• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosialyönümlü layihələrin uğurlu icrası əhalinin güzəranını daha da yaxşılaşdırır

Sosialyönümlü layihələrin uğurlu icrası əhalinin güzəranını daha da yaxşılaşdırır

Gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

 

 

Hazırda dünyada baş verən mürəkkəb qlobal proseslər ciddi iqtisadi-maliyyə böhranı yaratmış, bu da əksər dövlətlərə öz təsirini göstərmişdir. Bununla yanaşı, bir sıra iri şirkətlər maliyyə sarsıntısına məruz qalmış, iş yerləri ixtisara düşmüş, iqtisadi sahədə geriləmələr müşahidə olunmuşdur. Təbii ki, Azərbaycan dünyanın bir parçası olduğu üçün bu proseslər ölkəmizdən də yan keçməmişdir. Ancaq Prezident İlham Əliyevin düşünülmüş strategiyası nəticəsində böhran minimum səviyyədə təsir etmişdir. Buna baxmayaraq, nəzərdə tutulan iri infrastruktur layihələr uğurla icra olunmuş və hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinə qədəm qoyulmuşdur. Bu sırada sosialyönümlü layihələr xüsusi önəm kəsb edir.
Ötən illərə bir daha nəzər yetirsək, son 15 il ərzində Azərbaycanın bütün sahələr üzrə böyük və şərəfli yol keçdiyinin şahidi olarıq. Bu illər ərzində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Sosialyönümlü layihələrin icrası ölkədə əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasında xüsusi rol oynamışdır. 
Ümumiyyətlə, əhalinin sosial rifah halının yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması dövlət siyasətinin prioritetini təşkil edir. Bunu cari ilin büdcəsi də təsdiq edir. Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür. Xərclərin 33,5 faizinin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Bu da əhalinin güzəranının yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, biznes mühitinin yaxşılaşdırılması, maliyyə bazarlarının təkmilləşdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında böyük rol oynayır.
Ölkəmizdə bütün sahələr üzrə aparılan köklü iqtisadi islahatların bölgələrdə infrastruktur layihələrinin icrasında böyük rol oynamışdır. Bu layihələr həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin gəlirlərinin artırılmasına təsir göstərmişdir. 
Qəbul olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, bütün sahələrdə, o cümlədən sosial sferada da özünü ciddi şəkildə göstərir. Bu fakt bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb.
Uğurla icra olunan nəhəng transmilli infrastruktur layihələrimiz Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi. Belə layihələr sabitlik, əmin-amanlıq olan ölkələrdə daha sürətlə icra olunur. Azərbaycan da, dünya birliyinin etiraf etdiyi kimi, təhlükəsizlik, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Artıq bu, danılmaz faktdır ki, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən birinə çevrilmişdir.
Sosialyönümlü layihələrin uğurlu icrası yeni iş yerlərinin yaradılmasında müsbət rol oynamışdır. Son 2-3 ilin nəticələri xüsusilə, yaddaqalandır. Bu müddət ərzində qeyri-neft sektorunda ixrac 20-30 faiz artmışdır. Maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, bəzi ölkələrdən fərqli olaraq, respublikamızda daim yeni iş yerləri yaradılması artıq ənənə halını alıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların iş yerləri ilə təmin edilməsinə göstərdiyi siyasi iradə öz müsbət nəticəsini verib. Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılıb. Halbuki, son illər dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. İqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr fonunda ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalmış, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, təbii ki, insanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır. 
Məhz bu baxımdan, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn yeni sosial təşəbbüslər irəli sürülür, bu istiqamətdə bütün proqramlar uğurla yerinə yetirilir. Prezident İlham Əliyev milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması ilə əlaqədar 25-dən çox fərman və sərəncam imzalayıb. Dövlət başçısının müvafiq fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Bütün bunlar uğurlu sosial siyasətin konkret göstəriciləridir. 
Diqqət çəkən bir fakt da odur ki, bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Göründüyü kimi, respublikamızda yeni iş yerlərinin yaradılması prosesi əhalinin artım dinamikasını üstələyir. Ötən illər ərzində Azərbaycanda işsizliyin daim aşağı səviyyədə olması üçün əhəmiyyətli tədbirlər görülüb. Bunun nəticəsidir ki, hazırda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Sosial sahəyə çox böyük diqqət göstərilməsi özünü əməkhaqqı və pensiyaların artımında da göstərmişdir. Bu illər ərzində həmin sahədə aparılan islahatlar nəticəsində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artırılmışdır. Həmçinin sosial müavinətlər, tələbələrin təqaüdləri, Milli qəhrəmanların, şəhid ailələrinin, Böyük Vətən müharibələri iştirakçılarına, Qarabağ müharibəsi və Çernobıl əlillərinə verilən müavinətlər ilbəil artırılmışdır. 
 Ölkəmizdə son illər sosial infrastrukturla bağlı çox böyük işlər görülmüşdür. Bu, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində xüsusilə özünü büruzə vermişdir. 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Təbii ki, bütün bunlar böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü olduğundan, investisiya proqramında öz yerini tutmuşdur. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər belə sosial layihələrin icra edilməsi nəzərdə tutulub.
“ASAN xidmət” mərkəzlərinin yaradılmasıyla son illər ərzində sosialyönümlü layihələr sırasında, xüsusilə ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Bu xidmətin yaradılması ilə rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Hazırda “ASAN xidmət”in 13 mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər artıq respublikamızın bir sıra rayonlarında da fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri beynəlxalq ekspertlər tərəfindən də yüksək dəyərləndirilib. Bildirilir ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Məhz bunun nəticəsidir ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. Bundan əlavə, “ASAN xidmət” Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Məlumat üçün qeyd edək ki,1950-ci ildə yaradılan Britaniya Əməyin Mühafizəsi Şurası 2004 – cü ildə beynəlxalq dərəcəli təşkilat statusunu alıb. Təşkilatın başlıca məqsədi dünyada mövcud olan müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində gördüyü işləri qiymətləndirməkdir. Belə ki, əməyin mühafizəsi sahəsində keyfiyyətli idarəetmə sistemi quran istənilən müəssisə bu təşkilata müraciət edə bilər. Qalib olan bütün müəssisələrin nümayəndələrinə sertifikat təntənəli şəkildə hər il London şəhərində keçirilən mərasimdə təqdim edilir. Müəssisənin adı “British Safety Council” təşkilatının rəsmi internet saytında dərc olunur. Həmçinin, təqdimetmə mərasimi BBC telekanalında nümayiş etdirilir. Qürurverici haldır ki, “ASAN xidmət” bu təşkilatın qalibləri sırasındadır.
Aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət syasətinin əsasını təşkil edir. Azərbaycan Prezidentinin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ölkə başçısı tərəfindən bu agentliyin qarşısında qoyulan əsas vəzifə vətəndaşların yaşayış sahələrinə olan ehtiyaclarını ödəməkdən, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdən, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdən ibarət idi. 
MİDA-nın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu layihənin yeni sosial təşəbbüs, sosialyönümlü olduğunu xatırladaraq qeyd etmişdi ki, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır: “Son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik. Son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artmışdır. Ölkəmizdə bir çox sosial infrastruktur obyektləri tikilmişdir. Doxsandan çox məcburi köçkün qəsəbəsi salınmışdır və bu proses davam edir. Ünvanlı sosial yardımın məbləği artırılır və bu proqram üzrə yardım alanların sayı da lazım gələndə artırılır. Bir sözlə, sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, bu siyasəti daha da uğurla aparmaq üçün bizim güclü iqtisadi imkanlarımız olmalıdır. Bu imkanları biz yaradırıq, hətta böhranlı vaxtlarda da ciddi islahatlar aparılır və bu islahatlar öz nəticələrini verməkdədir”.
Artıq Bakıda yeni sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb. Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, paytaxtın bütün rayonlarında, Bakıətrafı qəsəbə və kəndlərdə sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb. İlk növbədə, çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri aparılır, yeni “Abad həyət” və məhəllələrin, vətəndaşların istirahəti üçün müvafiq şəraitin yaradılması işləri görülür. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.
Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Bu, bir daha təsdiqləyir ki, hökumət ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır.
Faktlar da təsdiqləyir ki, sosialyönümlü siyasət uğurla davam etdirilir və həmin xətt Azərbaycan cəmiyyətində razılıqla qarşılanmaqdadır. Bunun əsas səbəbi sosialyönümlü layihələrin aztəminatlı ailələrin həyat şəraitinin yüksəldilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, insan amilinə hörmət və ehtiramın formalaşmasına, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaratmasıdır. Bununla yanaşı, sosialyönümlü layihələr insanların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə zəmin yaradır. Dövlətimizin başçısı da bu siyasəti yüksək dəyərləndirərək, onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını bildirmişdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsi prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacaq.

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

14 2018 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin