Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Rusiya dostluğu zamanın sınağından çıxıb

Azərbaycan – Rusiya dostluğu zamanın sınağından çıxıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. Müsahibədə Azərbaycan –Rusiya siyasi-iqtisadi münasibətlərindən, Azərbaycanın beynəlxalq əlaqələri, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv fikirlər yer alıb. Prezident müsahibəsində Azərbaycanla şimal qonşumuz arasında olan münasibətlərə toxunaraq bildirib ki, bizim Rusiya ilə əməkdaşlığımız hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq adlandırır.

Bu, həqiqətən də, belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub: “Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlarından biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.” – deyə dövlət başçımız bildirib.
Bundan əlavə, dövlət başçımız müsahibədə  Dağlıq Qarabağ münaqişəsinin region üçün mənfi nəticələri barədə danışaraq Ermənistanın qeyri-konstruktiv mövqeyini sərt tənqid edib. Dövlət başçısı dəfələrlə beynəlxalq arenada və son olaraq da Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Ermənistanın baş nazirinin işğalçı mövqeyini ifşa edərək çıxışını “Qarabağ Azərbaycandır və nida işarəsi” formasında yekunlaşdırmaqla növbəti dəfə bu məsələdə prinsipial mövqeyini ortaya qoyub. “Rossiya” və “Birinci” televiziya kanalllarına eksklüziv müsahibəsində də cənab Prezident bu məsələni diqqətdə saxlayıb. Qeyd edib ki, biz hansı tərəfdən baxsaq, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. 
BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələrini bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər.

 

Mehman İSMAYILOV,
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini

 

9 Oktyabr 2019 01:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə