• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi qardaşlığın ortaq zəfəri

Tarixi qardaşlığın ortaq zəfəri

Ölkəmizdə və dünyanın müxtəlif yerlərində Bakının 1 əsr əvvəl sentyabrın 15-də eser-menşevik, daşnak-bolşevik quldur dəstələrinin və ingilis silahlı birləşməsinin işğalından azad edilməsinə həsr olunmuş silsilə toplantı və şənliklər davam edir. 
Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə--Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində Bakının düşmənlərdən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu--100” mövzusunda konfransın davamı olaraq Rəşid Behbudov adına Mahnı Teatrında böyük bayram şənliyi keçirildi.
Türkiyədən gələn böyük bir heyətin də iştirak etdiyi təntənəli mərasimin əvvəlində hər iki dövlətin himnləri səsləndirildi. 100 il əvvəl süngüləri ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin yurdumuzda bərqərar olmasına yol açmış, Bakının və digər bölgələrin düşmənlərdən azad edilməsi uğrunda birgə döyüşlərdə həlak olmuş azərbaycanlı və türk şəhidlərin ölməz xatirəsi ehtiramla yad edildi. 
Ədəbi-bədii tədbirin davamında türk xalqlarının qəhrəmanlıq keçmişinə misilsiz bir zəfər kimi yazılmış Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixindəki xilaskarlıq missiyası bir daha qədirbilənliklə yad edildi, bu hünərin xalqlarımızın birliyinin əbədi bir örnəyinə çevrilməsi öyünclə vurğulandı.
Mərasimin aparıcısı, vətənpərvərlik mahnılarının ünlü ifaçısı Şəmistan Əlizamanlı xalqımızın böyük bayramını öz iştirakları ilə şərəfləndirən qardaş Türkiyədən gələn qonaqları salamladıqdan sonra Qafqaz İslam Ordusu sıralarında döyüşmüş əsgər və zabitlərin tarixi qəhrəmanlığının xalqlarımızın düşmənlərə qarşı birgə mübarizəsinin ən parlaq və unudulmaz səhifəsi olduğunu qeyd etdi. Bu tarixi zəfərin hər iki xalqın yaddaşında, elmi-mədəni yaradıcılığında, bədii düşüncəsində önəmli yer tutduğunu söyləyən sənətçi buaxşamkı təntənəni də iki ölkənin ortaq dəyərlərini, dostluğunu və qardaşlığını, türklüyü tərənnüm edən sənət nümunələrinin bəzəyəcəyini bildirdi.
Sonra səhnəyə çıxan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, 100 il əvvəl qardaş Azərbaycanda Şərqin ilk cümhuriyyətinin qurulması, onun hökmünün məmləkətin hər bucağında yayılması nə qədər şərəfli bir tarix olmuşdursa, bu zəfəri qazanmış babalarımızın axıtdıqları qanların bihudə olmadığına bir əsr sonra şahidlik etmək də o qədər öyünclüdür. Təbii ki, 1 əsr əvvəl Azərbaycanın öz müstəqilliyini bərpa etməsində Türkiyənin də payı var. Bu qardaşlıq dəstəyi Türkiyə üçün həmişə qürur mənbəyidir. 1918-ci il 15 sentyabr tarixində Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsi şanlı bir mübarizənin uğurlu zirvəsi olmuşdur. 
Diplomat daha sonra qeyd etdi ki, bu zəfər bizim qardaşlıq münasibətləri baxımından ortaq bir qəhrəmanlıqdır. Bu hadisə hazırkı müstəqil Azərbaycanın gələcək yolunu açan bir tarix kimi də önəmlidir. Həm Türkiyə, həm də Azərbaycan üçün bu yubileyin təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri indiki nəsillərə anlatmaq, xüsusilə də hansı səbəbdən bir yerdə olduğumuzu, tariximizdə nələrin baş verdiyini gələcəyə çatdırmaqdır. Biz belə həqiqətləri xalqa qədərincə çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını bilməlidirlər. 
Səfir Erkan Özoralın “Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarının qatılacağı çox böyük tədbirlər keçiriləcək. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq” mesajı mərasimdə böyük coşqu ilə qarşılandı.
Bundan sonra Bakı zəfərinin baş qəhrəmanı Nuru paşanın qardaşı Ənvər paşanın nəvəsi Arzu Əroğan səhnəyə çıxdı. Türk tarixinə adlarını hünər və qeyrətlə yazmış bir hərbçi sülaləsinin davamçısı olaraq Arzu xanım qardaş Azərbaycana dar gündə xilaskarlıq yardımı göstərmiş babalarının əməllərinin daim qədirbilənliklə yad edilməsindən məmnunluğunu bildirdi, xalqımızı əlamətdar bayram münasibətilə ürəkdən təbrik etdi.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Qənirə Paşayeva, Türkiyəli hərbi veteran, istefada olan general-leytenant Namiq Kamal Çalışqan, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da Qafqaz İslam Ordusunun 100 il əvvəl qoyub getdiyi qəhrəmanlıq ənənəsinin xalqlarımıza həmişə birgə uğurlar qazandırdığını söylədilər. Onlar qeyd etdlər ki, Azərbaycanı türkün tarixi düşmənlərindən xilas etməyi qardaşlıq borcu bilən qəhrəman türk döyüşçülərini dərin ehtiramla yad etmək bugünkü nəsillərin vicdan borcudur. O zaman Osmanlı ordusu Qafqaza gəlib Azərbaycanın igid oğulları ilə birlikdə ölkəmizə qarşı amansız soyqırımı dayandırdı, Bakını erməni-bolşeviklərin işğalından xilas etdi. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. O insanlar Türkiyə--Azərbaycan qardaşlığını tarixin sınağından üzağlığı ilə çıxarmışlar.
 Qafqaz İslam Ordusunun zəfər yürüşünü Nuru paşaya həsr etdiyi məşhur poema ilə ədəbiyyatımızda əbədiləşdirmiş Xalq şairi Nəriman Həsənzadənin bu əsərdən parçaları sinədən söyləməsi mərasimin bədii hissəsinin təsirli başlanğıcı oldu. Türklük məfkurəsini türk dünyasında ünlü çıxışları ilə populyarlaşdırmış Həsən Sağındıq və Şəmistan Əlizamanlının ayrı-ayrılıqda və birlikdə ifa etdikləri nəğmələr türk tarixinin şanlı məqamlarını, türk birliyinin güc və qüdrətini, iki xalqın misilsiz qardaşlığını tərənnüm etməklə hamını duyğulandırdı. Gənclər əllərində Azərbaycan və Türkiyə bayraqları səhnəyə qalxdılar, sənətçilərin çoşqun ifalarını möhtəşəm bir görüntü ilə tamamladılar.
Tanınmış sənətçilər Şahin İsmayılovun və Aşıq XanlarAlqayıtın ifa etdiyi mahnı və havalar da tarixi qəhrəmanlıqdan doğan əzəməti sənətin dili ilə bir daha hamıya duydurdu. Duyğulanmış salon dəfələrlə mahnı və himlərin nəqəratlarını bir yerdə vurğuladı. Qafqaz İslam Ordusunun tarixi hünərinə həsr olunmuş ədəbi-bədii repertuar iki xalqın təmsilçilərini ortaq amalların, birgə qazanılmış uğurların öyünc zirvəsinə qanadlandırdı.
 Mərasim şair-publisist Elçin Mirzəbəylinin ötən əsrin 90-cı illərində xalq hərəkatı fəallarının dilinin əzbərinə çevrilmiş “Azadlıq” himni ilə sona çatdı.

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

 

14 2018 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin