Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti şəhid ailələrinin dayağıdır

Azərbaycan Prezidenti şəhid ailələrinin dayağıdır

Son illər əhalinin sosial müdafiəsi ilə bağlı görülən işlər, aparılan islahatlar öz tutumu ilə xüsusi seçilir. Azərbaycanın bütövlüyü uğrunda canını qurban verənlər və əlil olanlar daim dövlətin diqqət mərkəzində saxlanılır, onların və ailələrinin problemlərinə xüsusi qayğı göstərilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin təqdimatı mərasimində dövlətimizin başçısına məlumat verdi ki, nazirlik ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə hədiyyə verilib. Mənzil hədiyyə alanlardan biri--Həvva Abbasova sevinc hisslərini gizlətmədi.

--Azərbaycan torpaqlarının təhlükədə olduğu o illərdə hər kəs bildiyi kimi mübarizəyə qalxdı. Əli qələm tutan informasiya, silah tutanlar döyüş meydanında öz cəsarət və güclərini sınadılar. Həyat yoldaşım Qurbanəli Dadaşov torpaqlarımızın qorunması naminə canını qurban verib. Beş uşaqla tək qalmışam. Biz Gədəbəydən olsaq da, həyat yoldaşım 48 yaşında könüllü olaraq Gədəbəydə deyil, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O canını Vətənə qurban demiş, uğrunda ölərsə, özünü xoşbəxt sayacağını bildirmişdi. Hələ 1990-cı ildə, qanlı 20 Yanvar gecəsində də əliyalın tank qabağına çıxanların arasında olmuşdu. Və həyatlarını itirən gəncləri görüb özünün sağ qalmasına təəssüflənmişdi.

Qurbanəlinin bacısı oğlu, ailənin yeganə övladı Sərdar Əhmədov 24 yaşında Ağdamda şəhid olandan sonra anası cəbhəyə vuruşmağa getdi. Bunu eşidən həyat yoldaşım da bir an belə düşünmədən könüllülərə qoşuldu. “Vətən, torpaq sevgisi hər şeydən üstündür”,-- deyərək bu amal uğrunda Füzulinin Seyidəhmədli kəndində şəhid oldu.

Dövlətimiz bütün şəhid ailələrinə həmişə diqqət göstərib, qayğılarının, problemlərinin  nəzarətdə saxlanması üçün göstərişlər, tapşırıqlar, tövsiyələr verib. Mənzillərin təqdimatında cənab Prezident İlham Əliyev dedi: “Son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. ...Bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, – mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”.

Şəhid ailələrinin, eləcə də Böyük Vətən müharibəsi, Qarabağ döyüşləri iştirakçılarının sosial müdafiəsinin gücləndiriməsi ölkə başçısının, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqətindən heç vaxt kənarda qalmayıb. İldən- ilə ailəmizə verilən müavinətin artırılması artıq ənənə halını alıb. Bu diqqət və qayğı yetişən gənc nəsil üçün də çox yaxşı örnəkdir. Onlar da görürlər ki, Vətənin müdafiəsi, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirənlər, canını qurban verənlər heç vaxt unudulmurlar.

Mənzilin açarı mənə təqdim ediləndə sevincimdən nə edəcəyimi bilmirdim. Cənab Prezident İlham Əliyevi Bağrıma basdım. Allah onu qorusun. Ailəsini qorusun. Cənab Prezident də, onun xanımı, Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva da biz şəhid ailələrinin dayağıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

3 2018 12:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə