• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda yüksək balla tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Sumqayıtda yüksək balla tələbə adını qazanmış məzunlarla görüş keçirilib

Bu il qəbul imtahanlarında iştirak edən 2256 sumqayıtlı abituriyentdən 1739-u uğurlu nəticə göstərərək tələbə adını qazana bilmişdir. Beləliklə də, şəhər üzrə bu göstərici 77,1 faiz təşkil etmişdir. 
Yüksək balla ölkənin aparıcı universitetlərinə qəbul olunmuş məzunlarla görüşdən əvvəl  Sumqayıt Dövlət Dram Teatrının foyesində şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbir populyar “Məktəb illəri” və “Tələbə”  mahnılarının ifası ilə başlanıb. Sonra 650 bal və daha yüksək nəticə göstərmiş abituriyentlərin şəkillərindən ibarət fotoqalereya nümayiş etdirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında daha böyük uğurlar diləyib.   
Zakir Fərəcov ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahəyə dövlət başçısı tərəfindən daim yüksək prioritet verildiyini vurğulayıb. O qeyd edib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır. Ölkə üzrə ən yaxşı qəbul faizi göstərmiş Sumqayıt şəhərinin təhsil ailəsi, bir qayda ­olaraq, bu qayğıya yeni-yeni nailiyyətlərlə cavab verir.    
Görüşdə bildirilib ki, qəbul imtahanlarında iştirak edən məzunların (I-IV qruplar üzrə) 461 nəfəri, yəni  21 faizi 500-dən, o cümlədən 211 nəfəri, yəni təxminən 10 faizi 600-dən yuxarı bal toplaya bilmişdir. Ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 44 nəfər artmışdır. Prezident təqaüdünə layiq görülən tələbələrdən 7 nəfəri Sumqayıt yetirməsidir. Onlardan 2-si, TETG məzunları olan Əsra Bayramova və Cahan Haşımova 700 bal nəticə göstəriblər.  
Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr, qabaqcıl müəllimlərə isə fəxri fərmanlar verilib. Fərqlənənlərin arasında icra hakimiyyəti başçısına bir vaxtlar dərs demiş Əməkdar müəllim Camal Əbişov da vardır. 
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

14 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin