• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı yeni uğurlarla nəticələnir

Təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı yeni uğurlarla nəticələnir

Müstəqillik illərində Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Respublikamızda təhsil artıq ümumdövlət işinin tərkib hissəsinə çevrilmişdir. Ölkəmizdə təhsil islahatının uğurla apartılmasını təmin edən mükəmməl normativ-hüquqi bazanın yaradılması, müxtəlif dövlət proqramları və layihələrin gerçəkləşdirilməsi, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən yeni mahiyyət və məzmun daşıyan zəruri sənədlərin qəbul edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunması sahəsində görülmüş işlər təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir güstərir.
Bu gün hər bir azərbaycanlı aydın hiss edir ki, milli təhsilimiz günü-gündən yeniləşir. Bu yenilik təhsil sistemimizin bütün pillələrində özünü göstərir, orta ümumtəhsil məktəblərində daha aydın hiss olunur. Ötən dərs ilində ölkənin təhsil sistemində aparılan sistemli iş, məqsədyönlü fəaliyyət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsinə öz layiqli töhfəsini vermişdir. Biz təhsil işçiləri öz təcrübəmizdə və gündəlik işimizdə aydın görür və əmin oluruq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsillə bağlı imzaladığı mühüm sərəncamların ardıcıl icrası ilə əlaqədar görülən tədbirlərin müsbət bəhrəsi ildən-ilə artır.
Məktəb tikintisi ilə bağlı dövlət proqramlarında qarşıya qoyulan mühüm vəzifələr artıq reallığa çevrilmişdir. Ulu öndər Heydər Əliyevin məktəb tikintisi, təhsilin maddi-texnikibazasının möhkəmləndirilməsi siyasətini dövlət başçısı İlham Əliyev əzmkarlıqla davam etdirir. Məktəb, körpələr evi tikintisi sahəsində Birinci vitse- prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir edilən tədris müəssisələrində bu gün yüz minlərlə şagird təhsil alır.
İndi artıq təhsilin məzmununun yeniləşməsinə xüsusi diqqət yetirilir və kurikulum islahatı məhz bu məsələyə xidmət edir. Müəllim hazırlığı və ixtisasının artırılması istiqamətində ciddi, məqsədyönlü işlər aparılır. Bütün bunlar bir daha təsdiq edir ki, yaxın gələcəkdə ölkəmizin təhsil sistemi tamamilə yeniləşəcək, bu isə yeniləşən Azərbaycanımızın gələcək inkişafının əsl mənada qarantıdır. Ardıcıl şəkildə həyata keçirilən islahatlar bu vacib strateji fəaliyyət sahəsinin inkişafına güclü təkan vermiş, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına əlverişli şərait yaratmışdır. Ötən müddət ərzində hər bir dərs ili ölkəmizdə əlamətdar hadisələrlə zəngin olmuşdur.
Təhsil Sektorunun İkinci İnkişaf Layihəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq, ötən dərs ilində ölkəmizdə V-XI siniflər üçün fənn proqramları (kurikulumları) təsdiq edilmiş, dərslik komplektlərinin, şagird nailiyyətlərinin qiymətləndirilməsinə aid müasir modellərin tətbiqi vəziyyətinə həsr olunmuş tədbirlər keçirilmişdir. Ümumi təhsilin məzmunu, dərslik siyasəti və təlim nailiyyətlərinin qiymətləndirilməsi sahəsində aparılan islahatyönümlü işlərin geniş təbliği təmin olunmuşdur. 
Respublikada gedən bu prosesləri nəzərə alan rayonun təhsil işçiləri 2017--2018-ci dərs ilində öz fəaliyyətlərini ümumi təhsilin inkişafı ilə bağlı islahatyönümlü tədbirlərin, təhsil sahəsində mövcud qanunların, milli kurikulumların, ümumi icbari orta təhsilin həyata keçirilməsi, rəhbər və pedaqoji kadrlarla işin daha da təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəbli gənclərin şəxsiyyət kimi hərtərəfli inkişaf etdirilməsi, onların sağlamlıq və hüquqlarının qorunması istiqamətində ardıcıl və səmərəli iş aparmışdır. Ötən dərs ili ərzində təhsilin bütün sahələrində bir sıra nəticələr əldə edilmişdir.
Zərdab Rayon Təhsil Şöbəsi ötən dərs ilində idarəetməni təkmilləşdirmiş, ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarətin bir forması kimi hərtərəfli və tematik monitorinqlər aparmış, şura iclaslarının hazırlanıb keçirilməsinə diqqəti artırmışdır. RTŞ-nin illik fəaliyyət planında 2017--2018-ci dərs ili üçün nəzərdə tutulan məsələlərin icrası təmin edilmişdir. 
Respublika Prezidentinin “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından sonra rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə hesabat ili ərzində respublikamızın digər regionlarında olduğu kimi, rayonumuzda da xeyli iş görülmüşdür. Ümumiyyətlə, son illərdə məktəblərimizin əsaslı təmiri həyata keçirilmiş, yeni müasir tipli məktəb binaları, uşaq bağçaları tikilmişdir. Ümumtəhsil məktəblərimizə, məktəbəqədər müəssisələrimizə yüksək keyfiyyətli avadanlıqlar, şagird partaları, yazı lövhələri, müəllim stol və stulları, məişət əşyaları, şkaf, yataq dəstləri və s. kompüterlər verilmişdir.
“2017--2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə”Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinin icrası ilə əlaqədar Zərdab Rayon Təhsil Şöbəsinin fəaliyyət planı hazırlanmış və dərs ili müddətində onun uğurlu icrası təmin edilmişdir. Hazırda rayonda 44 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 28-i tam orta, 10-u ümumi orta, 6-sı ibtidai məktəbdir. Bu məktəblərdə 7 min nəfərə yaxın şagird təhsil alır. Ümumtəhsil məktəblərində 987 nəfər pedaqoji işçi çalışır ki, onların 667 nəfəri ali, 320 nəfəri pedaqoji orta ixtisas təhsillidir.
Son 10 ildə rayonumuzda təhsilin inkişafına çox böyük diqqət və qayğı göstərilmiş və nəticədə 3092 şagird yerlik 19, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 şagird yerlik məktəb binaları tikilmişdir. 2 ümumtəhsil məktəbi, 1, 2, 3 nömrəli şəhər, Böyük Dəkkə, İsaqbağı, Dəli Quşçu və Dəkkəoba kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir edilmiş, Qoruqbağı kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmişdir. Zərdab şəhər 1 saylı məktəb-liseyinin əsaslı təmir işləri başa çatdırılmış, Alıcanlı və Burunlu kənd ümumi orta məktəblərində modul tipli binalar tikilərək istifadəyə verilmişdir
1 nömrəli məktəb-liseyin binasında əsaslı təmir işləri başa çatmaq üzrədir. Sarıqaya kənd tam orta, Hüseynxanlı kənd və şəhər ümumi orta, Siləyli, Nəzəralılı kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin quraşdırılmasına hazırlıq işləri aparılır. Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçası açılış üçün hazırdır. “32 hektar” adlanan ərazidə 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Prezident İlham Əliyevin 2018-ci ilin mart ayında imzaladığı sərəncamla rayon mərkəzində 1, Sileyli, Nəzallılı, Hüseynxanlı və Sarıqaya kəndlərində 5 modul tipli məktəb binasının tikilməsi planlaşdırılmışdır. 
Hesabat ilində məktəblilərin dərsliklərlə vaxtında təmin edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşılmış, ayrı-ayrı fənlər üzrə yeni nəşr olunan dərsliklərin vaxtında gətirilərək məktəblərə çatdırılması təmin edilmiş və bununla da məktəblərimizdə dərslik fondu artırılmışdır. 2017-2018-ci dərs ilinə hazırlıq mərhələsində Təhsil Nazirliyindən 199 adda 29869 ədəd pulsuz dərslik və müəllim üçün metodiki vəsait gətirilmiş, rayonun ümumtəhsil məktəblərinə paylanılmışdır. Rayonun ümumtəhsil məktəblərində təhsil alan aztəminatlı, valideyn himayəsindən məhrum şagirdlərdən 140 nəfərinə ötən il məktəbli formaları verilmişdir.
Son illərdə Prezident İlham Əliyevin sərəncamları ilə rayonun ayrı-ayrı təhsil müəssisələrində çalışan 11 nəfər “Əməkdar müəllim” adına, 6 nəfər “Tərəqqi” medalına layiq görülmüşdür. Bundan əlavə, 9 müəllim Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
Bütün bunlar təhsildə qazanılan uğurların davamlı olaraq artmasını təmin etmişdir. 2018-ci ildə attestat ­alaraq məzun olan 447 nəfərdən 220 nəfəri ali məktəblərə daxil olmaq üçün DİM-ə ərizə vermişdir. 2007-ci ildə cəmi 49 nəfər zərdablı gənc ali məktəbə qəbul olmuşdursa, 2018-ci ildə 447 məzundan 193 nəfəri, o cümlədən 171 builki məzun tələbə adını qazanmışdır. 11 məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. 2018-ci ildə tələbə adı qazanan məzunlarımızdan 21 nəfəri 500-dən, 30 nəfəri isə 400 baldan yuxarı nəticə əldə etmişdir. Rayonun 28 tam orta məktəbindən yalnız Yuxarı Seyidlər kənd tam orta məktəbindən ali məktəbə məzun qəbul olmamışdır. Rayonun ən yaxşı məktəbləri sırasında Qoruqbağı və İsaqbağı kənd tam orta məktəblərinin adları qeyd edilməlidir. 
Bugünlərdə rayonda keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında son bir ilin uğurlarına yekun vuruldu, yeni dərs ilinin başçıca vəzifələri müzakirə edildi. Toplantıda ali məktəblərə qəbul zamanı yüksək bal toplamış məzunlarımıza hədiyyələr verildi. Rayon müəllimləri Təhsil Nazirliyini və rayon icra hakimiyyətini əmin etdilər ki, təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı sahəsində qalan vaxtdan səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəkdir. Rayonun pedaqoji kollektivi yeni dərs ilində də gənc nəslin təlim-tərbiyəsinin yüksəldilməsində var qüvvəsini əsirgəməyəcəkdir.
Yeni dərs ilində 44 ümumtəhsil məktəbində 7062 nəfər şagirdin təhsil alacağı gözlənilir. I siniflərə 643 nəfərin, ötən dərs ilində əsas təhsili başa vuranlardan 447 nəfərin X siniflərə qəbul olunması proqnozlaşdırılmışdır. Qarşıdan gələn yeni dərs ilində də məktəblilərin vahid geyim formasında məktəbə gəlmələri üçün hazırlıq işlərinə başlanılmışdır. Zərdab Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq, rayonun təhsil müəssisələrində 2018--2019-cu dərs ili ərəfəsində bir sıra işlər görülmüşdür. 
Bu gün ölkədə Bilik Günü qeyd olunur. Ölkə müəllimlərini, onların yetirmələrini və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edir, ölkəmizin təhsil sisteminə yeni uğurlar arzulayıram. 
 

Lalə ƏMRƏLİYEVA,
Zərdab Rayon Təhsil Şöbəsinin müdiri

14 2018 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin