Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirildi

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirildi

Beynəlxalq Muğam Mərkəzində  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), AMEA-nın Folklor İnstitutu, Beynəlxalq Muğam Mərkəzi və Milli Konservatoriyanın təşkilatçılığı ilə Milli nəfəs alətləri festivalı keçirilir. Festival Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının layihəsi əsasında gerçəkləşir.

Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransın açılış mərasimində çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov qeyd etdi  ki, milli musiqi alətləri nümunələrinin UNESCO-nun siyahısına salınması, xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə bu alətlərin ifa edilməsi ümumilikdə dövlətin bu irsə diqqət və qayğısının göstəricisidir. Onu da xüsusi qeyd etməliyik ki, Birinci vitse prezident , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli musiqi irsimizin tanıdılmasında mühüm xidmətləri var. Fondun təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçirilən layihələr musiqimizin inkişafı və təbliği yolunda böyük əhəmiyyətə malikdir.

“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək bildirdi ki, milli çalğı alətləri musiqi mədəniyyətimizin mühüm göstəricilərindən biridir. Bu günə kimi milli nəfəs alətlərinin tədqiqatı sahəsində mühüm işlər görülüb, musiqi tarixinin qədim və maraqlı səhifələri aşkara çıxarılıb. Bu çalğı alətlərini yaşatmaq, onları insanlara sevdirmək, gələcək nəsillərə çatdırmaq vacibdir. “Mədəniyyət” kanalı milli musiqimizin təbliğatını diqqətdə saxlayır və bu layihə də görülən işlərin davamıdır.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi vurğuladı ki, Azərbaycan musiqi mədəniyyəti çox zəngin tarixə malikdir. Sovet dövründə milli nəfəs alətlərimiz kölgədə qalsa da, bu gün bu sahədə böyük işlər görülür. Konservatoriyada milli nəfəs alətlərinin tədrisi diqqətdə saxlanılır. Hazırda bu sahədə peşəkar ifaçılar yetişir.

MEMİM-in direktoru Asif Usubəliyev festivalın əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, milli nəfəs alətlərinin tədrisi ilə bağlı yeni metodlar müəyyən edilməli, bu alətlərin gənclər arasında populyarlaşdırılmasına nail olunmalıdır. Bu sahənin mənbəşünaslığı ilə məşğul olaraq daha geniş təbliğatına ehtiyac var.

Daha sonra mövzu üzrə məruzələr dinlənildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Oktyabr 2019 14:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə