçı və dramaturq kimi məşhurlaşıb, ədəbiyyatda həqiqi realizmin qərarlaşmasında fəal rol oynayıb. Onun qələmindən çıxan ­“Gülyanaq”, “Katib”, “Həsrət də bir ­vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası, ­“Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir” və başqa povestləri, çoxsaylı hekayələri gerçəkliyi təsvir edən yeni nəsrimizin inkişafına xidmət edən əsərlərdən sayılır. “Sarı əlcək”, “O mənim oğlumdur”, “Qız atası”, “Gülməyən adam”, “Dağ seli”, “Tamah dişi” pyesləri teatrlarımızın repertuarında aparıcı yer tutub. Bu gün oxuculara təqdim olunan “Şahlar şahı” romanı isə yazıçının tarixi mövzuda qələmə aldığı ən yaxşı əsəridir. Bu kitab və onun diski qocaman yazıçının öz oxucularına ən yaxşı yubiley töhfəsidir.
Vaqif Yusifli çıxışının sonunda dedi: “Tanınmış nasir-dramaturq, publisist-redaktor Əfqan Əsgərovun bu gün 90 yaşı tamam olur. Əfqan müəllim 1920-ci illərdə doğulan və bugünə qədər yaşayıb-yaradan Vidadi Babanlı və Əli İldırımoğlu ilə birgə üç yazıçıdan biridir. XX əsrin təzadlı, mürəkkəb, həm də son dərəcə dramatik hadisə və olayları ilə nəfəs alan bu yazıçıların ömrü daha da uzun olsun!”
Ötən əsrin 70–80-ci illərində yubiliyarla “Kommunist” qəzeti (indiki “Xalq qəzeti”) redaksiyasında birgə çalışmış teatrşünas, professor İlham Rəhimli, tanınmış jurnalist Rafiq Həsənov təmsilçisi olduqları yazarlar nəslinin həyat və yaradıcılığında Əfqan Əsgərovun xeyirxah rolunu qədirbilənliklə yad etdilər, ona xoş arzularını çatdırdılar. “Xalq qəzeti”nin əməkdaşları İlqar Həsənov və İttifaq Mirzəbəyli isə Əfqan müəllim üçün həmişə doğma olmuş kollektivin təbriklərini çatdırdılar, onun indiki jurnalistlərə örnək sayılan ömür yolunun readaksiyada həmişə məmnunluqla xatırlandığını söylədilər.
Tanınmış yazıçı-publisist Seyran Səxavət, Xalq artisti İlham Namiqkamal, şairə Kəmalə Abiyeva, jurnalistlər Flora Xəlilzadə, Əntiqə Qonaq və digər çıxış edənlər də Əfqan Əsgərovun yurd sevgisindən, xeyirxahlığından, yeni nəsil yazarlar üçün örnək olan şəxsiyyət və yaradıcılığından danışdılar. 
Sonda Əfqan Əsgərov həyatının əlamətdar hadisəsinə həmkarlarının göstərdiyi yüksək diqqətə görə razılığını bildirdi, mənalı bir ömür yaşadığından məmnunluğunu ifadə etdi. 
Mərasimdə yubilyara hədiyyələr təqdim olundu. Yazıçı isə iştirakçılara avtoqraflı kitablarını bağışladı.

 

T.RÜSTƏMOV,
“Xalq qəzeti”

 

10 Oktyabr 2019 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə