Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdabın bərəkətli payızı

Zərdabın bərəkətli payızı

Min illərdən bəri xalqımızın çörək təknəsi, ruzi bolluğu olmuş Aran torpağının başqa bölgələrində olduğu kimi, Zərdabda da diqqətçəkən özəllikləri var. “Zərdab” sözündə əksini tapmış yer üzünə çıxan acı sular tarixən bu yerlərdə əkin-biçini çətinləşdirmişdir. Yaz aylarında Kürqırağı sututarları basıb keçən güclü sellər, güneydən baş qaldıran çəyirtgə axınları isə çox vaxt əkinçinin əlini boşda qoyub. Lakin rayon ərazisindən qıvrıla-qıvrıla ötən Ana Kürün, Böyük Qafqazdan baş alıb gələn çayların bol suyu, hər cür məhsul hasilə gətirməyə imkan verən aran istisi on min hektarlarla xam torpaqlarda bolluq mənbəyi kimi zamanını gözləyib.

Əsr yarım bundan əvvəl Rusiyada ilk ali təhsil almış ziyalımız, təbiətşünas alim və maarifçi-demokrat Həsən bəy Zərdabi doğulduğu torpaqda yaşamağa məcbur olduğu illərdə bu yerlərin aqrar potensialını dərindən öyrənmiş, həmyerlilərinin firavan gələcəyini elmi əsaslarla qurulan intensiv təsərrüfatçılıqda, gəlirli texniki bitkilər əkilib-becərilməsində, cins maldarlığın və baramaçılığın inkişaf etdirilməsində görmüşdür. Şoran torpaqların yuyulması, Mingəçevir dəryaçasının yaradılması, Aranda suvarma kanalları şəbəkəsinin çəkilməsi ideyasını da ilk dəfə Həsən bəy irəli sürmüşdür. 
Böyük mütəfəkkirin bu arzu-istəkləri XX əsrin ikinci yarısına doğru gerçəkləşmişdir. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə isə onun kənd təsərrüfatının inkişafını intensivləşdirmək siyasətinə uyğun olaraq, Zərdab Aranın aqrar intibahının önünə çıxan rayonlardan olmuşdur. O illərdə rayonda suvarılan əkin sahələri genişləndirilmiş, müasir heyvandarlıq təsərrüfatları yaradılmışdır. Sovet dövrünün sonu, müstəqilliyin ilk addımlarında isə ölkədə baş vermiş dağıdıcı proseslər əldə edilmiş bütün bu nailiyyətləri bada vermişdir.
Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb ölkəni yeni yüksəlişə yönləndirəndən, kompleks aqrar islahatları gerçəkləşdirəndən sonra zərdablıların torpaqla ünsiyyəti yenidən canlanmışdır. Ümummilli liderin ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi regional inkişaf proqramları ümumi tərəqqi ilə yanaşı, müasir aqrar infrastrukturun yaradılmasına da təkan vermiş, digər bölgələr kimi, Zərdab da yeni yüksəliş yoluna çıxmışdır. Son bir neçə ildə dövlət başçısının təşəbbüsü və təşviqi ilə bölgələrdə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi prosesindən ən çox faydalanan rayonlardan biri də Zərdabdır.
Rayona budəfəki səfərimiz ilin bol məhsulunun toplanması mövsümünə təsadüf etdiyindən hər yerdə ölkə rəhbəri İlham Əliyevin himayəsi ilə gerçəkləşdirilən aqrar yüksəlişin diqqətçəkən mənzərəsi ilə rastlaşdıq. Son illərdə yenidən çəkilmiş və təmir edilmiş yollar boyunca sıralanan ağ pambıqlı tarlalar, çeşidli tərəvəz əkinləri, bir-neçə dəfə biçilmiş yoncalıqlar bu mövsümdə zərdablıların çəkdikləri gecəli-gündüzlü zəhmətin hədər getmədiyini sərgiləyirdi. Bugünlər fermerlər ailəliklə yetişdirdikləri bol məhsulu toplayıb sifarişçilərə, tədarükçülərə təhvil verir, anbarlara vururlar. Hər şeydən çox diqqətçəkən isə geniş əraziləri ağ örpəyə bürümüş pambıq tarlaları, yığılmış məhsulu daşıyan maşınlar, qəbul məntəqələrində qalaqlanan ağ qızıl təpələridir.
Dövlətin ənənəvi təsərrüfat sahələrinin inkişafına əsaslı dəstəyindən sonra rayonda pambıqçılıq da yeni inkişaf yoluna çıxmışdır. Son 4 ildə bu yüksək gəlirli bitkinin əkinləri genişlənmiş, bu il 2 min 264 hektara çatdırılmışdır. Bunun 1250 hektarını “P Aqro” MMC 147 torpaq mülkiyyətçisi ilə müqavilə bağlayaraq əkdirmişdir. MKT İK MMC isə 342 torpaq mülkiyyətçisi ilə 1014 hektarda pambıq əkinini təşkil etmişdir. 2018-ci ildə pambıq tədarükü 2016-cı ildəki 900 tona nisbətən 5,6 dəfə artaraq 2018-ci ildə 5000 tona çatmışdır. 666 istehsalçıya dövlət büdcəsinin vəsaiti hesabına 498 min 319 manat subsidiya verilmişdir. 
Pambıqçılığın dirçəlişi unudulmaqda olan bu sahənin mövcudluğunu xilas etmiş, on hektarlarla sahədə bol məhsul yetişdirən fermerlərin fəaliyyətinə meydan açmışdır. Onlardan bir neçəsi ilə görüşüb söhbətləşdik. Hamısı pambıq əkininə keçməklə gəlirini yüksəltdiyini məmnunluqla söylədi. 
Dəliquşçu kənd sakini Allahverdi Qəhrəmanov bu il fərdi qaydada 12 hektarda pambıq əkib. Sifarişçinin və Aqrolizinqin yerli filalının, suvarma idarəsi işçilərinin köməyi ilə tarlasını aqrotexniki qaydada becərib, bol məhsul hasilə gətirib. Fermer ilk açmış pambığı ailəlikcə toplayıb. Tam açmış məhsulun yığımı isə maşınla davam etdirilir. Hər hektardan 30 sentner olmaqla 30 ton məhsul gözlənilir. Bu 20-25 min manata qədər qazanc deməkdir.
Qaravəlli kəndində 70 hektarda bol pambıq yetişdirmiş, 200 tondan çox məhsul, 150 min manatadək qazanc gözləyən fermer təsərrüfatı rəhbəri Xaqani Əliyev özünün və rayon fermerlərinin məmnunluğunu belə ifadə etdi:
– Zərdab torpağı pambıq yetişdirmək üçün əlverişli bölgələrdəndir. Vaxtilə pambıq rayonumuzu ağ günlərə çıxartmışdı. Belə çətin becərilən ərazidə təkcə tərəvəz əkmək, heyvan saxlamaqla yüksək qazanc əldə etmək olmaz. Prezident İlham Əliyevin pambıqçılığın inkişafı üçün yaratdığı hərtərəfli şərait bu il də bol məhsul yetişdirməyə imkan verdi. Göstərilən bu dövlət qayğısına görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk.
Əvvəl də pambıq əkmək istəyirdik. Lakin nə kömək göstərən var idi, nə də məhsula yiyə duran. İndi torpağın əkinə hazırlanmasından, məhsuldar çiyidlə, texnika, su, gübrə ilə təminata və məhsulun yerindəcə alınmasına qədər hər iş qaydasına qoyulub. Ona görə də hər il pambıq əkinini genişləndirir, istehsalı artırırıq. Bu mövsümdə yetişdirdiyimiz pambığı son lopasınadək toplayıb nəzərdə tutduğumuz qazancı əldə edəcəyik.
Qoşaoba kəndində “MKT” İK MMC ilə müqavilə bağlayaraq 9 hektarda pambıq əkmiş Namət Qasımov, İsaqbağı kəndində həmin şirkətin sifarişi ilə 70 hektarda bol məhsul yetişdirmiş Fariz Hüseynov da dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı gerçəkləşdirdiyi işlərin uğurlu nəticələrindən dərin razılıqlarını ifadə etdilər.
Bugünədək rayonda 2 min 143 ton pambıq yığılmış, bunun 1351 tonu maşınla yığılmışdır.
Rayonda bitkiçiliyin digər sahələri də uğurla inkişaf etdirilir. Zərdab Rayon İcra Hakimiyyətinin arayışından öyrəndik ki, bu mövsümdə 18 min 715,5 hektardan 62 min 135 ton taxıl əldə edilmişdir. Bu, keçən ildəkindən 1985 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq keçən ilə nisbətən 1 sentner artaraq 33,2 sentner, adambaşına düşən taxılın miqdarı isə 25 kiloqram çoxalaraq 1 ton 54 kiloqram olmuşdur. Rayonun 3 toxumçuluq təsərrüfatında 490 ton elit taxıl yetişdirilmiş, məhsuldarlıq 38,3 sentnerə yüksəlmişdir.
2018-ci ildə min tona yaxın çəltik, 2900 tondan çox qarğıdalı istehsal edilmişdir. Cari ildə də bu sahələrdə yüksək nəticələr əldə olunması gözlənilir. Bu mövsümdə 205,3 hektarda kartof, 204 hektarda bostan, 184,5 hektarda tərəvəz məhsulları, 741,6 hektarda qarğıdalı, 88 hektarda şəkər çuğunduru, 210,5 hektarda çəltik, 103,6 hektarda günəbaxan əkilib-becərilmişdir. Təsərrüfat sahibləri indiyədək 39 min 647 sentner kartof, 67 min770 sentner bostan, 29 min 500 sentner tərəvəz məhsulları, 3 min 985 sentner qarğıdalı, 2 min 988 sentner şəkər çuğunduru, 201 sentner çəltik, 2 min 849 sentner günəbaxan əldə etmişlər. Məhsul toplanışı davam edir. 
Heyvandarlığın əsas yem bazası olan yonca sahələri son bir ildə 1013 hektar genişləndirilərək 20 min 511 hektara çatdırılmışdır. Yoncalıqlar bir neçə dəfə biçilmiş, kifayət qədər ot tədarük edilmişdir.
Ölkədə baramaçılığın inkişafına rəvac veriləndən sonra Zərdab rayonu bu sahədə liderliyi ələ almış, qabaqcıl təcrübə məktəbinə çevrilmişdir. Bu il kümçülər 1750 qutu (33 min 250 qram) barama qurdu qəbul edərək normal bəsləmə aparmış, nəticədə, keçən ildəkindən 11 ton 441 kiloqram çox olmaqla, 65 ton 321 kq barama tədarük edilmişdir. Bu, respublikada ən yüksək göstərici olmuşdur. 4 min nəfərə yaxın rayon sakini bu sahədə mövsümi iş qazanmışdır. 
Kümçülərin bu sahəyə marağını nəzərə alaraq rayon rəhbərinin təşəbbüsü ilə Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə 300 qutu barama qurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunmuş, kümçülərə paylanmışdır. Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə barama qurdunun saxlanması Zərdab rayonunda uğurla həyata keçirilmişdir.
Baramaçılığın inkişafına həsr olunmuş zona müşavirəsində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun bu sahədə qabaqcıl təcrübəsi və növbəti hədəflər barədə məlumat verərək bildirmişdir ki, rayon üzrə bu mövsümdə yay baraması ilə birlikdə barama tədarükü 2016-cı ilə nisbətən 12,5 dəfə artaraq 71 ton 539 kq təşkil etmişdir. Bu, respublika göstəricisinin 11,2 faizidir. Zərdab rayonu barama tədarükü sahəsində son 4 ildə yüksək nəticələrə nail olmaqla respublikada liderliyini qoruyub saxlamışdır. Kümçülər “Şəki-İpək” ASC-yə təhvil verilmiş 71 min 500 kiloqram baramaya görə 638 min manat qazanc əldə etmişlər. 
Aqrar sahənin inkişafında fəal rol oynayan köməkçi sahələrin də fəaliyyəti ildən-ilə genişlənir. Öyrəndik ki, rayonda aqroparkın yaradılması istiqamətində “Aqrobaz” MMC müvafiq işləri davam etdirir. Cəmiyyət bu mövsümdə 530 hektarda taxıl, 4 hektarda kartof, 1500 hektarda yonca, 355 hektarda pambıq, 375 hektarda qarğıdalı əkmişdir. Taxıl biçini başa çatmış, 1160 ton məhsul istehsal edilmişdir. “Aqrolizinq” ASC-nin Zərdab filialı fermerlərə güzəştli şərtlərlə gübrə və pestisidlərin satılmasını təmin etmiş, əlavə 1 traktor, 1 kotan, 1 çiyidsəpən, 1 kultivator, 3 taxılbiçən kombayn, 6 yedək qoşqusu, 1 çöpdoğrayan aqreqat almışdır. 
Göründüyü kimi, Zərdab rayonunda aqrar sahə hərtərəfli inkişaf yolundadır. Bu tərəqqi əhalinin məşğulluğunu, rifahını və güzəranını əsaslı surətdə yüksəldir, ümumi məmnunluğu və sabaha inamı daha da artırır.

 

Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV, 
“Xalq qəzeti”

 

10 Oktyabr 2019 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə