• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan yaxın tarixin dərslərini unutmamalıdır!

Ermənistan yaxın tarixin dərslərini unutmamalıdır!

Azərbaycan ictimaiyyəti Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq-aşkar təxribat xarakteri daşıyan, yalan və böhtandan ibarət bəyanatlarını çox eşidib. Hazırkı baş nazir Nikol Paşinyan da bu məsələdə sələflərindən geri qalmır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev zaman-zaman ən müxtəlif beynəlxalq tədbirlərdə ermənilərin bu yalan və böhtanlarını puça çıxaran kəsərli bəyanatlarla çıxış edib, işğalçı ölkə rəhbərliyinin dünya ictimaiyyətini aldatmasının qarşısını alıb. 
Eyni proses yenə davam edir. Paşinyan da özündən əvvəlki erməni rəhbərləri kimi, hakimiyyətə gəldiyi ilk günlərdən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı absurd bəyanatlar səsləndirir, kor tutduğunu buraxmayan kimi, Azərbaycanın Dağlıq Qarabağın separatçı rejimi ilə danışıqlar aparmalı olduğunu deyir. Bu isə, təbii ki, indiyədək aparılmış danışıqlar prosesini pozmaq cəhdindən başqa bir şey deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı vurğuladı. Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar ziddiyyətli bəyanatlar səsləndirdiyini qeyd etdi. “Paşinyanın “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının, guya, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır”.
Prezident İlham Əliyev haqlı olaraq Ermənistan baş nazirinin bu cür bəyanatlarının yolverilməz olduğunu və buna nüfuzlu beynəlxalq təşkilatlar, xüsusən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT tərəfindən münasibət bildirilməli olduğunu söylədi. Əlbəttə, Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, hansısa vasitələrlə Qarabağın işğalına nail olmuş Ermənistan indi zəbt etdiyi əraziləri boşaltmaq istəmir və bunun üçün ağlasığmaz fikirlər səsləndirməkdən belə çəkinmir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Paşinyanın hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışması deməkdir: “Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”. 
Bundan əlavə, dünən Ermənistan parlamenti ölkədə keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edib. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev buna münasibət bildirərək deyib ki, bu, “mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır”. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət Ermənistana qarşı təsirli siyasi-diplomatik təzyiqlər göstərmədikcə bu terrorçu və işğalçı dövlət cəzasızlıq şəraitində region üçün yeni təhlükələr törətməkdə davam edir. 
Zənnimizcə, Ermənistanın yeni baş naziri başlatdığı avantüralara son qoymalı, beynəlxalq təşkilatlar isə təcavüzkara qarşı adekvat addımlar atmalıdır. Əks təqdirdə, Azərbaycan özü buna lazımi cavabı verəcək. Bunun nə demək olduğunu Paşinyan yaxşı başa düşür. Çünki ortada 2016-cı ilin Aprel döyüşləri və bu ilin mayında baş vermiş Haxçıvan qələbəsi var. Əgər Azərbaycan Ordusu növbəti dəfə silahını götürüb meydana atılsa, nəticələr Ermənistan üçün ağır olacaq. Ona görə də rəsmi İrəvan yaxın tarixin dərslərini unutmamalıdır. 

Azad KƏRİMLİ, 
Milli Onkologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru, respublikanın baş onkoloqu

14 2018 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin