• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan və Ermənistan parlamenti reallıq duyğusunu itirərək erməni əsgərlərini ölümə göndərir

Nikol Paşinyan və Ermənistan parlamenti reallıq duyğusunu itirərək erməni əsgərlərini ölümə göndərir

Baş nazirin özü, sözü və təhqir edilmiş üzü

İşğalçı ölkənin baş naziri, sözün həqiqi mənasında , hər gün rüsvay olur. Nə ölkə daxilində üzünə baxmaq istəyən var, nə də xaricdə. Hansısa gözəgörünməz qüvvələrin dəstəyi ilə hakimiyyətə gələndə həm sürətli idi, həm də iddialı. Kimlərsə onu dəstəkləməkdən imtina edəndə isə sürəti azalsa da, iddiaları çoxalmağa başladı. İş o yerə çatdı ki, dünyanın, az qala, bütün beynəlxalq təşkilatlarının 25 il həll etməyə çalışdığı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların formatını dəyişməyə belə uğursuz bir cəhd göstərdi. 
Bu adam utanmadan, çəkinmədən beynəlxalq ictimaiyyətin gözü qarşısında dedi ki, Dağlıq Qarabağ münaqişəsi “Arsak”ın öz problemidir və Azərbaycan rəhbərliyi danışıqları bizimlə deyil, Xankəndi ilə aparmalıdır. Onun bu cəfəng iddiası mətbuat vasitələrinin xəbər lentində köhnəlməyə macal tapmamış, Ermənistan parlamentinin rəsmi saytında məlumat verildi ki, deputatlar böyük səs çoxluğu ilə Azərbaycana qarşı müharibə etmək barədə qərar qəbul ediblər. Əgər belə bir qərar, həqiqətən, qəbul edilibsə, onda Ermənistan parlamenti baş nazirin üzünə tüpürmüş olur. Bu, necə dövlət, necə idarəetmədir? 

Ermənistan ordusu şuntlanır?

Kütləvi informasiya vasitələri yazır ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisinə reaksiya verib ( Şant sözünün ermənicə mənası “göy gurultusu, ildırım səsi” olsa da, ingiliscə “shunt” kimi yazılan bu söz alpinistlərin qayadan aşağı enmək üşün istifadə etdikləri ikiqat kəndirin ilgəyinə deyilir. Yəni bu sözün bir mənası da “shunt” – ilgək olduğuna görə bəzi ekspertlər düşünürlər ki, həmin ilgək nə zamansa Nikol Paşinyanın boğazına keçə bilər. 
Hələlik isə Ermənistan ordusu “şuntlanır” və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin açıqlamasında bildirilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıqdır ki, davam edir. Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir.
Bu isə o deməkdir ki, beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidinə çevrilir. Ekspertlərin fikrincə, Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır. 

Terrorçu ölkəyə... terorçu gəlir

Təbii ki, Ermənistan rəhbərliyinin hərbi təlim keçirmək istəyi ölkənin daxili işidir və öz ölkəsində keçirərsə buna kimsə etiraz etmir. Ancaq həmin təlimlər fonunda ölkə parlamentinin Qafqazın sürətli inkişafda olan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi töhfələr verən, bütün beynəlxalq təşkilatların möhtəşəm tədbirlərinə ev sahibliyi edən Azərbaycana müharibə elan etməsi – sadəcə, dəlilik əlamətidir. Erməni ekspertlərin fikrincə, Azərbaycan Ordusu Ermənistanı yox etmək iqtidarındadır. Belə bir vəziyyətdə Azərbaycana qarşı müharibə elan edilməsi intihar barədə düşünən adamın yadına düşə bilər. 
Bundan başqa, Rusiya və Qərb ekspertləri də Ermənistan parlamentinin qərarının tamamilə səhv addım olduğunu söyləyiblər. 
Erməni jurnalistlər Azərbaycana müharibə elan edilməsinin səbəblərini anlamasalar da, hərbi təlimlərə xüsusi don geyindirməyi bacarıblar. Belə ki, “Ermeni haber” facebook səhifəsi yazır ki, “Şant-2018” təlimləri, əsasən, Türkiyə sərhədləri boyunca davam edir. Müdafiə nazirinin köməkçisi Qabriel Balayan deyib ki, bu təlimlərin Türkiyə sərhədləri boyunca aparılması Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Guya, Yaxın Şərqdən Türkiyə ərazisinə gələn mühacirlərin çoxu Ermənistana keçir və həmin mühacirlərin arasında terrorçular da ola bilər. 
Əvvəla, söhbət terrorçudan gedirsə, deməliyik ki, nəinki Yaxın Şərqdəki, hətta Avropa ölkələrindəki terrorçuların böyük əksəriyyəti çoxdandır ki, Ermənistanda məskunlaşıb. İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda ərəb ölkələrindən gətirilmiş terrorçuların təlim-məşq poliqonları barədə məlumatları kim oxumayıb ki?
Yeri gəlmişkən, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hakimiyyətdə olarkən, erməni terror təşkilatı ASALA üzvü və onlarca günahsız insanın terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirmişdi. Həmin həyasızlıq Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut edir: XİN rəsmisi Hikmət Hacıyev həmin fakta münasibət bildirərkən demişdi: “Terrorçu Monte Melkonyanla birlikdə səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim edir”. Deməli, öz terrorçuları yaxşı, Yaxın Şərqdən gələ biləcək terrorçular isə pisdir.
İkincisi, əgər söhbət, həqiqətən, Türkiyə ərazisindən gələ biləcək terrorçulların qarşısının alınmasından gedirsə, onda Azərbaycana müharibə elan etmək nə deməkdir? 

Ermənistan poliqonunda əcnəbi təlimləri

Region mətbuatında “Amerikalı hərbçilər Ermənistanda təlimlər keçirəcəklər”, “Rusiya ordusu Ermənistanda təlimlər keçirdi” kimi informasiyaları tez-tez oxuyuruq. Azərbaycan – Türkiyə hərbi əməkdaşlığından söz düşəndə isə Ermənistan rəhbərliyi Avropadakı bütün qapıları döyüb göz yaşı tökür ki, Bakının təşkil etdiyi təlimlər bizə qarşıdır. Bu yaxınlarda oxumuşduq ki, Kanzas milli qvardiyasının nümayəndə heyəti Ermənistana gəlib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində qeyd olunmuşdu. Məlumata görə, nümayəndə heyəti təcrübə mübadiləsi aparmaqla yanaşı, erməni hərbi qulluqçuları ilə birgə təlimlər və digər tədbirlər də həyata keçiriblər.
RİA “Novosti”nin verdiyi xəbərdə isə bildirilirdi ki, Rusiyanın Ermənistandakı hərbi bazasının radioelektron mübarizə və pilotsuz uçan aparatlar hissəsinin hərbçiləri təlim keçiriblər. Üçgünlük təlimlər “Kamxud” və “Alagöz” dağ poliqonlarında keçirilir. Rusiyalı həmkarlarımızın “Alaqyoz” kimi yazdığı Alagöz dağının adı Ermənistan deyilən dövlətin kimin torpağında yaradıldığının canlı sübutudur. 
Ermənistanda keçirilən başqa bir təlim haqqında isə politoloq Qabil Hüseynli demişdi ki, bu təlimlərin Ermənistanda keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə maneədən başqa bir şey deyil: “Birinci dəfədir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda birləşmiş qoşunlarının təlimlərini keçirir. Bu təlimlərin keçirilməsi düzgün addım deyil. Çünki Ermənistan müharibə iştirakçısı olan ölkədir. Bu, bir növ ermənilərin ayaqlarının altına daş qoyur”.

Xatırladaq ki…

Ermənilərə xatırladılmalı çox, lap çox məqam var. Eyni zamanda, onların yadına salmaq istədiyimiz bir erməni atalar sözü də var: “Daşın başa dəyməsi ilə başın daşa dəyməsi çox fərqlidir”. Amma indi, bu xalqın ideoloqları 2-3 milyon ermənini elə günə salıblar ki, onlar üçün daşın başa dəyməsi ilə başın daşa dəyməsinin elə bir fərqi qalmayıb. 
Çünki Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı (hətta, o işğal müvəqqəti olsa belə) Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini sürətləndirib. Tamah bu ölkəni regional layihələrdən kənarda qoyub və artıq Ermənistanın siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resursları tükənib. Həmçinin suveren dövlət kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub.
Dünyada hamı görür ki, Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü – nüvə suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatlarında, qətnamə və qərarlarıında, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və sənədlərində təsbit olunub.
Xarici İşlər Nazirliyinin bəyanatlarından birində bildirilir ki, Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək, legitimləşdirmək cəhdləri də iflasa uğrayıb: “Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayacaq”.
Erməni əsgəri ölmək istəmirsə…
Erməni siyasətçilərin “Azərbaycan Ordusu bizim əsgərlərimizi öldürdü” – deyə göz yaşı axıtdığı beynəlxalq tədbirlərdən birində Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, erməni əsgəri ölmək istəmirsə, bizim torpaqlarımızdan çıxıb getsin. Son fakt sübut edir ki, erməni əsgəri ölmək istəməsə də, Ermənistan parlamenti və ölkənin rəhbərliyi öz əsgərlərini ölümə göndərir.
Elə bu sətirləri də Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dilə gətirdiyi fikirlərlə tamamlamaq istəyirik. Ötən il dekabrın 21-də Bakıda “Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransda açılış nitqi söyləyən İlham Əliyev demişdir: “Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, – bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, – tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”. 
 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”

14 2018 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin