• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnvestisiya mühitinə görə Azərbaycan dünyada cəlbedici ölkə kimi tanınır

İnvestisiya mühitinə görə Azərbaycan dünyada cəlbedici ölkə kimi tanınır

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar, siyasi sabitlik, xarici investisiyanın qorunması üçün mövcud qanunvericilik bazası xarici sərmayədarların ölkəmizə marağını getdikcə artırır. 
Məlumdur ki, investorlar ancaq sabit olan yerlərə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, 2003-2017-ci illərdə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşür. Azərbaycan hər nəfərə düşən xarici investisiya həcminə görə regionda lider dövlətdir. Azərbaycan bu dövr ərzində investisiya ixrac edən ölkəyə çevrilib. Xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi isə 19 milyard dollardan çox olub.
Cari ilin yanvar-iyun aylarında isə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 892,6 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yatırılan sərmayənin 2 milyard 298 milyon manatı İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran investorlarına məxsus olub.
Bununla bağlı ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” mövzusunda keçirilən konfransda da ətraflı danışılıb. Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikasında mühüm iqtisadi islahatlar həyata keçirilib, xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün möhkəm təməl yaradılıb.
Azərbaycan Prezidenti ­İlham Əliyevin uzaqgörən iqtisadi siyasəti sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. 
Avropa İttifaqının “PricewaterhouseCoopers” (“PwC”) və “Deloitte” şirkətlərinin Azərbaycanda apardığı son sorğuların nəticələrinə görə, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. Xüsusən də xarici investorların Azərbaycanda aparılan iqtisadi siyasətə inamı və etimadı güclüdür. Çünki investorlar üçün vacib olan iqtisadiyyatın proqnozlaşdırma səviyyəsi yüksəlir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması və Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmizə milyardlarla dollar həcmində yeni sərmayəlar yatırılacaq.
Azərbaycan xarici sərmayə cəlb etməklə, həm də Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən formalaşmasında yaxından iştirak edir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi Azərbaycanı nəqliyyat-logistika qovşağına çevirib. Belə şaxələndirilmiş infrastruktur imkan verir ki, ölkədə ixracyönümlü və rəqabətqabiliyyətli iqtisadiyyat inkişaf etsin. Ələtdə Azad İqtisadi Zonanın Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatları ilə regionun enerji təhlükəsizliyində aparıcı rol oynayır.
Reallaşdırılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və sahibkar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika, texnoloji avadanlıq, qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad olunub.
Ölkədə xarici investisiyaların qorunması istiqamətində də kompleks tədbirlər həyata keçirilib. Yeni təşkil olunmuş sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti və infrastruktur imkanları yaradılıb. Qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes sistemi asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb. 
“Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı təşkil edilib, xarici iş adamlarına elektron rezident olmaq imkanı verilib və Ələt Azad İqtisadi Zonası yaradılması istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunan sürətli inkişafın davamlığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq komissiyanın yaradılması böyük əhəmiyyətə malikdir. Hazırda biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. 
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz əksini tapıb. Dünya İqtisadi Forumunun “2017-2018: Qlobal rəqabətlilik hesabatı”nda Azərbaycan 35-ci yerədək yüksəlib və MDB məkanında liderliyini qoruyub saxlayıb. Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan dünyada ümumi infrastrukturun inkişafına görə 26-cı, əhalinin ölkənin siyasi xadimlərinə etimad göstəricisi üzrə 20-ci yerdədir.
“Doing Business-2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb. Sənədə əsasən, 10 indikatordan 6-sı üzrə öz mövqeyini yaxşılaşdıran Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkədən biri olub. 
“Doing Business-2018” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşması ölkəyə investisiya axınının artmasına da müsbət təsir göstərir. 
Qeyd edilənlər bir daha göstərir ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik, Dünya Bankının “Doing Business” hesabatları və 2018-ci ilin İnklüziv İnkişaf İndeksi üzrə ölkəmizin mövqeyinin yaxşılaşması görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən qarşıdakı illərdə respublika iqtisadiyyatında artım proqnozlaşdırılır. Azərbaycanda ortamüddətli dövrdə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı şübhəsizdir. Xarici investorlar da ölkəmizə investisiya yatırmaqda maraqlıdırlar. Bu gün Azərbaycan Cənubi Qafqazın bütün mənalarda lider dövlətidir. 2012-ci il “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci il Birinci Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2016-cı ildən başlayaraq “Formula 1” Qran-Prisi kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan mədəniyyətlər arasında dialoq və əməkdaşlığın, eyni zamanda, siyasi müzakirələrin aparıldığı mədəni və siyasi liderlərin bir araya toplaşdığı qlobal mərkəzdir.
2014-cü ilin sonundan başlayan xarici şok makroiqtisadi sferada dərin manevrin həyata keçirilməsi zərurətini yaradıb. 2015-ci ildən fiskal və monetar siyasətdə reallaşdırılan genişmiqyaslı makroiqtisadi manevr xarici şokun neqativ nəticələrini minimallaşdırmağa imkan verdi. Manevr çərçivəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatda xarici və daxili tarazlıq bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin yeni tarazlıq səviyyəsi formalaşdı, inflyasiya azaldı və iqtisadi artımın bərpasına nail olundu.
2017-ci ildən formalaşan makroiqtisadi sabitlik meyilləri 2018-ci ildə davam etməkdədir. Cari ildə inflyasiya birrəqəmli səviyyədə möhkəmlənib, 7 ayda orta illik inflyasiya 2,8 faiz təşkil edib. 
Proqnozlara görə, ilin sonuna inflyasiyanın elan edilmiş hədəf intervalından aşağı olacağı gözlənilir. Makroiqtisadi sabitlik meyillərinin güclənməsini nəzərə alaraq pul siyasətinin normallaşması istiqamətində addımlar atılıb. Cari ildə uçot dərəcəsi mərhələlərlə 15 faizdən 10 faizə endirilib və faiz dəhlizi optimallaşdırılıb.
Əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım nöqtələrinin müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir. 
Azərbaycandan dünya istehlakçılarının yarısını əhatə edən 50 ölkəyə uçuş 4 saat civarındadır. Azərbaycanın 1,6 trilyon dollarlıq ÜDM-ə malik bazarlara azad ticarət sazişləri ilə çıxışı var. Bu günlərdə “The Economist Intelligence Unit”in dərc etdirdiyi “Qlobal Yaşam İndeksi Hesabatı”nda Bakı dünyanın yaşam şərtləri yüksək olan şəhərləri sırasına daxil edilib. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. MDB-də ən rəqabətədavamlı iqtisadiyyatı quran Azərbaycan dünyada m-rezidentlik təklif edən ilk və e-rezidentlik təqdim edən ikinci ölkədir. Bütün deyilənlər Azərbaycana xarici sərmayə cəlbini sürətləndirir. 

 Vaqif BAYRAMOV, 
 “Xalq qəzeti”

 

14 2018 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin