Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Argentinalı qonaqlarla görüş

Argentinalı qonaqlarla görüş

Argentina Respublikasının Azərbaycandakı səfiri Sergio Perez Gunella və Mədəniyyət məsələləri üzrə səfirin müavini xanım Korina Beatriz Azərbaycan Milli Kitabxanasında olmuşlar. Qonağı Milli Kitabxanaın direktoru, professor .Kərim Tahirov qarşılamış, səfirin kitabxanada olmasından məmnunluq duyduğunu bildirmişdir.

Görüş zamanı hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini vurğulayan səfir qeyd etmişdir ki, kitablar hər bir ölkənin mədəniyyətinin əsas təmsilçisidir. Ölkələr arasındakı əməkdaşlığın ən başlıca yollarından biri də kitabxanalar arasındakı qarşılıqlı əlaqələrdir. Görüş zamanı səfir yaxın zamanlarda Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanması ilə bu əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirdi.

Direktor Kərim Tahirov qeyd etdi ki, Anlaşma Memorandumu artıq Argentina Milli Kitabxanası ilə razılaşdırılıb və imzalanmaq üçün hazırdır. O, həmçinin əlavə edib ki, iki ildən bir keçirilən beynəlxalq kitab sərgi-yarmarkasına kitabxananın qarşılıqlı əməkdaşlıq etdiyi ölkələrin milli kitabxanaları dəvət olunurlar. İnanırıq ki, Anlaşma Memorandumu imzalandıqdan sonra Argentina Milli Kitabxanasının ekspozisiyası da növbəti sərgidə öz yerini alacaq. Direktor qeyd etdi ki, Anlaşma Memorandumunun əsas istiqamətlərini kitab, informasiya, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı tədbirlərin keçirilməsi təşkil edir.

Sergio Perez Gunella  daha sonra müəlliflik hüquqları və elektron resurslarla bağlı onu maraqlandıran suallarını direktora ünvanlamışdır. K.Tahirov Prezident  İlham Əliyevin imzaladığı sərəncamla ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının elektron versiyalarının da Milli Kitabxanaya veriləcəyini və bununla da elektron kitabxananın daha da zənginləşəcəyini bildirmişdir. Bu resurslar “Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə Milli Kitabxananın saytında yerləşdiriləcək və istifadəçilər üçün əlçatan olacaq.

Hər iki ölkənin   zəngin ədəbiyyatının olduğunu bildirən səfir Azərbaycan ədəbiyyatını Argentinada və eləcə də Argentina ədəbiyyatını Azərbaycanda tanıtmaq üçün qarşılıqlı kitab mübadiləsinin vacibliyini bir daha vurğuladı.

Görüşün sonunda K. Tahirov “Azərbaycan Milli Kitabxanası. Foto albom” (Azərbaycan, rus və ingilis dillərində), “Qədim Bakı” (ingilis dilində) kitablarını və Azərbaycan xəritəsini qonağa təqdim etdi. Cənab səfir isə öz növbəsində Argentinalı yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş kitablarını (Adolfo Bio Kasares “Morelin ixtirası”, Klaudia Pineiro “Bir damcı bəxt”, Mariya Elena Valş “Dailan Kifki”) və “The Argentina” miniatür kitabını Milli Kitabxanaya hədiyyə etdi.

Sonda qonaqlar kitabxananın elektron kataloqu və elektron kitabxanası, Kitabxana muzeyi  ilə tanış olmuş, Açıq kitabxananı ziyarət etmiş və xatirə kitabına öz ürək sözlərini yazmışlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Oktyabr 2019 16:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə