Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri sənədlərin dili ilə

Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri sənədlərin dili ilə

Azərbaycan Milli İncəsənət Muzeyində bu mövzuda sərgi açılmışdır. Sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşmışdır.
Milli İncəsənət Muzeyi direktorunun müavini Xədicə Əsədova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Sərginin Azərbaycanın dövlətçiliyi ilə bağlı olduğunu deyən X.Əsədova bildirib ki, dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər vardır. Bu sərgidə isə Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsində qorunan Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq, XIX əsrin ortalarına qədərki bir dövrü əks etdirən sənədlər Azərbaycana gətirilib.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cahan Özdemir bunları deyib: “Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək”.
TİKA-nın rəhbəri Teoman Tiryaki Azərbaycanda göstərdikləri fəaliyyətdən bəhs edib. O, ölkəmizlə Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafında rəhbəri olduğu qurumun töhfəsindən məmnun olduğunu qeyd edib. Belə bir tədbirin təşkilindən məmnunluğunu ifadə edib.
Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsinin rəhbəri Uğur Ünal isə arxivlərdə son dərəcə əhəmiyyətli məlumatların olduğunu söyləyib: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarix ərzində ən önəmli şəkildə arxivlərdə qeyd edilib. İstər Azərbaycan, istər Türkiyə arxivlərində bu iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər yer alır. Türkiyədə xüsusilə, Osmanlı dövlətindən qalma arxivlər təkcə Türkiyənin deyil, dünyanın 40-dan çox dövlətinin tarixinə dair sənədləri mühafizə edib saxlayır. Bizim arxivlərdə Azərbaycan ilə Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə sənəd var. Bugünkü sərgidə onlardan yalnız 30-u nümayiş olunur. Bu sənədlər Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı isti münasibətləri əks etdirir. Biz bu əlaqələri daha da dərinləşdirməliyik, çünki arxivlərimizdə hələ öyrənilməmiş minlərlə sənəd vardır. Sərginin tarixi əlaqələrimizi anlamaq baxımından faydalı olacağına inanıram”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral nümayiş olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrinin əyani sübutu olduğunu vurğulayıb. Deyib ki, İrəvan xanlığı və Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub: “Əlimizdəki sənədlər keçmişdə də Türkiyə ilə Azərbaycan arasında çox yaxın münasibətlərin olduğunu göstərir”.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə nümayiş etdirilən materiallar arasında Osmanlı dövlətinin Azərbaycan xanlarına kömək etmələrinə dair Çıldır valisi Süleyman paşanın “24 aprel 1783-cü il tarixli əmri”, Tiflis xanı İrakliyə qarşı Dağıstan və Azərbaycan xanları ilə birləşərək mübarizə aparmaq haqqında Şamaxı xanının qardaşı Ağası xana Sultan I Əbdülhəmidin “1786-cı il tarixli fərmanı”, Sultan II Mahmudun Dağıstan hakimi Surxay xana, Quba xanı Şeyxəli xana, Şəki xanı Səlim xana və digər Azərbaycan xanlarına “13 mart 1813-cü il tarixli məktubları” kimi sənədlər vardır.
Sərgi oktyabrın 13-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,  
“Xalq qəzeti”

10 Oktyabr 2019 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə