• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli təhsil: ənənə və çağırışlar

Milli təhsil: ənənə və çağırışlar

Həyat üçün hava – su nə qədər lazımdırsa, hər bir xalqın tərəqqisi üçün elm və təhsil də bir o qədər zəruridir. Çünki elm, işıqdır. İnsan gözsüz kor olduğu kimi, cəmiyyət də elmsiz, təhsilsiz zəlil vəziyyətinə düşür.
Dünyada, yəqin ki, elə bir millət, elə bir xalq tapmazsan ki, elmi, təhsili inkar etsin. Lakin heç də hər bir ölkə bu sahədə davamlı uğurlar əldə edə bilmir. Bunun üçün müdrik siyasət, gərgin səylər lazımdır. Tarixdə belə çətin və şərəfli missiyanı böyük tarixi şəxsiyyətlər öz üzərlərinə götürürlər. Xalqının, dövlətinin irəli getməsi üçün elmə, təhsilə böyük önəm verən, bu istiqamətdə ciddi və davamlı uğurlara nail olan görkəmli dövlət xadimlərindən biri də ulu öndər Heydər Əliyev idi. Bu dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərib. Hər kəsə yaxşı bəllidir ki, ölkəmiz təhsildə əldə etdiyi böyük uğurlara görə, ilk növbədə, ulu öndərə borcludur. 
Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərin əvvəllərindən başlayaraq, hər il yüzlərlə istedadlı azərbaycanlı gənc keçmiş Sovet Ittifaqının nüfuzlu ali təhsil ocaqlarına göndərilirdi. Bu gənclər təhsillərini başa çatdırandan sonra yüksək ixtisaslı mütəxəssislər kimi Vətənə qayıdır, respublikamızın sürətli inkişafına öz töhfələrini verirdilər. 
Keçmiş SSRİ-də müttəfiq respublikaların rəhbərlərinin heç biri bu sahədə Heydər Əliyev qədər milləti üçün canıyananlıq və fədakarlıq göstərmirdi. Xoşbəxtlikdən, o illərdə təhsilini Moskvada davam etdirən tələbələrdən biri də mən idim. Yadımdadır, Heydər Əliyevin azərbaycanlı tələbələrə atalıq qayğısı göstərməsi başqa respublikalardan olan tələbə yoldaşlarımızda təəccüb, heyrət, bəzən də  qısqanclıq hissi doğururdu. Dəfələrlə onların dilindən “kaş bizim də Heydər Əliyev kimi rəhbərimiz olaydı!” sözlərini eşitmişdim.  
Moskvada ulu öndərin təhsilin inkişafına böyük önəm verdiyi çox adama bəlli idi. Şahidi olduğum bir hadisəni nəql etmək istəyirəm. 1982-ci ilin noyabrın ortaları idi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasında keçirilən iclasa kafedranın aspirantı kimi mən də dəvət olunmuşdum. 
İclasın başlanmasına bir neçə dəqiqə qalırdı. Bir gün əvvəl isə uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əlirza oğlu Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Təbii ki, buna çox sevinirdim. Nə gizlədim, üz-gözümdən xoşbəxtlik, bəxtiyarlıq yağırdı. Zarafat deyildi, xalqımızın dahi oğlu böyük bir dövlətin ali rəhbər vəzifələrindən birinə irəli çəkilmişdi.    
Kafedranın müdiri, professor Dastyuk bakılı olduğumu biləndə dedi ki, şəxsən o, görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büroya üzv seçilməsini dərin rəğbətlə qarşılayıb. Axı, Heydər Əlirza oğlu olduqca müdrik və yüksək enerjili bir siyasi xadimdir.  
Professor Dastyuk sonra qeyd etdi ki, Heydər Əliyev Azərbaycanı ölkənin ən inkişaf etmiş respublikalarından birinə çevirə bilib.  Onun ən böyük xidmətlərindən biri isə odur ki, Azərbaycanda elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı göstərib.  
Kafedranın digər pedaqoqları da bu söhbətə qoşuldular. O illərdə siyasi və iqtisadi həyatında problemlər yaşanan böyük bir ölkəyə Heydər Əliyev kimi müdrik siyasətçilər çox lazım idi. Bunu keçmiş SSRİ-də dərk edir və bu mühüm təyinata böyük ümidlər bəsləyirdilər. Təkcə erməni şovinistləri bu xəbərdən sonra  yasa batmışdılar. 
Yadımdadır, kafedranın nisbətən gənc müəllimi qeyd etdi ki, bir vaxtlar azərbaycanlılar Moskada daha çox mer-meyvə, gül-tərəvəz alverçiləri kimi tanınırdılar. İndi təkcə Moskva Dövlət Universitetində yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Digər pedaqoqlar da azərbaycanlı tələbələrin çalışqan olduqlarını, ədəb və davranışları ilə fərqləndiklərini söylədilər. 
Dünya şöhrətli bu nüfuzlu ali təhsil ocağının pedaqoqlarının dilindən bu səmimi sözləri eşidəndə, təbii ki, dünyalar qədər sevinirdim. Heç kəsə sirr deyildi ki, o illərdə biz tələbə və aspirantlar özümüzü Heydər Əliyevin mənəvi övladları hesab edir, ulu öndərin tövsiyə etdiyi kimi, təhsil aldığımız ali məktəblərdə yaxşı oxumağa, mükəmməl bilik almağa çalışırdıq.   
Moskvada  oxuyan tələbə yoldaşlarımın  çoxu sonralar görkəmli alim və mütəxəssis kimi yetişdi. Belə gənclərdən biri də Moskva Dövlət Universitetinin psixologiya fakültəsində təhsil almış Rauf Qaragözov idi. O, 1980-ci illərin sonlarında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda iki il Vaşintondakı elmi kitabxanalarda çox sayda elmi məxəzləri araşdırıb ermənilərin qatı millətçi ruhda tərbiyə alaraq böyümələrinin səbəblərini araşdırdı. Gəldiyi əsas qənaət bu oldu ki, ermənilər əsrlər boyu Eçmiədzin kilsəsinin radikal dini təbliğatının əsirinə çevriliblər. Ermənilərin kollektiv yaddaşı məhz buna görə başqa xalqlara, ilk növbədə, türklərə və azərbaycanlılara qarşı nifrət ruhunda formalaşıb. 
Rauf Qaragözov həmin dönəmdə və sonrakı ilərdə bu məsələ ilə bağlı rus və ingilis dillərində bir çox dəyərli elmi araşdırmalar yazaraq ortaya qoydu. Onun bu istiqamətdəki elmi və publisistik yazıları bu gün də dünyanın çox yerində dərin maraqla qarşılanır.  
Hazırda R.Qaragözov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışır. Psixologiya elmləri doktorudur. Dahi siyasətçi Heydər Əliyevin digər “mənəvi övladları” kimi, Rauf müəllim onun həyatındakı böyük rolunu hər zaman dərin qədirbilənlik hissi ilə xatırlayır. Fəxrlə deyir ki, Heydər Əliyev tərəfindən minlərlə başqa gənc kimi, Moskva Dövlət Universitetində təhsil almağa göndərilməsəydi, heç vaxt Vaşinqtona gedib orada dərin elmi araşdırmalar apara bilməzdi.  
Ulu öndər artıq müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən milli dövlətçilik quruculuğunda milli təhsilimizin hərtərəfli inkişafına bir an azalmayan böyük diqqət və qayğı göstərdi. Məhz ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənib hazırlandı və davamlı işlər görüldü.  
Nə yaxşı ki, bu gün ulu öndərin elm və təhsilin inkişafı ilə bağlı siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq yaradıcı şəkildə davam etdirilir. Son 15 ildə Azərbaycanda yüzlərlə məktəb binası inşa edilib, köhnə təhsil ocaqları əsaslı şəkildə bərpa olunub. 
Azərbaycan təhsilinin təkcə maddi-texniki bazası gücləndirilməyib, tədris müəssisələrinin gənc, savadlı müəllimlərlə təmin olunması sahəsində uğurlu işlər görülüb. Bu günlərdə yolum düz 45 il əvvəl bitirdiyim doğma məktəbə – Quba rayonun Birinci Nügədi kənd orta məktəbinə düşdü. Bu təhsil ocağı rayonun ən qədim və qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbin məzunları arasında çox sayda elm və istehsalat qabaqcılı, alim və mütəxəssis var. Şəhid Zəki Kərimovun adını daşıyan təhsil ocağının yüzlərlə məzunu Qarabağ uğrunda ağır döyüşlərdə igidliklə  döyüşüb, hünər göstərib. Onlardan doqquz nəfəri ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Məmmədova ilə son illər ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə xeyli söhbət etdik. Fəxrlə dedi ki, hazırda orta məktəblərdə təhsil və tədrisdə keyfiyyət dəyişiklikləri baş verir. Pedaqoqlar öz bilik və bacarıqlarını daim təkimləşdirməyə çalışırlar. Ölkəmizdə təhsil sahəsində baş verən pozitiv dəyişikliklər pedaqoji kollektivlərin istedadlı və fədakar gənc müəllimlər hesabına formalaşdırılmasına şərait yaradır. 
Bu il ali məktəblərə keçirilən test sınaq imtahanlarında məktəbin məzunları yüksək nəticələr əldə ediblər. Məktəbin direktoru 677 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə dövlət ödənişi hesabına qəbul olunan Aydan Səbuhi qızının adını xüsusi fəxrlə çəkdi. 
Aydandan “uğurunun düsturu”nu açmasını və ən böyük arzusunun nə olduğunu soruşanda onun cavabı lakonik oldu: 
– Oxumaq, oxuduqlarını dərindən dərk edərək, xalqa, millətə fayda gətirmək arzusu! 
Aydan söylədi ki, uğurlarına görə müəllimlərinə və valideynlərinə borcludur. Hər zaman onların dəstəyini, inam və etimadını hiss edib.
Aydan hüquq elmini və ingilis dilini mükəmməl öyrənib, Qarabağda zorakılıqlar törədən erməni quldurlarının cinayət əməllərini sübuta yetirmək arzusundadır. Uğurlar olsun! 
Bu gün sentyabrın 15-dir. Azərbaycan məktəblərinin bir qismində, daha doğrusu, tədrisin altı gün olduğu tədris ocaqlarında bu gün ilk dərslər başlanır. Təbii ki, şagirdlər də, müəllimlər də doğma məktəb üçün darıxıblar. Bəli, onların hər biri üçün bu gün əsl bayramdır. 
Bakının Sabunçu rayonudakı 169 saylı məktəbin direktor müavini Fərman Əmirov bildirdi ki, yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. Onun fikrincə, bu mövzuların hər birinin dərin rəmzi mənası var. Bu mövzular bir daha onun göstərir ki, milli təhsilimiz öz tarixi ənənlərinə sadiqdir. Bəli, Azərbaycan xalqı şanlı keçmişinə, şərəfli tarixinə hörmətlə yanaşır. 
Fərman Əmirov ixtisasca tarix müəllimidir. 10 il əvvəl Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Peşəsinə qəlbən bağlı olan fədakar pedaqlardandır.  Əvvəlcə Yeni Günəşli qəsəbəsindəki 279 saylı məktəbdə çalışıb. Hazırda direktor müavini kimi çalışdığı vəzifəyə ötən il müsabiqə yolu ilə təyin olunub. Əməyi, bacarığı qiymətləndirib irəli çəkildiyi üçün sevinir. 
Fərman müəllim inanır ki, Azərbaycan təhsili dünyanın ən yaxşı təhsil sistemindən birinə çevriləcək. Qarşıda böyük vəzifələr durduğunu düşünür. Onun fikrincə, pedaqoqlar, ilk növbədə, şagirdlərə müstəqil düşünməyi aşılamalıdırlar.  Onlar məktəbdə və həyatda sərbəst qərar qəbul etməyi bacarmalıdırlar. 
Fərman müəllim inanır ki, Azərbaycan təhsili bu çağırışların öhdəsindən uğurla gələcək. Axı təhsildə hazırda keyfiyyət dəyişiklikləri baş verir. Təhsilin aparıcı qüvvəsi olan bilikli, savadlı pedaqoqlara inam və etimad artıb. Bu həm də böyük məsuliyyət deməkdir. 
 

Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

14 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin