• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək” layihəsi başa çatıb

 “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək” layihəsi başa çatıb

“Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin İnkişafına Dəstək” (2016-2018) layihəsinin icrası başa çatıb.  
Sentyabrın 14-də Tbilisidə layihənin yekunlarına həsr olunmuş konfrans keçirilib. 
Bildirilib ki, bu üçillik layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramı tərəfindən,  Azərbaycan və Gürcüstanın gömrük orqanlarının birgə iştirakı ilə reallaşıb. 
Konfransda Azərbaycan Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri, Gürcüstanın maliyyə naziri, BMT-nin İnkişaf Proqramının və Aİ-nın Azərbaycan və Gürcüstan üzrə rezident əlaqələndiriciləri, nümayəndəliklərinin rəhbərləri, müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri, diplomatlar iştirak ediblər. 
Gürcüstanın maliyyə naziri İvane Maçavariani çıxışında layihənin icrası müddətində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. Nazir Gürcüstan hökuməti adından BMT İP-in Azərbaycan və Gürcüstan ofislərinin layihə əməkdaşlarına təşəkkürünü bildirib. 
Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov çıxış edərək layihə çərçivəsində keçirilmiş milli və ikitərəfli təlimlər, habelə Aİ ölkələrinin gömrük postlarına təşkil edilmiş səfərlər nəticəsində Azərbaycan gömrükçülərinin Aİ-nin gömrük nəzarəti sahəsində qabaqcıl təcrübəsi ilə tanış olduqlarını bildirib. 
Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan tərəfində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzinin ölkələrarası ticari dövriyyənin artırılmasında əhəmiyyətini vurğulayaraq belə mərkəzlərin digər sərhəd-keçid məntəqələrində inşa ediləcəyini diqqətə çatdırıb.
Sonra çıxış edən BMT-nin (eyni zamanda, BMT İP-nin) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və BMT-nin və BMT İP-nin Gürcüstandakı rezident əlaqələndiricisi Niels Skott çıxışlarında hər iki ölkənin beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığından bəhs edib, bu layihələrin dövlətlərin dayanıqlı inkişafının təmin olunmasında önəmli rol oynadığını vurğulayıblar.  
Avropa İttifaqının Azərbaycandakı və Gürcüstandakı nümayəndəliklərinin rəhbərləri Kestutis Yankauskas və Yanos Herman layihənin hər iki dövlətin gömrük xidmətinin fəaliyyətinin, xüsusilə sərhədlərdə sanitar, fitosanitar və baytarlıq nəzarətinin Aİ-nin standartlarına uyğunlaşdırılması istiqamətində mühüm töhfə verdiyini qeyd ediblər. 
Azərbaycan ilə Gürcüstan arasında Ticarətin Asanlaşdırılması layihəsinin rəhbəri Məzahir Əfəndiyev konfransda təqdimatla çıxış edib. O, Azərbaycanda gömrük sahəsində həyata keçirilən islahatlar, iqtisadi təhlükəsizliyin və qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Layihənin ümumi dəyəri 2,6 milyon avro təşkil edib. Məbləğin 2,128 milyonunu Aİ, qalanını isə Azərbaycan və Gürcüstan ödəyib.
Konfrans iştirakçıları sonra Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə səfər edərək layihə çərçivəsində Gürcüstan tərəfində tikilmiş sanitar, fitosanitar və baytar nəzarəti üzrə laboratoriyanın və Azərbaycan tərəfində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasının açılışlarında iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Gürcüstan tərəfində inşa edilmiş laboratoriyanın əsas məqsədi sərhəd-keçid məntəqəsində sanitar, fitosanitar və baytar nəzarətini sürətləndirərək bu prosedurların Aİ standartlarına uyğunlaşdırılmasını təmin etməkdir. 
Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzi isə Qırmızı Körpü sərhəd-keçid məntəqəsində insanların hərəkətini və ticarət dövriyyəsini sürətləndirəcək, vaxt itkisinin qarşısını alacaq. Azərbaycanın və Gürcüstanın gömrük orqanları arasında institusional əməkdaşlıq güclənəcək, gömrük nəzarəti daha asanlaşacaq. 
Bu pilot layihənin icrası müddətində əldə olunmuş uğurları və təcrübəni nəzərə alaraq bu tip infrastrukturun həm Azərbaycan, həm də Gürcüstanın digər sərhəd-keçid məntəqələrində tikilməsi planlaşdırılır. 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

14 2018 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin