• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabının Misirdə təqdimatı olub

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” kitabının Misirdə təqdimatı olub

Misir Ərəb Respublikasının “Hivar” (Dialoq) Siyasi Araşdırmalar və Media Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatı keçirilib. Bu, ərəbdilli oxucuların diqqətinə çatdırılan ilk fundamental kitabdır. Bu barədə milli.az saytı xəbər yayıb. 
Mərasimdə Azərbaycanın, həmçinin digər ölkələrin səfirliklərinin əməkdaşları, Azərbaycan diasporunun, Misir ictimaiyyətinin nüfuzlu nümayəndələri, müxtəlif qəzetlərin baş redaktorları, jurnalistlər, tələbələr iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən E.Rəhimov kitabın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən çap olunduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam imzaladığını bildirib. Müəllif AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə cümhuriyyətin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində müstəsna rol oynayan Prezident İlham Əliyevin fəaliyyəti barədə danışıb.
Səfirliyin müşaviri Azər Abbas isə bildirib ki, 100 il bundan öncə Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermişdir. O deyib ki, bu gün sürətlə inkişaf edən ölkəmizin qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək, iki ölkə arasında tarixi və mədəni əlaqələrə toxunub. O, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqlarını bildirib.
Tədbirdə iştirak edən “Hivar” Mərkəzinin rəhbəri, Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin sabiq müdiri, Helvan Universitetinin doktoru və digərləri çıxış edərək müxtəlif mövzulara toxunublar.
Tədbirin sonunda iştirakçıların Misirlə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə dair, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Xəzəryanı ölkələrin statusu, Böyük İpək Yolunda Azərbaycanın rolu, “Şimal-Cənub” dəhlizi, Azərbaycanda təhsil və turizmlə bağlı verdiyi suallar E.Rəhimov cavablandırıb.
Qeyd edək ki, təqdimat zamanı səfirlik tərəfindən ərəb dilində çap olunan kitabların sərgisi təşkil edilib. Sonda iştirakçılara ölkəmizin həqiqətlərini təbliğ edən kitab və jurnallar hədiyyə edilib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

14 2018 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin